Məhkəmə qərarları › İş №e-2(043)-1521/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(043)-1521/2022

14.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(043)-1521/2022 14.06.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borcun tutulması» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən iddiaçının xeyrinə 2667,13 manat əsas borc və 28,13 manat faiz borcu olmaqla, cəmi 2695,26 manat borcun, həmçinin ödənilmiş 47,36 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, X3 şəxsi (istehlak) məqsədləri üçün 60 ay müddətinə nağd şəkildə istifadə оlunmaqla 3045,98 manat məbləğində krеdit vеrilmiş və bununla bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X4 arasında 18.07.2019-cu il tarixli saylı Krеdit Müqaviləsi bağlanmışdır. Krеdit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin еtmək məqsədilə 18.07.2019-cu il tarixli saylı zaminlik müqavilələrinə əsasən X1 qarşısında öhdəlikləri tam yеrinə yеtirilənədək Cavabdeh2 və Cavabdeh1 ona zamin durmuşlar. Zaminlik Müqavilələrinin 1.1-ci bəndinə görə, Bоrcalan Bank qarşısında öz öhdəliklərini tam yеrinə yеtirənədək Zaminlər, Bоrcalan ilə birlikdə Bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Krеdit Müqaviləsinin şərtlərinə əsasən X4 05.04.2022-ci il tarixinə əsas borcu 2667,13 manat, faiz borcu 28,13 manat, cəmi 2695,26 manat təşkil edir. Bоrcun ödənilməsi tələbi ilə cavabdehlərə dəfələrlə müraciət оlunmasına, məsələnin məhkəmədən kənar qaydada həll еdilməsi üçün mümkün оlan bütün tədbirlərin görülməsinə baхmayaraq cavabdehlər bоrcun qaytarılması üçün hеç bir təşəbbüs göstərməmişlər. Cavabdehlərə göndərilmiş pretenziya (хəbərdarlıq) məktubları da cavabsız qalmışdır. İş materiallarına əlavə olunmuş AZ-İİ №061469 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 26.12.2019-cu il tarixdə vəfat etmişdir. Hаl-hаzırdа cavabdehlərin, Krеdit Müqaviləsinə əsаsən «Аzər – Türk Bаnk» Аçıq Səhmdаr Cəmiyyətinə оlаn əsаs və оnа hеsаblаnmış fаiz bоrcu 2695,26 manat təşkil еdir ki, bu bоrcun dа cavabdehlər tərəfindən ödənilməsi təmin еdilməlidir. İddiaçının nümayəndəsi X6 məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxılıb, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddələrinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan kredit müqaviləsindən və kassa məxaric orderindən görünür ki, İddiaçı ASC ilə X4 (borcalan) arasında 18.07.2019-cu il tarixli, ******* nömrəli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli fərmanının icrası ilə əlaqədar kreditor borcalanın 06.12.2012-ci il tarixli 01 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-nin Gəncə filialı qarşısında olan əsas borc öhdəliyinin restrukturizasiya edilməsi məqsədi ilə ona 5 il müddətinə illik 1 faiz dərəcəsi ilə 3045,98 manat məbləğində kredit vermişdir. İş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında 1019105/16977 saylı 18.07.2019-cu il tarixdə zaminlik müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən zamin – İddiaçı ASC ilə borcalan X4 arasında 18.07.2019-cu il tarixli, ******* nömrəli kredit müqaviləsi üzrə borcalanın öhdəliyinin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 Hüseyn oğlu arasında 1019105/16978 saylı 18.07.2019-cu il tarixdə zaminlik müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən zamin – Azər-Türk Bank» ASC ilə borcalan X4 arasında 18.07.2019-cu il tarixli, ******* nömrəli kredit müqaviləsi üzrə borcalanın öhdəliyinin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, X2 18.07.2019-cu il tarixli kredit müqaviləsi üzrə 2667,13 manat əsas, 28,13 manat faiz olmaqla, cəmi 2695,26 manat borcu vardır. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X4 23.12.2019-cu il tarixdə ölmüşdür. İş materiallarından görünür ki, 04.03.2022-ci il tarixdə iddiaçı tərəfindən cavabdehlərə banka olan borcun ödənilməsi, əks təqdirdə borcun tələb edilməsi üçün məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq məktubu göndərilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə mərhum X4 arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmışdır. Bu müqaviləyə görə iddiaçı mərhum borcalana restrukturizasiya olunan əsas kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə 5 il müddətinə illik bir faiz dərəcəsi ilə 3045,98 manat kredit vermişdir. Hazırki iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə Bank ilə zaminlik müqavilələri bağlamış və qeyd olunan kredit müqaviləsi üzrə borclu ilə birlikdə Bank qarşısında borcun ödənilməsi üçün birgə cavabdehlik daşımağı öhdələrinə götürmüşlər. Borcalan 23.12.2019cu il tarixdə ölmüş və onun iddiaçı qarşısında 2695,26 manat məbləğdə icra edilməmiş pul öhdəliyi qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04.06.2018-ci il tarixli qərarında göstərilir ki, zaminlik müqaviləsinin xitamı əsaslarının dairəsi məhdud olmaqla qanunvericilikdə dəqiq müəyyən edilmişdir. Mülki Məcəllənin 477-ci maddəsində borclunun ölümü zaminlik müqaviləsinə xitam verilməsi əsası kimi nəzərdə tutulmadığından, borclu öldüyü halda da zamin təmin etdiyi öhdəliyə görə məsuliyyətli olmaqda davam edir. Bu həm də ondan irəli gəlir ki, zaminlik müqaviləsi ilə zamin kreditor qarşısında əsas müqavilə üzrə öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi riskini öz üzərinə götürür və bu riskin reallaşacağı təqdirdə kreditora mənafeyini təmin edəcəyinə dair zəmanət verir. Yəni borclunun ölümü səbəbindən əsas öhdəliyin icra edilməməsi də zaminin təminat verdiyi risklər dairəsinə daxildir. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, qanunverici öhdəliyi icra etmiş zaminin mənafelərinin müdafiəsini nəzərə alaraq, Mülki Məcəllənin 475.1-ci maddəsində kreditorun tələbini ödədiyi həcmdə sonuncunun borcluya qarşı malik olduğu hüquqların öhdəliyi icra etmiş zaminə keçdiyini müəyyən etmişdir. Yəni zamin öhdəliyi icra etdikdən sonra ona dəymiş zərərin əvəzini reqres qaydasında borcludan tam həcmdə, borclu öldüyü halda isə vərəsələrdən onlara çatan miras payı həcmində ödənilməsini tələb edə bilər. Göstərilən qanunvericilik normalarını və Konstitusiya Məhkəməsi Plenumunun qərarındakı mövqeyini rəhbər tutaraq məhkəmə qeyd edir ki, kredit müqaviləsi üzrə borcalan X4 ölmüş olsa da, cavabdehlər kredit müqaviləsi üzrə zamin olduqlarından, borcalanın ölümü onların zaminliyinin xitam verilməsinə əsas vermir. Borclanın kredit müqaviləsi üzrə icra edilməmiş pul öhdəliyi olduğundan, kredit müqaviləsi üzrə zamin olan cavabdehlər həmin öhdəliyin yerinə yetirilməsi üçün iddiaçı qarşısında birgə borclu kimi məsuliyyət daşıyırlar. Odur ki, iddia təmin edilməli, kredit müqaviləsi üzrə yaranmış 2667,13 manat əsas borc və 28,13 manat faiz borcu olmaqla, cəmi 2695,26 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 18.07.2019-cu il tarixli ******* nömrəli kredit müqaviləsi üzrə yaranmış 2667,13 manat əsas borc və 28,13 manat faiz borcu olmaqla, cəmi 2695,26 manat (iki min altı yüz doxsan beş manat iyirmi altı qəpik) pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi 47,36 manat (qırx yeddi manat otuz altı qəpik) pul vəsaiti müştərək qaydada alınaraq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar