Məhkəmə qərarları › İş №e-2(043)-3485/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(043)-3485/2021

20.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(043)-3485/2021 20.10.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılmas» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «aliment artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 03 iyul 2018-ci il tarixli 2(043)-748/2018 saylı qətnaməsi ilə 12 avqust 2008-ci il təvəllüdlü X2 və 17 iyun 2011-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün müəyyən edilmiş hər uşaq üçün 100 (yüz) manat sabit pul məbləğində alimentin miqdarının artılaraq hər ay hər uşağa görə 175 (yüz yetmiş beş) manat, cəmi 350 (üç yüz əlli) manat müəyyən edilməsi və həmin məbləğin Cavabdeh tutularaq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2007-ci ildə Cavabdeh ilə ailə qurmuşdur. Nikahları 2010-cu ildə rəsmi qaydada qeydə alınmışdır. Birgə nikahlarından 12 avqust 2008-ci il tarixində qızı X4, 17 iyun 2011-ci il tarixində isə oğlu X9 dünyaya gəlmişdir. Lakin sonradan onları şəxsi münasibətləri pozulmuş və ayrılmaq qərarına gəlmişlər. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 03 iyul 2018-ci il tarixli 2(043)- 748/2018 saylı qətnaməsinə əsasən aramızda bağlanmış nikahın pozulması, nikahları pozulan zaman uşaqlarının onun yanımda saxlanılması və onların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 100 manat, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi qət edilmişdir. Bildirmək istəyir ki, aldığı alimentin miqdarı çox azdır. Belə ki, bu məbləğ hətta uşaqların minimum ehtiyaclarını (yemək-içmək, müalicə və sair) da ödəmir. Çox çətinilklə dolanırlar. Cavabdehin ödəməli olduğu aliment uşaqların cüzi tələbatlarına belə bəs etmir. Bu səbəbdən də aldığı alimentin məbləğinin artırılması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh ifadə verərək bildirdi ki, onun indiki alimenti ödəməyə imkanı çatmır. “Covid-19” virusu ilə əlaqədar pandemiya olduğu üçün ödəniş edə bilməmişdir. Aliment borcundan 4090 manat ödəniş etmişdir. 4910 manat isə aliment borcu vardır. Hazırda heç bir yerdə işləmir və qaraciyər xəstəsidir. İkinci dəfə evlənmişdir və ikinci evliliyindən bir uşağı vardır. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş AZ-İİ seriyalı, 456313 nömrəli və AZ-İİ seriyalı, 708591 nömrəli doğum haqqına şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, tərəflərin birgə ailə münasibətlərindən 12 avqust 2008-ci il təvəllüdlü X4 və 17 iyun 2011-ci il təvəllüdlü X9 anadan olmuşdur. Doğum haqqında Şəhadətnamədələrdə uşaqların atası Cavabdeh, anaları isə İddiaçı qeyd edilmişdir. İşin materiallarına əlavə olunmuş Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 03.07.2018-ci il tarixli, 2(043)-748/2018 saylı qətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 17 iyul 2010-cu il tarixdə Gəncə nikah evi tərəfindən 213 № ilə qeyd alınmaqla bağlanmış nikahın pozulması, tərəflər arasında nikah pozulduqdan (boşanmadan) sonra, tərəflərin birgə nikahından 12 avqust 2008-ci ildə doğulmuş X4 və 17 iyun 2011-ci ildə doğulmuş X9 anaları – İddiaçı yanında saxlanılsınlar, tərəflərin birgə nikahından 12 avqust 2008-ci ildə doğulmuş X2 və 17 iyun 2011-ci ildə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay hər bir uşağa 100,0 (bir yüz) manat olmaqla, iki uşağa görə cəmi 200,0 (iki yüz) manat sabit pul məbləğində aliment alınaraq, İddiaçı xeyrinə verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş “ilkin mediasiya sessiyasında iştirak edilməsi” barədə 16.09.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı “alimentin artırılması” müraciəti əsasında yeri və vaxtı barədə 5 iş günü əvvəlcədən telefon və poçt vasitəsilə məlumatlandırılan qarşı tərəf Cavabdeh ailə mübahisə üzrə 16.09.2021-ci il tarixə saat 17:30-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməməsini təsdiq edilməsi üçün verilir. Bildirilmişdir ki, İddiaçı “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.07.2019-cu il tarixli, 208 nömrəli Qərarı” ilə təsdiq edilmiş ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir. İş materiallarına əlavə edilmiş nikah haqda şəhadətnamənin surətindən görünür ki, Gəncə Asan Xidmət Mərkəzinin Qeydiyyat şöbəsində Cavabdeh ilə X3 arasında 26.01.2021-ci il tarixdə 112 nömrə ilə nikah qeyd edilmiş, arvada Mirzəyeva soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İİ seriyalı, 592212 nömrəli doğum haqqına şəhadətnamənin surətindən görünür ki, X6 23.04.2021-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası X1r. Məhkəməyə təqdim edilmiş sübutların bilavasitə tədqiqi zamanı aydın oldu ki, iddia ərizəsinə əlavə olunmuş Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 03.07.2018-ci il tarixli, 2(043)-748/2018 saylı qətnaməsi ilə 12 avqust 2008-ci ildə doğulmuş X2 və 17 iyun 2011ci ildə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay hər bir uşağa 100,0 (bir yüz) manat olmaqla, iki uşağa görə cəmi 200,0 (iki yüz) manat sabit pul məbləğində aliment alınaraq, İddiaçı xeyrinə verilməsi qət edilmişdir. Lakin, həmin vaxtdan uşaq böyüdüyü və onun xərclərinin artdığı üçün qət edilmiş cəmi 200 manat məbləğdə aliment uşaqların saxlanması üçün yetərli olmadığından, cavabdeh uşaqların saxlanması üçün iddiaçıya əlavə maddi yardım göstərmədiyindən İddiaçı “alimentin artırılması” tələbinə dair mediasiya şurasında müraciət etmiş, lakin Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyindən barışıq əldə edilmədiyi üçün, “aliment artırılması” tələbinə dair iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının nümayəndəsi cavabdehin gəlirlərinin yüksən olmasına dair məhkəməyə heç bir sübut təqdim etməmiş və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh isə işləmədiyi üçün hazırki aliment məbləğini ödəyə bilmədiyini və ikinci evliliyindən bir uşağının olduğunu bildirərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə isə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinin tələbinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2021-cu il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən olunmuşdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 №-li Qərarının 8.14-cü bəndində məhkəmələrin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanması qeyd edilmişdir. Məhkəmə hesab edir ki, alimentin artırılması tələbi iddiaçının müəyyən etdiyi məbləğdə deyil, qismən təmin edilməlidir. Belə ki, cavabdehin gəlirləri və daimi olaraq stabil qazanca sahib olması barədə sübutlar məhkəməyə təqdim edilməməsi ilə yanaşı, hazırda hər uşaq üçün müəyyən edilən 100 manat məbləğində aliment 2018-ci il tarixdə məhkəmə tərəfindən müəyyən edilməsi, həmin tarixdən üç ildən artıq vaxt keçməsi və uşaqlar böyüdükcə onların tələbatları və saxlanma xərclərinin artması, cavabdehin ikinci evliliyindən himayəsindən bir azyaşlı uşağının olması nəzərə alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar bir-birini tamamlamaqla iddiaçının tələbinin qismən əsaslı olmasına dəlalət edir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericiliyin normalarını, məhkəmə iclası zamanı müəyyən olunmuş halları, uşaqların maddi tələbat səviyyəsini, tərəflərin maddi və ailə vəziyyətini, tərəflərin gəlirləri barədə sübutların təqdim edilməməsini və habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu səviyyəsini və uşağı saxlamaq vəzifəsinin hər iki valideynə aid olduğunu nəzərə alaraq, tərəflərin birgə ailə münasibətindən doğulmuş uşaqların təminatının mümkün qədər maksimal saxlanması üçün iddia tələbi qismən təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə tərəflərin rəsmi nikahlarından doğulmuş 12 avqust 2008-ci il təvəllüdlü X2 və 17 iyun 2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 03 iyul 2018-ci il tarixli, 2(043)-748/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş, hər ay hər uşağa 100 manat sabit pul məbləğində tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh hər ay bir uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə verilməlidir. İddia tələbi üzrə miqdarı dəyişdirilmiş (artırılmış) alimentin tutulması, qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. İddia tələbi digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmçinin məhkəmə hesab edir ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Mediasiyaya çəkilən xərci iddiaçı tərəfindən ödənildiyindən və iddianın təmin edilmiş hissəsinə münasib olaraq Cavabdeh məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər qismində 20 (iyirmi) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinin tələbinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, İddiaçı olduğundan dövlət rüsumunun ödənilməsindən azad edildiyi üçün və iddia tələbi qismən təmin edildiyindən ona hər ay cavabdeh tərəfindən ödənilməli artırılmış hissədə 60 manat sabit pul məbləğində alimentin bir il ərzində məcmusu 720 manat təşkil etdiyindən, 15,20 (on beş manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 03 iyul 2018-ci il tarixli, 2(043)-748/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin miqdarı artırılaraq, 12 avqust 2008-ci il təvəllüdlü X2 və 17 iyun 2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay bir uşaq üçün 130 (bir yüz otuz) manat cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə verilsin. Artırılmış hissədə alimentin tutulması, qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər qismində 20 (iyirmi) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh 15,20 (on beş manat iyirmi qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar