Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(043)-630/2022 16.03.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “kredit müqaviləsinin ləğv edilməsi və kredit borcunun tutulması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 Cavabdeh1 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin “Gəncə” filialı ilə Cavabdeh2 arasında bağlanmış 06.09.2019-cu il tarixli İK № 340/İST/2019 saylı kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi və kredit müqaviləsi üzrə banka olan 3950,10 manat əsas borc, 692,21 manat faiz borcu və 699,50 manat cərimə borcu olmaqla, cəmi 5341,81 manat kredit borcu və ödənilmiş 73,76 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-in “Gəncə” filialı ilə Cavabdeh2 arasında bağlanmış 06.09.2019-cu il tarixli İK № 340/İST/2019 saylı kredit müqaviləsinə əsasən faiz dərəcəsi 25% faiz olmaqla 36 ay müddətinə 7000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə Cavabdeh2 (borcalan) öhdəliklərinin icrasının təminatı kimi İddiaçı ASC ilə Cavabdeh1 və Cavabdeh3 arasında 06.09.2019-cu il tarixli № 340/İST/2019 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərinə və müqavilənin şərtlərinə riayət etməmiş, ödəməli olduğu məbləği vaxtında ödəməmişdir. Belə ki, Cavabdeh2 06.09.2019-cu il tarixli İK № 340/İST/2019 saylı kredit müqaviləsinə əsasən kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirməmişdir. Hal-hazırda Cavabdeh2 Banka 3950,10 manat əsas, 692,21 manat faiz, 699,50 manat cərimə borcu olmaqla, cəmi 5341,81 manat kredit borcu qalmışdır. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, mübahisənin məhkəmədən kənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Odur ki, kredit borcları və kredit borclarına hesablanmış faiz borcları cavabdehlərdən tutularaq Bankın xeyrinə ödənilməlidir. Tərəflər arasında bağlanmış 06.09.2019-cu il tarixli İK № 340/İST/2019 saylı kredit müqaviləsinin 2.1ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə (əlavə №1) uyğun həyata keçirir. Borcalan kredit və ona hesablanmış faizləri nəzərdə tutulmuş tarixdə ödəmədikdə ödəniş müddətinin pozulduğu gündən etibarən illik 50% olmaqla cərimə faizi ödəyir. Tərəflər arasında bağlanmış zaminlik müqaviləsinin 2.2-ci bəndinə əsasən Zamin özünə məxsus bütün daşınar və daşınmaz əmlakları ilə Bankla Borcalan arasında bağlanmış 06.09.2019-cu il tarixli İK № 340/İST/2019 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 Bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürülür. 2.4-cü bəndə əsasən borcalanın Bank qarşısında öhdəliklərini icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində banka dəyən bütün zərərlərin (kredit müqaviləsi üzrə kredit (əsas) borcu, faizlər, cərimə faizi, dəbbə pulu, məhkəmə xərcləri və s.) əvəzinin ödənilməsi də daxil olmaqla Zamin Bank qarşısında Borcalan ilə eyni həcmdə, yəni tam öhdəlik üzrə məsuliyyət daşıyır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı ASC-nin “Gəncə” filialı ilə Cavabdeh2 arasında bağlanmış 06.09.2019-cu il tarixli İK № 340/İST/2019 saylı kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi və həmin müqavilə üzrə “Bank”a olan 3950,10 manat əsas, 837,84 manat faiz, 699,50 manat cərimə borcu olmaqla, cəmi 5487,44 manat kredit borcu və ödənilmiş 73,76 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmənin 01.03.2022-ci il tarixdə keçirilmiş hazırlıq iclasında iştirak etmiş cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC (Bank) ilə Cavabdeh2 (borcalan) arasında 06.09.2019-ci il tarixli, 340/İST/2019 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Bank borcalana illik 25 faiz dərəcəsi ilə 36 ay müddətinə, 7000 manat məbləğində kredit vermiş, borcalan isə müqavilə ilə müəyyənləşdirilmiş kredit məbləğindən istifadə etməyi və kredit müqaviləsi üzrə aldığı kredit məbləğini, habelə kredit məbləğindən istifadəyə görə illik faiz dərəcəsi ilə hesablanmış faizləri Banka ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndində nəzərdə tutulmuşdur ki, əsas və faiz borcu üzrə qrafikin tələbləri pozulduğu gündən etibarən borcalan illik 50 % olmaqla cərimə faizi ödəyir. İş materiallarından həmçinin görünür ki, İddiaçı ASC (Bank) ilə Cavabdeh3 və Cavabdeh1 (zaminlər) arasında 06.09.2019-ci il tarixli 340/İST/2019 nömrəli zaminlik müqaviləsi bağlamış və müqavilənin şərtlərinə əsasən zaminlər 06.09.2019-ci il tarixli, 340/İST/2019 saylı kredit müqaviləsi üzrə borclunun öhdəliklənin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşlər. İş materiallarında olan 01.03.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 İddiaçı ASC-yə 06.09.2019-cu il tarixli kredit müqaviləsi üzrə 3950,10 manat əsas; 837,84 manat faiz və 699,50 manat cərimə olmaqla, cəmi 5487,44 manat borcu yaranmışdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehlərə banka olan borcun ödənilməsi, əks təqdirdə borcun tələb edilməsi üçün məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq məktubu göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh2 arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçı qarşısında yuxarıda göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə və Mülki Məcəllənin 425, 427, 442, 448 və 739-cu maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçı verdiyi kreditin və kreditə hesablanmış faizlərin ödənilməmiş hissəsini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə, eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 699,50 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 100 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə, eyni zamanda digər Cavabdeh1, Cavabdeh3 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, onlar kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, qeyd edilən kredit məbləğinin və həmin məbləğə hesablanmış faiz və cərimə borcunun ödənilməsi üçün məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 kredit müqaviləsi üzrə iddiaçıya olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, digər cavabdehlər kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduqlarından, onlar Cavabdeh2 iddiaçı qarşısında olan pul öhdəliyini üzərinə götürmüşdür. Cavabdeh2 zaminliklə təmin edilmiş pul öhdəliyini icra etmədiyindən, Cavabdeh1 və Cavabdeh3 onunla birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşıyırlar. Odur ki, 06.09.2019-ci il tarixli, 340/İST/2019 saylı kredit müqaviləsi üzrə ödənilməmiş qalan 3950,10 manat əsas borc, 837,84 manat faiz borcu və 100 manat cərimə olmaqla, cəmi 4887,94 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Bundan başqa, məhkəmə iddianın müqavilənin ləğv edilməsinə dair hissəsini araşdıraraq hesab edir ki, iddia göstərilən hissədə də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh borcun ödənilməsini təmin etmədiyindən və beləliklə cavabdehin krediti vaxtında ödəməməsi iddiaçıya əhəmiyyətli zərər vurduğundan, iddiaçı tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia tələbi həmin hissədə də təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehlərə aid edilməli və iddiaçı tərəfindən ödənilmiş 73,76 manat dövlət rüsumu da cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 06.09.2019-cu il tarixli 340/İST/2019 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 həmin kredit müqaviləsi üzrə yaranmış 3950,10 manat əsas borc, 837,84 manat faiz borcu və 100 manat cərimə olmaqla, cəmi 4887,94 manat (dörd min səkkiz yüz səksən yeddi manat doxsan dörd qəpik) pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 73,76 manat (yetmiş üç manat yetmiş altı qəpik) pul müştərək qaydada alınaraq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №e-2(043)-630/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(043)-630/2022
16.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver