Məhkəmə qərarları › İş №e-2(043)-3256/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(043)-3256/2020

06.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(043)-3256/2020 06.11.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı və nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun tanınması və istifadəyə maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və azyaşlı uşağının Gəncə şəhəri, Kəpəz rayonu, X4 küçəsi, ev 63 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüququnun tanınması və bu evdən istifadəyə maneənin aradan qaldırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2018-ci ildə cavabdehlə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Nikahlarından xx xxxx 2019-cu il təvəllüdlü X2 doğulmuşdur. Ailə quran zaman cavabdehin razılığı ilə onun mülkiyyətində olan, ünvan 2 ünvanda yerləşən evə köçmüş, cavabdehlə birgə təsərrüfat aparmışdır. Bir müddət sonra cavabdehin anası və bacısı da həmin evə köçərək onlarla birlikdə yaşamağa başlamışdır. Yaxın vaxtlara kimi həmin evdə maneəsiz yaşamışdır. Son zamanlar cavabdehin anası və bacısının müdaxiləsi nəticəsində münasibətləri pisləşdiyindən cavabdeh onu və uşağını evdən çıxarmaq istəyir. Yəni sözügedən evdə istifadə hüququ olmasına baxmayaraq cavabdeh evdə yaşamağına maneə törədir. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək cavabdehin iddiaçıya evdən istifadədə süni maneələr törətdiyini, daim onu evdən çıxarmaqla hədələdiyini bildirərək göstərilən halların qarşısının alınması üçün iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, iddiaçı ilə xx.xx.2018-ci il tarixdə nikaha daxil olmuşdur. Nikahlarından xx.xx.2019-cu il təvəllüdlü Cavabdeh Elnur oğlu adlı uşaqları doğulmuşdur. Cavabdehin öz xasiyyəti və psixi durumuna görə onunla mübahisələri yaranmışdır. Hazırda nikahın pozulması tələbinə dair iddia ərizəsi Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin icraatındadır. Hazırda nikahda olduqlarından iddiaçının hərəkətlərinə dözərək onunla bir evdə yaşayır. Lakin iddiaçı onun evinə pasport qeydiyyatına alınmamış, iddiaçı ilə onun arasında istifadə hüququna dair yazılı razılaşma yoxdur. Buna görə də iddianın rədd edilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, məhkəmə baxışında araşdırılmış sübutları tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan RX seriyalı, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, X4 küçəsi 63 ünvanda yerləşən fərdi yaşayış evi Cavabdeh xüsusi mülkiyyətindədir. İş materiallarında olan Gəncə “ASAN” Xidmət Mərkəzində Qeydiyyat Şöbəsindən verilmiş nikah akt qeydindən çıxarışdan görünür ki, Cavabdeh ilə İddiaçı xx xxxxxxxx 2018-ci il tarixdə nikaha daxil olmuşdur. Qüvvədə olan qanunvericiliyə əsasən yaşayış sahəsindən istifadə hüququ mülkiyyətçi ilə istifadə hüququ olan şəxs arasında bağlanmış, notarial qaydada təsdiq edilmiş razılaşma əsasında və ya ailə münasibətlərindən irəli gələrək yarana bilər. Tərəflər arasında iddiaçının cavabdehə məxsus evdən istifadə hüququ ilə bağlı yazılı razılaşmanın olmadığı müəyyən edilmişdir. Eləcə də iddiaçının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış istifadə hüququ yoxdur. Bununla yanaşı qeyd olunmalıdır ki, tərəflər xx xxxxxxxx 2018-ci il tarixdə nikaha daxil olduqlarından Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinə uyğun olaraq İddiaçı Sabir qızı cavabdehə məxsus olan fərdi yaşayış evindən istifadə hüququ əldə etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. İddiaçının mənzildən istifadə hüququnun tanınması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, bu hüququn qanundan irəli gəlməsinə baxmayaraq daşınmaz əmlakın dövlət reyestrində və ya hər hansı digər rəsmi sənəddə qeydiyyatının aparılmaması həmin hüququn mövcud olub-olmaması barədə mübahisələrə yol aça biləcəyindən iddiaçı Mülki Prosessual Məcəllənin 5.1-ci maddəsinə uyğun olaraq həmin hüququn təsdiqi üçün məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-30.4-cü maddələrinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Cavabdehin hazırda nikahlarının pozulması barədə iddia ərizəsinin məhkəmənin icraatında olması ilə bağlı dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, məhkəmə tərəflərin mübahisəsinə hazırkı şərait üçün qiymət verməlidir. Nikahın pozulub-pozulmayacağı və nə vaxt pozulacağı bəlli olmadığından məhkəmənin gələcəkdə baş verməsi ehtimal olunan hadisəyə münasibətdə iddia tələbinə qiymət verməsi mümkün deyildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 23.1-ci maddəsinə əsasən nikah müvafiq icra hakimiyyəti orqanında pozulduqda pozulmanın dövlət qeydiyyatına alındığı gündən, məhkəmə qaydasında pozulduqda isə bu barədə məhkəmənin qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən nikaha xitam verilmiş sayılır. Məhkəmə qeyd edir ki, hazırkı qətnamə ilə tanınan hüquq yalnız tərəflərin ailə münasibətləri əsasında yaranmış istifadə hüququ olduğundan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən bu hüquqa ailə münasibətlərinə xitam verildikdə, yəni tərəflər arasındakı nikaha xitam veriləcəyi və ya nikahın etibarsız hesab ediləcəyi təqdirdə xitam veriləcəkdir. İşə baxılan anda tərəflər nikahda olduqlarından iddiaçı Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinə uyğun olaraq cavabdehdən istifadə hüququnun tanınmasını və istifadə hüququnun həyata keçirilməsinə maneə yaratmamasını tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Qeyd olunan normanın tələbi baxımından tərəflərin nikahından doğulmuş xx xxxx 2019-cu il təvəllüdlü X1 yaşayış yeri onun valideynlərinin yaşayış yeri hesab olunduğundan və valideynlər hazırda birlikdə yaşadıqlarından onun da mübahisəli evdən istifadə hüququ tanınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. İddiaçı və azyaşlı uşağı X1 Gəncə şəhəri, X4 küçəsi ev 63 ünvanda yerləşən, Cavabdeh məxsus fərdi yaşayış evindən istifadə hüququ tanınsın və iddiaçının həmin fərdi yaşayış evindən istifadə etməsinə cavabdeh tərəfindən yaradılan maneə aradan qaldırılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar