Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(043)-372/2021 18.02.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X4 iclas katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması və əlavə xərclərin ödənilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması və əlavə xərclərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli 2(043)-271/2018 saylı qətnaməsi ilə xx xxxxxxxx 2012-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanması üçün müəyyən edilmiş 120 (yüz iyirmi) manat sabit pul məbləğində alimentin miqdarının atırılaraq hər ay 170 (yüz yetmiş) manat müəyyən edilməsi, həmçinin X2 müalicəsi üçün hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində əlavə xərcin Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2011-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahlarından xx xxxxxxxx 2012-ci il tarixində oğlu X7 dünyaya gəlmişdir. Lakin, sonradan onların şəxsi münasibətləri pozulmuş və ayrılmaq qərarına gəlmişlər. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(043)-271/2018 saylı qətnaməsinə əsasən aralarında bağlanmış nikahın pozulması, nikahları pozularkən uşağın onun yanında saxlanılması və onun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 120 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Bildirmək istəyir ki, aldığı alimentin miqdarı çox azdır. Belə ki, bu məbləğ hətta uşağın minimum ehtiyaclarını (yemək-içmək, müalicə və sair) da ödəmir. Çox çətinliklə dolanırlar. Cavabdehin ödədiyi aliment uşağın cüzi tələbatlarına belə bəs etmir. Özü isə onurğa sütununun “S” vari sklerozu diaqnozu ilə 2-ci qrup əlildir və demək olar ki, əmək qabiliyyəti yoxdur. Bu səbəbdən də aldığı alimentin məbləğinin artırılması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bundan başqa, oğlunun sağlamlığında müxtəlif problemlər var. Belə ki, o “doğuş travması nəticəsində davranış pozuntuları ilə müşayiət olunan tez-tez təkrarlanan qıcolma tutmaları” diaqnozu ilə xəstədir. Bu səbəbdən onun fasiləsiz olaraq ciddi müalicəyə ehtiyacı vardır. Hər gün müxtəlif dərmanlar qəbul edir. Yəni uşağın müalicəsinə hər ay xeyli vəsait (dərmanlar, terapiya, yol xərci və s.) tələb olunsa da, maddi imkanının olmaması səbəbindən bunları etməkdə çox çətinlik çəkir. Lakin, buna baxmayaraq uşağın atası, Cavabdeh bir dəfə də olsun onun müalicəsi ilə maraqlanmır, bununla bağlı heç bir maddi köməklik göstərmir. İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə məhkəmə iclasında iddia tələbinə uyğun ifadə verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı 2-ci qrup əlildir və uşaq “doğuş travması nəticəsində davranış pozuntuları ilə müşayiət olunan tez-tez təkrarlanan qıcolma tutmaları”diaqnozu ilə xəstə olaraq qeydiyyatdadır. Hazırda iddiaçının sənədləri hazırlanır və çox güman ki, ona birinci qrup əlillik dərəcəsi veriləcəkdir. Cavabdeh məhkəmə iclasında bildirdi ki, 3-cü qrup əlildir, heç bir yerdə işləmir, ikinci dəfə evlənməsinə baxmayaraq nikah qeydə alınmamışdır. O, 110 manata pensiya alır. İmkanı yoxdur. Ona görə də alimentin artırılmasına razı deyil. Məhkəmədən bu halların nəzərə alınaraq iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün sabit pul məbləğində müəyyən edilən alimentin miqdarı artırılmalı və onun müalicəsi üçün hər ay sabit pul məbləğində əlavə xərc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, iddia ərizəsinə əlavə olunmuş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(043)-271/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 32 № ilə qeydə alınmaqla, xx xxxxxxx 2011-ci il tarixdə Yevlax rayonu Aran qəsəbəsi İcra nümayəndəliyi tərəfindən bağlanmış nikah pozulmuş, tərəflər arasında olan nikah pozulduqdan (boşanmadan) sonra, tərəflərin birgə nikahından xx xxxxxxxx 2012-ci il təvəllüdlü X7 anası- İddiaçı yanında saxlanmış və onun yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment alınaraq, İddiaçı xeyrinə verilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş AZ-İİ seriyalı, 976758 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2012-ci il tarixdə Gəncə şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarına əlavə olunmuş nikahın pozulması haqqında xx.xx.2018-ci il tarixli, AZ-İ 285775 nömrəli şəhadətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah ləğv edilmiş və bu barədə xx.xx.2018-ci ildə Gəncə şəhəri Kəpəz rayon Qeydiyyat Şöbəsində 147 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarına əlavə olunmuş Gəncə şəhəri Psixonevroloji Dispanserin xx.xx.2020-ci il tarixli, 786/12 nömrəli arayışdan görünür ki, X7 xx.xx.2018-ci ildən X11 Dispanserində “Doğuş travması nəticəsində tez-tez təkrarlanan qıcolma tutmaları davranış pozulmaları” diaqnozu ilə qeydiyyatda durur. İş materiallarına əlavə olunmuş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin xx.xx.2016 tarixli təsdiq edilmiş elektron portaldan çıxarışdan görünür ki, İddiaçı “onurğa sütunun “S” vari skaliozu. TÇ-İİ dərəcə” diaqnozu ilə ikinci qrup əlildir. İş materiallarına əlavə olunmuş fotoşəkillərdən görünür ki, İddiaçı onurğa sütunun “S” vari skaliozu xəstəliyindən əziyyət çəkir. İş materiallarına əlavə olunmuş 20 saylı Məşğulluq İdarəsinin xx.xx.2020-ci il tarixli, **********3 nömrəli arayışdan görünür ki, X3 adına xx.xx.2020-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “X1” üzrə Elektron informasiya sistemində qüvvədə olan əmək müqaviləsi qeyd olunmamışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli, **********8 nömrəli arayışdan görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsin 17 saylı Regional ərazi filialından İİİ qrup əlilliyə görə 110 (bir yüz on) manat sosial müavinət alır. İş materiallarına əlavə olunmuş Gəncə şəhər Səhiyyə İdarəsi Ruhi Əsəb Dispanserinin xx.xx.2018-ci il tarixli, forma 025/u nömrəli arayışdan görünür ki, xx.xx.2012ci il təvəllüdlü X7 mütəmadi olaraq müalicə alır. İş materiallarına əlavə olunmuş Gəncə şəhəri Psixo-Nevroloji Dipanserin xx.xx.2020-ci il tarixli, 786/2018 nömrəli məktubun surətindən görünür ki, Gəncə şəhəri Ş.Hüseynov küçəsi, ev 6 A, mənzil 12-də yaşayan, 2012-ci il təvəllüdlü X7 xx.xx.2018-ci il tarixdən dispanserdə qeydiyyatdadır. X6 “Doğuş travmasının qalıq əlamətləri, tez-tez təkrarlanan (ayda 6-8 dəfə) qıcolma tutmaları, Davranış pozuntuları” diaqnozu ilə ətraflı müayinə və müalicə olunmaq üçün Psixi Sağlamlıq Mərkəzinə göndərilmişdir. Məhkəməyə təqdim edilmiş sübutların bilavasitə tədqiqi zamanı aydın oldu ki, iddia ərizəsinə əlavə olunmuş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(043)-271/2018 nömrəli qətnaməsi ilə Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən etibarən xx xxxxxxxx 2012-ci il doğulmuş X2 yetkinlik yaşına çatanadək hər ay 120 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. X7 “doğuş travması nəticəsində davranış pozuntuları ilə müşayiət olunan tez-tez təkrarlanan qıcolma tutmaları” diaqnozu ilə xəstədir və bu səbəbdən onun fasiləsiz olaraq ciddi müalicəyə ehtiyacı var. Uşağın müalicəsinə hər ay xeyli vəsait (dərmanlar, terapiya, yol xərci və s.) tələb olunsa da, iddiaçı maddi imkanının olmadığı üçün qarşılaya bilmir. İddiaçının özü isə onurğa sütununun “S” vari sklerozu diaqnozu ilə 2-ci qrup əlildir və demək olar ki, əmək qabiliyyəti yoxdur. Ona görə də qət edilmiş 120 manat məbləğdə aliment uşağın saxlanması üçün yetərli olmadığından, cavabdeh uşağın saxlanması üçün iddiaçıya əlavə maddi yardım göstərmədiyindən, iddiaçı hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh 3-cü qrup əlil olmaqla heç bir yerdə işləmədiyini, alimenti ödəməkdə çətinlik çəkdiyini və hazırda alimentin qaldırılması ilə razı olmayaraq iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə tərəflər gəlirləri barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə isə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinin tələbinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2021-cu il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən olunmuşdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli 8-2/2016 №-li Qərarının 8.14-cü bəndində məhkəmələrin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanması qeyd edilmişdir. Məhkəmə hesab edir ki, alimentin artırılması tələbi iddiaçının müəyyən etdiyi məbləğdə deyil, qismən təmin edilməlidir. Belə ki, cavabdehin gəlirləri və daimi olaraq stabil qazanca sahib olması barədə sübutlar məhkəməyə təqdim edilməməsi ilə yanaşı, hazırda bir uşaq üçün müəyyən edilən 120 manat sabit pul məbləğində aliment xx xxxxx 2018-ci il tarixdə məhkəmə tərəfindən müəyyən edilməsi, həmin tarixdən üç ilə yaxın müddət keçməsi və uşağın böyüdükcə onun tələbatları və saxlanma xərclərinin artması nəzərə alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar bir-birini tamamlamaqla iddiaçının tələbinin qismən əsaslı olmasına dəlalət edir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericiliyin normalarını, məhkəmə iclası zamanı müəyyən olunmuş halları, uşağın maddi tələbat səviyyəsini, tərəflərin maddi və ailə vəziyyətini, tərəflərin gəlirləri barədə sübutların təqdim edilməməsini, iş üzrə cavabdehin heç bir yerdə işləməməsini və üçüncü qrup əlil olmasını, iddiaçının ikinci qrup əlil olmasını, uşağın xəstə olmasını, habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu səviyyəsini və uşağı saxlamaq vəzifəsinin hər iki valideynə aid olduğunu nəzərə alaraq, tərəflərin birgə ailə münasibətindən doğulmuş uşağın təminatının mümkün qədər maksimal saxlanması üçün iddia tələbi qismən təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə tərəflərin birgə nikahından doğulmuş xx xxxxxxxx 2012-ci il doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(043)- 271/2018 qətnaməsi ilə müəyyən edilmiş, hər ay 120 manat sabit pul məbləğində tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə verilməlidir. İddia tələbi üzrə miqdarı dəyişdirilmiş (artırılmış) alimentin tutulması, qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinin tələbinə görə valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 81.3-cü maddəsində göstərilir ki, məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. İddianın uşağın xəstəliyi ilə bağlı cavabdehdən əlavə xərclərə görə sabit məbləğdə pul tutulması hissəsində məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı tərəflərin nikahından doğulmuş xx.xx.2012-ci il doğulmuş X2 xəstəliyi ilə əlaqədar olaraq vaxtaşırı müayinə olunması və müalicə alması müəyyən edilmişdir. İddiaçı uşağın müalicəsi ilə bağlı çəkdiyi və çəkməli olduğu əlavə xərclərin konkret miqdarı ilə bağlı sənədlər təqdim edə bilmədiyindən, lakin xərclərin çəkilməsi zəruri və labüd olduğundan məhkəmə hesab edir ki, cavabdeh müalicə xərcinin ödənilməsinə cəlb olunmalıdır. Məhkəmə, əlavə xərc qismində hər ay 50 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. İddia tələbi digər hissədə təmin edilməməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azad olunurlar. Həmin Qanunun 8.1.2-ci maddəsinin tələbinə görə iddianın qiyməti 500 manatdan az olduqda məhkəməyə verilən iddia ərizələrindən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinin tələbinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, İddiaçı olduğundan dövlət rüsumunun ödənilməsindən azad edildiyi üçün ona hər ay cavabdeh tərəfindən ödənilməli artırılmış hissədə 20 manat sabit pul məbləğində alimentin və əlavə xərclər qismində hər ay 50 manat sabit məbləğdə pulun bir il ərzində məcmusu 840 manat təşkil etdiyindən, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli 2(043)- 271/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin miqdarı artırılaraq, xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment və əlavə xərclər qismində hər ay sabit pul məbləğində 50 (əlli) manat tutularaq, İddiaçı xeyrinə verilsin. Artırılmış hissədə alimentin və əlavə xərclərə görə pulun tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(043)-372/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(043)-372/2021
18.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver