Məhkəmə qərarları › İş №e-2(043)-2189/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(043)-2189/2021

23.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(043)-2189/2021 23.11.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh2 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı “borcun qaytarılması, tutmanın ipoteka predmeti olan yaşayış evinə yönəldilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 22.11.2018-ci il tarixli 256085-1- 31706 saylı kredit müqaviləsinə əsasən 28.04.2021-ci il tarixə Banka borclu olduğu 142186,06 manat məbləğində əsas borc, 5690,46 manat məbləğində faiz borcu olmaqla ümumilikdə 147876,52 manat məbləğində vəsaitin, həmçinin iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 30,40 manat dövlət rüsumunun, eləcə də tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişin DƏDRX-də qeydiyyata alınması üçün ödənilmiş 40 manat dövlət rüsumu olmaqla cəmi 70,40 manat vəsaitin İddiaçı ASC-in xeyrinə tutulması; ipoteka predmetinin ilkin satış qiyməti 150000 manat məbləğində müəyyən edilməklə cavabdeh X2 tutulmalı olan pul məbləğinin Bank qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh2 xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 1 ünvanında 0,06 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 371,3 kv.m olan fərdi yaşayış evinə yönəldilməsi, evin hərrac yolu ilə satılması və satışdan əldə edilən vəsaitin İddiaçı ASC-yə ödənilməsi; fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan sonra ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri – Cavabdeh1 və yetkinlik yaşına çatmayan övladları Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 yaşayış sahəsini ən gec bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin fərdi yaşayış evindən məcburi qeydiyyatdan çıxarılmaları və fərdi yaşayış evinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC və Cavabdeh2 arasında 22.11.2018-ci il tarixli 256085-1-31706 №-li kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən Cavabdeh2 bank tərəfindən, Cavabdeh2 ünvan 2 ünvanında yerləşən və mülkiyyət hüquqları Azərbaybaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 10 iyul 2018-ci il tarixində verilmiş, qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən müəyyən edilən daşınmaz əmlakın alınması məqsədi ilə, illik 7(yeddi) faiz hesablanması şərti ilə 264 ay müddətinə 148000 manat məbləğində ipoteka krediti verilmişdir. X1 alıcı-ipoteka qoyan Cavabdeh2 və ipoteka saxlayan-Bank VTB ASC aralarında bağlanmış 23.11.2018-ci il tarixli 256084-NEDVİJ-4826 nömrəli alqı-satqı və ipotela müqaviləsinə əsasən satıcı ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 10 iyul 2018-ci il tarixində verilmiş, qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən ona məxsus ünvan 3 ünvanında yerlşən daşınmaz əmlakı alıcı-ipoteka qoyanın mülkiyyətinə veriş, alıcı-ipoteka qoyan isə bu müqavilə üzrə yaranmış hüquqa əsasən onunla kreditor-ipoteka saxlayan arasında bağlanmış 22.11.2018-ci il tarixli 256085-1-31706 №-li kredit müqaviləsi üzrə yaranmış öhdəliyin icrasını təmin etmək məqsədi ilə kreditor-ipoteka saxlayana, yəni Banka ipotekaya vermiş və Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Cavabdeh2 öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməməmiş və nəticədə cavabdehin İddiaçı ASC-nə olan borcu, əsas məbləğ üzrə 142186,06 manat, hesablanmış faiz borcu üzrə 5690,46 manat, cəmi 147876,52 manat məbləğindədir. İddiaçının nümayəndəsi 22.07.2021-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 mülki iş üzrə cavabdeh qismində cəlb edilmələrini xahiş etmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 22.07.2021-ci il tarixli qərardadı ilə Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 mülki iş üzrə cavabdehlər qismində cəlb edilmişlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul edərək izahatında bildirdi ki, iddia tələbində göstərilən məbləğdə bankdan kredit götürmüş, ilk vaxtlar hər ay ödəniş qrafikində nəzərdə tutulmuş qaydada və məbləğdə ödənişləri həyata keçirmiş, lakin sonradan maddi imkanı olmadığı üçün ödənişləri həyata keçirə bilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasında iştirak etməmişlər. Bu səbəbdən məhkəmə, MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 22.11.2018-ci il tarixli 256085-1-31706 saylı kredit müqaviləsindən görünür ki, borcverən İddiaçı ASC borcalan Cavabdeh2 “ünvan 4 ünvanında yerləşən evin alınması” məqsədi ilə illik 7 faiz olmaqla, 264 ay müddətinə 148000 (yüz qırx səkkiz min) manat ipoteka krediti vermiş, borcalan həmin krediti qəbul etməyi, məqsədinə uyğun istifadə etməyi, ona hesablanmış faizləri, digər ödənişləri müqavilə şərtlərinə uyğun olaraq banka qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 10.07.2018-ci il tarixdə verilmiş RX seriyalı ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 4 ünvanda yerləşən 0,06 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi X3 mülkiyyətində olmuşdur. İş materiallarında olan 11.12.2018-ci il tarixdə verilmiş RX seriyalı ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 4 ünvanda yerləşən 0,06 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi Cavabdeh2 mülkiyyətindədir. İş materiallarında olan 256084-NEDVİJ-4826 saylı, 23.11.2018-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 22.11.2018-ci il tarixli 256085-1-31706 saylı əsas kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq, Cavabdeh2 mülkiyyətində olan ünvan 4 saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan 18.12.2018-ci il tarixdə verilmiş RX seriyalı ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus ünvan 4 ünvanda yerləşən daşınmaz əmlak İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir, bu barədə dövlət reyestrində 440 nömrəli reyestr kitabının 41286 nömrəli vərəqində qeydiyyat aparılmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh2 22.11.2018-ci il tarixli kredit müqaviləsi üzrə 28.04.2021-ci il tarixə 142186,06 manat əsas kredit borcu, 5690,46 manat kreditdən istifadəyə görə faiz borcu, 0 manat cərimə olmaqla, cəmi 147876,52 manat məbləğində borcu vardır. İş materiallarında olan 31.03.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Bank tərəfindən borcluya kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi və yetirilməyəcəyi halda tutmanın ipoteka predmetinə yönəldiləcəyi barədə bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd edilən Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, kredit müqaviləsində göstərilən pul məbləğini cavabdehə vermişdir. Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı müqavilə şərtlərinə istinad edərək cavabdehdən müqavilə üzrə yaranmış əsas borcun və faiz borcunun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə, həmçinin tələbin ipoteka qoyulmuş əşyaya yönəldilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmçinin “İpoteka haqqında” Qanunun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hal hesab edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və cavabdeh iddiaçı qarşısında olan pul öhdəliyini lazımınca icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş daşınmaz əşyaya yönəldilməsini məhkəmə qaydasında tələb etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi də təmin edilərək, borc tələbi kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evinə yönəldilməlidir. Məhkəmə, eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən daşınmaz əmlaka yönəldilməsi ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakın açıq hərracdan satışı yolu ilə realizə edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.5-ci maddəsinə əsasən hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, ipoteka predmetinin ilkin satış qiymətinə dair tərəflər arasında mübahisə olduğundan, ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı müstəqil qiymətləndiricinin rəyinin alınmasına zərurət yaranmışdır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkan satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə baxışı zamanı Cavabdeh2 ipoteka predmetinin ipoteka müqaviləsində göstərilən qiymətini mübahisələndirmişdir. Məhkəmənin qərardadına əsasən ipoteka predmetinin hazırki bazar qiymətinin müəyyən edilməsi üçün mülki işin materialları müstəqil qiymətləndiriciyə göndərilmişdir. Qiymətləndirmə fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin 2-ci hissəsinə əsasən mülki qanunvericilikdə nəzərdə tutulmuş hallarda obyektin qiymətləndirilməsi məhkəmənin ekspertiza haqqında, o cümlədən təkrar ekspertiza haqqında qərarı əsasında da aparıla bilər. Belə hallarda məhkəmə qiymətləndirici seçməkdə tam müstəqildir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 11.08.2021-ci il tarixli, 01/21- 407 saylı rəydən görünür ki, Cavabdeh2 məxsus, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin hazırki dövrə olan likvid dəyəri 129000 manat təşkil edir. Odur ki, məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti 129000 manat məbləğində müəyyən edilməklə, qeyd edilən daşınmaz əmlak açıq hərracdan satılmalı və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən kredit borcu ödənilməlidir. Məhkəmə eyni zamanda, iddia tələbinin “qeyd olunan evə tutma yönəldildikdən və o satıldıqdan sonra 1 ay ərzində mənzilin boşaldılması”na dair hissəsini araşdıraraq hesab edir ki, cavabdehin mülkiyyətində olan daşınmaz əmlak ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduğundan, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən onun mülkiyyətində olan fərdi yaşayış evi “ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün” ipoteka qoyulduğundan, eləcə də ipoteka predmeti olan evdə cavabdehlərin faktiki yaşamaları müəyyən olunduğdan, iddia qeyd edilən hissədə də təmin edilməli, ipoteka predmeti olan Gəncə şəhəri, Kəpəz rayonu, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 bir ay ərzində cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 həmin evdən çıxarılmaqla ev boşaldılmalıdır. İddia tələbinin fərdi yaşayış evi satıldıqdan sonra orada yaşayan cavabdehlərin məcburi qeydiyyatdan çıxarılmaları hissəsini isə məhkəmə əsassız hesab edir. Belə ki, cavabdehlərin ipoteka predmeti olan yaşayış evi satıldıqdan sonra evdən qeydiyyatdan çıxarılmaları hazırda mövcud olmayan, gələcəkdə baş verə biləcəyi ehtimal edilən mübahisə ilə əlaqədar məsələdir. Bununla yanaşı, hərracda satışdan sonra yaşayış sahəsindən qeydiyyatdan çıxarılma tələbi artıq yeni mülkiyyətçinin hüquqlarına aid olduğundan, həmin evi məhz ipoteka qoyan da əldə edə bildiyindən məhkəmə hesab edir ki, hazırda mülkiyyət hüququ olmayan bankın cavabdehlərin qeydiyyatdan çıxarılması üçün məhkəmədə iddia qaldırmağa subyektiv hüququ yoxdur. Odur ki, məhkəmə iddia tələbinin həmin hissəsini əsassız sayaraq rədd etmək qənaətinə gəlir. Azərbaycan Respublikası MPM-nin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, iddianın 30,40 manat məbləğində dövlət rüsumunun və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişin DƏDRX-də qeydiyyata alınması üçün ödənilmiş 40 manat dövlət rüsumunun Cavabdeh2 alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdeh iddiaçı qarşısında müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumları ödəməklə əlavə xərc çəkmişdir. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı, cavabdehdən iddiaçının dövlət rüsumlarını ödəməsi nəticəsində çəkdiyi əlavə xərc də alınaraq ona ödənilməlidir. Bununla yanaşı, Cavabdeh2 iş üzrə aparılmış qiymətləndirmə tədqiqatının dəyərinin ödənilməyən hissəsi kimi 300 (üç yüz) manat pul tutularaq FAME PRO MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 22.11.2018-ci il tarixli, 256085-1-31706 saylı kredit müqaviləsi üzrə yaranmış 142186,06 manat əsas borc və 5690,46 manat faiz borcu, bildirişin qeydə alınması üçün ödənilmiş 40 (qırx) manat məbləğində xidmət haqqı və dövlət rüsumu, iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30,40 manat (otuz manat qırx qəpik) məbləğində dövlət rüsumu olmaqla, cəmi 147946,92 manat (yüz qırx yeddi min doqquz yüz qırx altı manat doxsan iki qəpik) pul vəsaiti alınaraq İddiaçı ASC-yə ödənilsin. Tələb üzrə tutma ipoteka predmeti olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilsin. İpoteka predmetinin ilkin satış qiyməti 129000 (yüz iyirmi doqquz min) manat müəyyən edilsin. ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi açıq hərracda satılsın və satışdan əldə edilən vəsaitdən İddiaçı ASC-yə olan borc ödənilsin. İpoteka predmeti olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan sonra 1 bir ay ərzində Cavabdeh2, Cavabdeh1, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 fərdi yaşayış evindən çıxarılsınlar və fərdi yaşayış evi boşaldılsın. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh2 iş üzrə aparılmış qiymətləndirmə tədqiqatının dəyəri kimi 300 (üç yüz) manat pul tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar