Məhkəmə qərarları › İş №e-2(042)-966/2025

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(042)-966/2025

12.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № e-2(042)-966/2025 12.08.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qasımov Fuad Kamil oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2823/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, Cavabdeh hər ay qazancının (gəlirini) 1/4 hissəsi miqdarında alimentin onun xeyrinə tutulması, həmçinin ödənilmiş 60 manat mediasiya xərcinin və hüquqi yardım üçün ödənilmiş 325 manatın alınaraq, ona verilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, iddaçı ilə cavabdeh xx.xx.2021-ci il tarixdə nikah bağlamışlar. Onların ailə münasibətlərindən xx.xx.2022-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə hər ay 650 manat alimentin Cavabdeh alınaraq, iddaçıya verilməsi qərara alınmışdır. İddiaçı həmin qətnamə ilə təyin edilmiş aliment ilə uşağın təminatını ödəməkdə çətinlik çəkir.Hazırda uşağın həkim və dərman xərcləri var. Cavabdeh bankda işləyir və 2023-cü ildən onun maddi vəziyyəti daha da yaxşılaşmışdır. Ona görə də iddia tələbinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz etmiş, izahat verərək, bildirmişdir ki,o, iddiaçı ilə 2021-ci il tarixdə nikah bağlamışdır. Birgə nikah münasibətlərindən xx.xx.2022-ci il tarixdə X4 doğulmuşdur. İddiaçı ilə aralarında yaranmış narazılığa görə ayrılmışlar. Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinin qətnaməsi ilə uşaqın saxlanılması üçün ondan hər ay 650 manat alimentin alınaraq, iddaçıya verilməsi qərara alınmışdır. O, hazırda yenidən nikah bağlamış və həmin nikahdan bir övladı doğulmuşdur. Həmin ailənin saxlanması xərcləri onun üzərinə düşür. O, hazırda iki uşaq saxlayır. Əməkhaqqısı vergilər və digər tutulmalar çıxmaqla 3600 manatdır və iki uşağa görə alimentin miqdarı gəlirlərin 1/3 hissədə olması nəzərə alınmaqla hər uşağa görə 550-600 manat olur. Həmçinin valdeyinləri onun himayəsində yaşayırlar və onlar heç bir yerdə işləmirlər. Ona görə də iddia tələbinin təmin edilməməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. İşdə olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(001)- 2823/2023 saylı qətnaməsindən görünür ki, xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması Cavabdeh hər ay 650 manat ailmentin alınaraq, X6 verilməsi qət edilmişdir. İşdə olan X2 surətindən görünür ki, Cavabdeh və X10 07 may 2024-cü il tarixdə nikah bağlamışlar. İşdə olan X3 surətindən görünür ki, Cavabdeh və X7 nikah münasibətlərindən 02 fevral 2025-ci il tarixdə X5 doğulmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını və işdə olna sənədləri təhqiq edərək, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin Ailə Məcəlləsinin 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: - 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; - 2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; - 3 və daha çox uşağa görə - qazancın (başqa gəlirlərin) yarısı. Məcəllənin 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, cavabdeh iddiaçı ilə ailə münasibətlərinə xitam verdikdən sonra, yenidən nikah bağlamış, həmin nikahdan da bir övladı doğulmuşdur. Yəni, o, hazırda faktiki olaraq iki uşaq saxlayır və bu hal birinci uşağa görə aliment təyin edildikdən sonra onun onun maddi vəziyyətinin yaxşılaşması halı kimi qiymətləndirilməməlidir. Bundan başqa, cavabdeh hazırda bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçıya 2025-ci ildə uşaq üçün nəzərdə tutulmuş yaşayış minimumundan 2,5 dəfə artıq aliment ödəyir və məhkəmənin qənaətinə görə uşağın tələbatlarını ödəmək üçün kifayət edir. Ona görə də iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci, 227 və 233 maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilməsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar