Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(043)-1065/2022 25.04.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlu, İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borc tələbi” barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, müəyyən etdi: İddiaçı BOKT "xxxx" QSC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 13 noyabr 2020-ci il tarixli, 060-EMB-1741-20 saylı krеdit müqaviləsi üzrə əsas borcu 606 manat, cərimə borcu 90,90 manat, 03 mart 2021ci il tarixli, 060-EMB0147-21 saylı krеdit müqaviləsi üzrə əsas borcu 1980 manat, cərimə borcu 297 manat, həmçinin iddia ərizəsinə görə ödənilmiş 50,14 manat dövlət rüsumunun əvəzi, ümumilikdə 3024,04 manat borcun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh18 ay müddətinə qaytarılmaq şərti ilə 778 manat məbləğində krеdit vеrilmiş və bununla bağlı iddiaçı ilə cavabdeh arasında 13 noyabr 2020-ci il tarixli, 060-EMB-1741-20 saylı Krеdit Müqaviləsi bağlanmışdır. X1 Kredit Təşkilatı «Embafinans” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 03 mart 2021-ci il tarixli, 060-EMB-0147-21 saylı Kredit Müqaviləsinə əsasən 18 ay müddətinə qaytarılmaq şərti ilə 1980 manat məbləğində kredit verilmişdir. Krеdit Müqavilələrinin 2.1.1-ci bəndinə əsasən “Borcalan” Müqaviləyə və onun əlavələrinə uyğun olaraq ödəniş məbləğlərini ödəmədikdə və ya vaxtında ödəmədikdə “Borcverən” kreditin vaxtından əvvəl tam ödənilməsini tələb edə bilər. Həmin müqavilələrin 2.4.5-ci bəndinə əsаsən kredit məbləğinin qaytarılması Müqaviləyə uyğun olaraq aparılmadıqda və ya ödənilmədikdə “Borcalan” özünün şəхsi əmlаkı hеsаbınа bоrcun ödənilməsini təmin еtməlidir. Hal-hazırda Cavabdeh iddiaçıya 24.02.2022-ci il tarixə 03 mart 2021-ci il tarixli, 060-EMB-0147-21 saylı Krеdit Müqaviləsi üzrə əsas borcu 1980.00 manat, faiz borcu 0 manat, cərimə borcu 297 manat, 13 noyabr 2020-ci il tarixli, 060-EMB-1741-20 saylı Krеdit Müqaviləsi üzrə əsas borcu 606 manat, faiz borcu 0 manat, cərimə borcu 90.90 manat olmaqla hər iki kredit müqaviləsi üzrə ümumi borcu 2973,90 manat təşkil edir ki, bu borcunda cavabdeh tərəfindən ödənilməsi təmin edilməlidir. Bоrcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət оlunmasına, məsələnin məhkəmədən kənar qaydada həll еdilməsi üçün mümkün оlan bütün tədbirlərin görülməsinə baхmayaraq, Cavabdeh götürdüyü bоrcun qaytarılması üçün hеç bir təşəbbüs göstərməmişdir. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş BOKT "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış 13.11.2020-ci il tarixli, 060-EMB-1741-20 saylı müqavilədən görünür ki, QSC Cavabdeh mebel almaq məqsədi ilə illik 0 faiz dərəcəsi ilə 18 ay müddətinə 778 manat məbləğində kredit vermişdir. Həmçinin iş materiallarına əlavə olunmuş BOKT "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış 03.03.2021-ci il tarixli, 060-EMB-0147-21 saylı müqavilədən görünür ki, QSC Cavabdeh mebel almaq məqsədi ilə illik 0 faiz dərəcəsi ilə 18 ay müddətinə 1980 manat məbləğində kredit vermişdir. İş materiallarında olan 24.02.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 13.11.2020-ci il tarixli, 060-EMB-1741-20 saylı müqavilə üzrə borcu 24.02.2022-ci il tarixə əsas məbləğ üzrə 606 manat, faiz borcu 0 manat, cərimə borcu 90,90 manat olmaqla, cəmi 696,90 manat təşkil edir. İş materiallarında olan 24.02.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 03.03.2021-ci il tarixli, 060-EMB-0147-21 saylı müqavilə üzrə borcu 24.02.2022-ci il tarixə əsas məbləğ üzrə 1980 manat, faiz borcu 0 manat, cərimə borcu 297 manat olmaqla, cəmi 2277 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. 448-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyyət daşıyır. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq kredit müqavilələri bağlanmış, həmin müqavilələr ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmişdir. İddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmişdir. Cavabdeh isə kredit müqavilələri əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilələr əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqavilələri əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən hər iki müqavilə üzrə yaranmış əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Bundan başqa, iddiaçı kredit müqavilələrinə istinad edərək cavabdehdən gecikdirilmiş ödənişlərə görə 13.11.2020-ci il tarixli müqavilə üzrə 90,90 manat, 03.03.2021-ci il tarixli müqavilə üzrə 297 manat cərimə tələb etmişdir. Lakin, məhkəmə cavabdehin maddi vəziyyətini və tələbkarın əmlak mənafelərini nəzərə alaraq, borc məbləğinə nəzərən tənasübsüz sürətdə yüksək olan cərimənin miqdarının azaldılmasını və 13.11.2020-ci il tarixli müqavilə üzrə 30 manat, 03.03.2021-ci il tarixli müqavilə üzrə 70 manat müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 13.11.2020-ci il tarixli müqavilə üzrə 606 manat əsas borc və 30 manat cərimə, 03.03.2021-ci il tarixli müqavilə üzrə 1980 manat əsas borc və 70 manat cərimə olmaqla, ümumilikdə 2686 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 50,14 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284- 6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 13.11.2020-ci il tarixli, 060-EMB-1741-20 saylı kredit müqaviləsi üzrə yaranmış 606 manat əsas borc və 30 manat cərimə; 03.03.2021-ci il tarixli, 060-EMB0147- 21 saylı kredit müqaviləsi üzrə yaranmış 1980 manat əsas borc və 70 manat cərimə olmaqla, ümumilikdə 2686 (iki min altı yüz səksən altı) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 50,14 manat (əlli manat on dörd qəpik) pul alınaraq BOKT "xxxx" QSC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №e-2(043)-1065/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(043)-1065/2022
25.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver