Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(043)-748/2022 29.03.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı LPO İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3973,06 manat əsas, 770,49 manat faiz borcu və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən 707,30 manat hesablanmış faiz borcu olmaqla, cəmi 5450,85 manat pulun və iş üzrə ödənilmiş 74,90 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 20 fevral 2015-ci il tarixli, 109.LN.1609.200215.R.00002 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 7230 manat məbləğində kredit verilmişdir. 20.02.2015-ci il tarixli 109.LN.1609.200215.R.00002 saylı kredit müqaviləsi üzrə 18 sentyabr 2015-ci il tarixli 1 saylı razılaşmaya əsasən, kredit müqaviləsinə uyğun ayrılmış kredit (kredit xətti) Kreditor tərəfindən restrukturizasiya edilmiş və bununla da kreditin ümumi məbləği 6400,77 manat təşkil etmişdir. Kredit müqaviləsinin 4.2-ci bəndinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. 16.09.2021-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 5450,85 manat təşkil edir. Bundan 3973,06 manat əsas, 770,49 manat faiz, 0 manat cərimə və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən 707,30 manat hesablanmış faiz borcu təşkil edir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 109.LN.1609.200215.R.00002 saylı, 20.02.2015-ci il tarixli kredit müqaviləsindən və kassa məxaric orderindən görünür ki, Bank tərəfindən cavabdehə 36 ay müddətinə illik 28% faiz hesablanmaqla 7230 manat məbləğində kredit verilmişdir. İş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında 18.09.2015-ci il tarixdə 109.LN.1609.200215.R.00002 saylı kredit müqaviləsi üzrə 1 saylı razılaşma imzalanmış və razılaşmaya əsasən borcalanın kredit müqaviləsi üzrə borcu restruktuzasiya edilərək 6400,77 manat müəyyən edilmiş, borcalan razılaşmaya əlavə edilmiş 2 saylı Əlavədə göstərilən cədvələ uyğun olaraq krediti ödəməyə borcludur. Birinci ödəniş 20.09.2015-ci il, sonuncu ödəniş isə 20.02.2018-ci il tarixdən gec olmayaraq həyata keçirilməlidir. İşin materiallarında olan 23.09.2021-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin 109.LN.1609.200215.R.00002 saylı kredit müqaviləsi üzrə 16.09.2021-ci il tarixə 3973,06 manat əsas, 770,49 manat faiz borcu, gecikdirilmiş vaxt üçün hesablanmış 707,30 manat faiz borcu olmaqla, cəmi 5450,85 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, kredit müqaviləsində göstərilən pul məbləğini cavabdehə vermişdir. Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Bu səbəbdən iddiaçı müqavilə şərtlərinə istinad edərək cavabdehlərdən müqavilə üzrə yaranmış borcun ödənilməsini tələb etmişdir. Lakin, iş materiallarına əlavə edilən Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, o, iddia müddətinin keçməsinin nəzərə alınaraq, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 03.06.2013-cü il tarixli qərarında göstərilir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddiaçının iddia ərizəsində isnad etdiyi tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti 20.02.2018-ci il tarixdə başa çatmışdır. Belə olan halda, həmin müqavilə üzrə iddia müddətinin axımı da 20.02.2018-ci il tarixdən başlanmışdır. İşin materiallarından görünür ki, iddiaçı mövcud iddia ərizəsi ilə 09.02.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia müddətinin axımının 20.02.2018-ci il tarixdən hesablanmağa başlaması nəzərə alındıqda, iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət edərkən, göstərilən tələb üçün qanunla müəyyən edilmiş üç illik iddia müddətini ötürmüşdür. Bu səbəbdən iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməli olduğundan, məhkəmə xərci olan 74,90 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı «borcun ödənilməsi» tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş 74,90 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №e-2(043)-748/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(043)-748/2022
29.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver