Məhkəmə qərarları › İş №e-2(043)-1417/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(043)-1417/2022

26.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(043)-1417/2022 26.05.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlu İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinə baxaraq m ü ə y y ə n e t d i: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia qaldıraraq, cavabdehdən 206,24 manat əsas borc, 171,33 manat faiz, 28,93 manat cərimə borcu və kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanmış 32,61 manat faiz borcu və dövlət rüsumu kimi ödənilmiş 30,40 manat məbləğində pulun tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Gəncə filialı ilə Cavabdeh arasında bağlanmış 29 may 2014-cü il tarixli 109.LN.3111.290514.R.00009 nömrəli kredit kartı üzrə bank hesabı müqaviləsinə əsasən cavabdehə 300 (üç yüz) manat məbləğində bərpa olunan kredit xətti açmışdır. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən kartdan istifadə müddəti 31.01.2017-ci il tarixinədək müəyyən edilmişdir. Kredit müqaviləsinin 4.4-cü bəndinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. 18.01.2022-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 439,09 (dörd yüz otuz doqquz manat sıfır doqquz qəpik) manat təşkil edir. Bundan 206,24 (iki yüz altı manat iyirmi dörd qəpik) manat əsas, 171,31 (bir yüz yetmiş bir manat otuz bir qəpik) manat faiz borcu, 28,93 (iyirmi səkkiz manat doxsan üç qəpik) manat cərimə borcu və kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 32,61 (otuz iki manat altmış bir qəpik) manat faiz borcu təşkil edir. Kredit müqaviləsinin 4.1.4-cü bəndlərinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********254 saylı 01.01.2022-ci il tarixli xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, Cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş göndərməklə iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş 29 may 2014-cü il tarixli 109.L.N.3111.290514.R.00009 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 300 manat məbləğində bərpa olunan kredit xətti açılmışdır. İş materiallarına əlavə edilmiş 24 yanvar 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 29 may 2014-cu il tarixli 109.L.N.3111.290514.R.00009 nömrəli kredit müqaviləsi üzrə 206,24 manat əsas borc və 171,33 manat faiz borcu, 28,93 manat dəbbə pulu və gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanan 32,61 manat zərər olmaqla, cəmi 439,09 manat məbləğində kredit borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış və bununla da onlar arasında kredit hüquq münasibətləri yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, əsas və faiz borclarının ödənilməsini gecikdirmişdir. Buna görə də məhkəmə 29 may 2014-cu il tarixli 109.L.N.3111.290514.R.00009 saylı müqavilə üzrə 206,24 manat əsas,171,33 manat faiz, 28,93 manat dəbbə pulunun cavabdehdən tutulmasını əsaslı hesab edir. İddiaçı əsas, faiz və cərimə borcunun qaytarılması tələbi ilə yanaşı cavabdehdən həm də gecikdirilmiş əsas borcun illik beş faizi olan 32,61 manat pulunun tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Qeyd olunan normaların tələbi baxımından iddiaçının illik beş faiz ödənilməsi tələbinin işin hallarına, yəni gecikdirilmiş borcun məbləği və gecikmə müddətinə uyğun olduğu müəyyən edilir. Buna görə də iddia tələbi həmin hissədə əsaslı hesab edilməlidir. Məhkəmə, eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödəmiş olduğu 30,40 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə hesab edir ki, iddia tələbi tam təmin olunduğundan 30,40 manat dövlət rüsumu da cavabdehdən tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6, 357-360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 29 may 2014-cu il tarixli 109.L.N.3111.290514.R.00009saylı kredit müqaviləsinə əsasən Cavabdeh 206,24 manat əsas borc, 171,33 manat faiz borcu, 28,93 manat dəbbə pulu və gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanan 32,61 manat zərər olmaqla, cəmi 439,09 manat (dörd yüz otuz doqquz manat, doqquz qəpik) borc və ərizənin məhkəməyə verilməsi üçün ödənilmiş 30,40 manat (otuz manat, qırx qəpik) dövlət rüsumu tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar