Məhkəmə qərarları › İş №e-2(042)-888/2025

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(042)-888/2025

17.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № e-2(042)-888/2025 17.07.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi tələbi barədə” kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iş (açar sözlər: mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr maddi ziyanın ödənilməsi mübahisələr) Gədəbəy Rayon Məhkəməsinin hakimi Rəsulov Zamiq Akif oğlu, İddiaçı (MMC) Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi tələbi barədə” tələbinə dair ərizəsinə kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. Mülki işin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh qarşı (bundan sonra – cavabdeh) qarşı “vurulmuş maddi ziyanın ödənilməsi tələbi barədə” tələbi barədə kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 3.628,67 manat və mediasiya xərci üçün ödənilmiş 60 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizəsini onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli əmək müqaviləsi ilə o satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2023-cü il tarixli 175 saylı əmrlə administrator vəzifəsinə keçirilmiş və “X3” haqqında müqavilə imzalanmışdır. xx.xx.2025-ci il il tarixli 4-x saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2024-cü il tarixində İddiaçı MMC-nin – OBA Gəncə 45 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, xx.xx.2024-cü il tarixli “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 3.918,98 manat, xx.xx.2024-cü il tarixli “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 3.908,77 manat məbləğində zərər vurması məlum olmuşdur. Sözügedən inventarizasiya yoxlamaları şəxsən Cavabdeh iştirakı ilə keçirilmiş, iltizamnamələrə imza atmaqla kəsr gələn mallara heç bir etiraz bildirməmişdir. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 3.628,67 manat borc qalmışdır. Beləliklə Cavabdeh hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 3.628,67 manat borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Həmçinin işin mediasiya mərhələsində həll edilməsi üçün Cavabdeh ünvanına xx.xx.2025-ci il tarixində mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmişdir. Mediasiya mərhələsində tərəflər arasında barışıq olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar.

II. Məhkəmə baxışının hədləri:

3. Mülki Prosessual Məcəllənin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. -284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.

İİİ. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

4. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir.

5. Belə ki, mülki iş materiallarında olan; - İddiaçı MMC-nin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Cavabdeh Mayıl oğlu ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında xx.xx.2024-cü il tarixində 3.918,98 manat və xx.xx.2024-cü il tarixində 3.908,77 manat çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə satış dövriyyəsini qarşıladığı üçün müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləği əskik gəlmələrə görə ümumi olaraq 3.628,67 manat borcu qalmışdır. Beləliklə Cavabdeh Mayıl oğlunun 06 may 2025-ci il tarixinə "xxxx" MMC-ə olan ümumi borcu 3.628,67 manat təşkil edir. - İddiaçı MMC-nin xx.xx.2023-cü il tarixli 025/İQ saylı əmrindən çıxarışdan və xx.xx.2023-cü il tarixli Əmək müqaviləsinin surətindən görünür ki, Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış şöbəsinə xx.xx.2023-cü il tarixdən satıcı-kassir vəzifəsinə işə qəbul edilmişdir. - İddiaçı MMC-nin xx.xx.2023-cü il tarixli 175 saylı əmrindən çıxarışına əsasən Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış şöbəsində xx.xx.2023-cü il tarixdən administrator vəzifəsinə keçirilmişdir. - İddiaçı MMC-nin xx.xx.2025-ci il tarixli 4-x saylı əmrindən çıxarışına əsasən Cəmiyyətin Satış Departamentinin Satış şöbəsinin administratorunun (Cavabdeh) əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdən ƏM 68.2-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. - İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli X3 haqqında müqaviləyə əsasən (əmək müqaviləsinə əlavə) maddi məsul şəxs Cavabdeh işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürür. - xx.xx.2024-cü il tarixli Aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun akta və xx.xx.2024-cü il tarixli “Oba Gəncə 45” filialında aparılmış növbədənkənar inventarizasiya nəticələrinə dair yekun akta əsasən, Cavabdeh 3.918,98 manat borc öhdəliyi yaranmışdır. - xx.xx.2024-cü il tarixli Aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun akta və xx.xx.2024-cü il tarixli “Oba Gəncə 45” filialında aparılmış növbədənkənar inventarizasiya nəticələrinə dair yekun akta əsasən, Cavabdeh 3.908,77 manat borc öhdəliyi yaranmışdır. - İddiaçı MMC-nin İnventarizasiya şöbəsinin X1 əsasən, Cavabdeh iştirakı ilə kənarlaşması olan mallara dair məlumatlar və sənədlər sistem üzərindən təkrar nəzarət qaydasında tam yoxlanılmışdir. Həmin Akt maddi-məsul şəxs Cavabdeh tərəfindən imzalanmışdır. - xx.xx.2025-ci il tarixli İmtina aktından görünür ki, İddiaçı MMC-nin Gənc şəhəri, Ş.İ.Xətai pr., 97 ünvanında yerləşən “Oba Gəncə 45” mağazasında, həmin mağaza üzrə maddi məsul şəxs Cavabdeh iştirakı ilə xx.xx.2024-cü il tarixi vəziyyətinə inventarizasiya keçirilmiş, inventarizasiya nəticəsində çatışmamazlıqlar aşkar edilmiş və bu barədə müvafiq sənədlər toplanılmışdır. Maddi məsul şəxs Cavabdeh inventarizasiyanın aparılmasında iştirak etmiş, lakin araşdırmanın nəticələri ilə tanış olmamışdır və heç bir əsaslı səbəb bildirmədən ilkin və yekun sənədləri imzalamaqdan və əksikgəlmələrin (- 3.908,77 AZN) yaranması səbəbləri barədə izahat verməkdən imtina etmişdir. - xəbərdarlıq məktublarından görünür ki, iddiaçı cavabdehə 3 gün müddətində borcun ödənilməsini təklif edərək, əks təqdirdə müvafiq hüquqi tədbirlər həyata keçiriləcəyini bildirmişdir.

6. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir.

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.

9. İş maretiallarından müəyyən edilir ki, Cavabdeh İddiaçı MMC Satış Departamentinin Satış şöbəsinə xx.xx.2023-cü il tarixdən satıcı-kassir vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2023-cü il tarixdən Cəmiyyətin Satış Departamentinin Satış şöbəsində administrator vəzifəsinə keçirilmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli X3 haqqında müqaviləyə əsasən maddi məsul şəxs Cavabdeh işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürmüşdür. İddiaçı MMC tərəfindən Cavabdeh çalışdığı “OBA-Gədəbəy” mağazasında aparılan xx.xx.2024-cü il tarixli yoxlama zamanı 3.918,98 manat, xx.xx.2024-cü il tarixli yoxlama zamanı 3.908,77 manat ziyan vurulması, əskiklik müəyyən edilmişdir.

10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; - 21-ci maddəsinin tələbinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 1096-cı maddəsinin tələblərinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

11. Azərbaycan Respublikası Əmək Məcəlləsinin; - 191-ci maddəsinin 1-ci hissəsinə əsasən, Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. - 194-cü maddəsinə əsasən, ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. - 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X3 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. - 202-ci maddəsinin 1-ci hissəsinə əsasən, işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir.

12. İş materiallarına əlavə edilmiş sənədlərdən göründüyü kimi, Cavabdeh əmək müqaviləsi üzrə öhdəliklərini düzgün və lazımi qaydada yerinə yetirməyərək işəgötürənə maddi zərər vurmaqla nəticələnən pozuntulara yol vermişdir. Belə ki, işəgötürən tərəfindən aparılmış müvafiq inventarizasiya araşdırması nəticəsində işçinin öz vəzifə təlimatını, habelə əmək funksiyalarını pozaraq işəgötürənə ümumilikdə 7.827,75 manat məbləğində maddi ziyan vurması müəyyən edilmişdir. İddiaçı tərəfindən cavabdehə müvafiq güzəştlər tətbiq olunmaqla cavabdehdən vurulmuş ziyana görə 3.628,67 manat məbləğində pul tutulması tələb edilmişdir. Qeyd edilən ziyanın ödənilməsi barədə işçiyə xəbərdarlıq olunmuş, lakin işçi tərəfindən vurulmuş zərər məhkəmədənkənar qaydada ödənilməmişdir. İşçi və işəgötürən arasında bağlanmış X3 haqqında müqavilə işəgötürənə işçinin vurmuş olduğu zərərin tam həcmdən ödənilməsini tələb etmək hüququ verir.

13. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin olunmalı, Cavabdeh 3.628,67 manat məbləğində maddi ziyan tutulub İddiaçı MMC-nin hesabına ödənilməlidir.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

15. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

16. “X2 Azərbaycan Respublikası Qanunu”nun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda məhkəməyə iddia ərizəsi verilməsi üçün 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir.

17. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə hesab edir ki, ödənilmiş mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

IV. Nəticə:

18. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. Cavabdeh 3.628 (üç min altı yüz iyirmi səkkiz) manat 67 (altmış yeddi) qəpik məbləğində maddi ziyan tutulub İddiaçı hesabına ödənilsin. Cavabdeh ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 60 (altmış) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı hesabına ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.

Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar