Məhkəmə qərarları › İş №e-2(043)-869/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(043)-869/2021

11.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(043)-869/2021 11.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən istifadə hüququnun tanınması və evdən istifadəyə maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və azyaşlı uşaqları, xx xxxx 2008-ci il təvəllüdlü X2 və xx xxxxx 2009-cu il təvəllüdlü X3 Gəncə şəhəri, Sadıllı qəsəbəsi, məhəllə D-l, sahə 16 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüquqlarının tanınması və bu evdən istifadəyə maneənin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 onun keçmiş həyat yoldaşı, Cavabdeh1 isə onun atası, yəni onun qaynatası olmuşdur. O, Cavabdeh2 ilə 2007-ci ildə ailə qurmuşdur. 2008-ci ildə nikahları rəsmi qaydada qeydə alınmışdır. Birgə nikahlarından xx xxxx 2008-ci il tarixdə oğlu X5, xx xxxxx 2009-cu il tarixində isə digər oğlu X6 dünyaya gəlmişlər. Lakin, sonradan şəxsi münasibətləri pozulmuş və nəticədə məhkəmə qaydasında boşanmışlar. Nikahları pozulan zaman uşaqlar onun himayəsində saxlanılmışlar. Ailə həyatı qurduqdan bir müddət sonra keçmiş həyat yoldaşı Cavabdeh2 ilə birlikdə qaynatasına məxsus Gəncə şəhəri, Sadıllı qəsəbəsi, məhəllə D-l, sahə 16 ünvanında yerləşən evin tikinti işlərini sona çatdırmış və həmin evə köçmüşlər. Bundan sonra bir neçə il ərzində sözügedən evdə cavabdehlə birlikdə ailə üzvü kimi yaşayaraq ümumi təsərrüfat aparmışlar. Boşandıqdan sonra da bu günə kimi uşaqları ilə birlikdə həmin evdə yaşayır. Cehiz əşyaları da hazırda sözügedən evdədir. Yəni, bu yaxınlara kimi maneəsiz olaraq uşaqları ilə birlikdə sözügedən evdə yaşamışdır. Lakin, son zamanlar cavabdehlər onları evdən çıxarmağa çalışırlar. Hətta bununla bağlı polisə də müraciət etmişlər. Yəni, uzun illərdən bəri sözügedən evdə yaşamalarına baxmayaraq, cavabdehlər hazırda bu evdə yaşamalarına maneçilik törədirlər. Bu səbəbdən də hazırda azyaşlı uşaqları ilə birlikdə yaşadığı Gəncə şəhəri, Sadıllı qəsəbəsi, məhəllə D-l, sahə 16 ünvanında yerləşən fərdi yaşayış evinin yaşayış sahəsindən istifadə hüquqlarının tanınması və bu evdən istifadəyə maneənin aradan qaldırılması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi X4 izahatında bildirdi ki, iddiaçı digər cavabdehin keçmiş həyat yoldaşıdır. Mübahisə predmeti olan yaşayış sahəsi iddiaçının qaynatasının mülkiyyətində olmuşdur. Bu səbəbdən də iddiaçının yaşayış sahəsindən istifadə hüququ yaranmamışdır. Qeyd edilənləri nəzərə alaraq, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlmədiyindən, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışdan görünür ki, Gəncə şəhəri Kəpəz rayonu, Sadıllı qəsəbəsi, məhəllə D-1, sahə 16 ünvanında yerləşən ümumi sahəsi 83,6 kv.m olan fərdi yaşayış sahəsi xx.xx.2012-ci il tarixdən Cavabdeh1 xüsusi mülkiyyətindədir, bu barədə daşınmaz əmlakın dövlət reyestrində 56 nömrəli reyestr kitabının 34 nömrəli vərəqində qeydiyyat aparılmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Cavabdeh2 və İddiaçı birgə nikahından xx.xx.2008-ci il tarixdə X5 və xx.xx.2009-cu il tarixdə X6 doğulmuşdur. İş materiallarında olan Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 2(043)-2585/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh2 ilə İddiaçı arasında xx.xx.2008-ci ildə 94 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, birgə nikahından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2009-cu il təvəllüdlü X3 anaları İddiaçı yanında saxlanması və uşaqların saxlanması üçün hər ay hər uşağa görə 90 manat olmaqla, ümumilikdə 180 manat alimentin Cavabdeh2 İddiaçı xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan AZ-İ seriyalı 217379 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış nikah xx.xx.2015-ci il tarixdə pozulmuşdur. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia əsassızdır. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh2 2007-ci ildə faktiki olaraq ailə qurmuş, nikahlarını xx.xx.2008-ci ildə rəsmiləşdirmişlər. Onların birgə nikahından 2 övladları doğulmuşdur. Ailə qurduqdan bir müddət sonra Gəncə şəhəri Kəpəz rayonu, Sadıllı qəsəbəsi, məhəllə D-1, sahə 16 ünvanında yerləşən evə köçmüşlər. Daha sonra ailə münasibətləri baş tutmadığından onlar arasında olan nikah pozulmuş və faktiki olaraq ayrılmışlar. Gəncə şəhəri Kəpəz rayonu, Sadıllı qəsəbəsi, məhəllə D- 1, sahə 16 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2012-ci il tarixdə Cavabdeh1 adına rəsmiləşdirilmiş və yaşayış sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçı hazırda Cavabdeh1 məxsus Gəncə şəhəri Kəpəz rayonu, Sadıllı qəsəbəsi, məhəllə D-1, sahə 16 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququn tanınmasını və cavabdehlər tərəfindən həmin evdən istifadəyə yaradılan maneənin aradan qaldırılmasını xahiş edir. “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2014-cü il tarixli qərarında qeyd edilir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30cu maddəsinin müddəaları tətbiq edilməlidir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.2008-ci il tarixdə cavabdehlərdən Cavabdeh2 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və bir müddət sonra mübahisəli yaşayış sahəsinə köçmüşdür. Həmin yaşayış sahəsinə dair mülkiyyət hüququ xx.xx.2012-ci il tarixdə iddiaçının qaynatası – digər Cavabdeh1 adına qeydə alınmışdır. Yaşayış sahəsinin mülkiyyət forması 2012-ci ildən dəyişdiyindən, iddiaçının həmin yaşayış sahəsindən istifadə hüququnun yaranması ilə bağlı mübahisə Mülki Məcəllənin 228.1, 228.2-ci maddələri və ya hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsi ilə müəyyən edilmiş qaydalara uyğun olaraq həll edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Məhkəmə hesab edir ki, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin tələbləri baxımından İddiaçı yaşayış sahəsinin mülkiyyətçisi Cavabdeh1 münasibətdə onun ailə üzvü hesab olunmur. Belə ki, mülkiyyətçinin ailə üzvləri dedikdə, onun arvadı (əri), uşaqları və valideynləri başa düşülür. Mənzil Məcəlləsinin 30.1-ci maddəsində göstərilən “digər qohumlar” ifadəsinə gəldikdə isə qeyd edilməlidir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvü hesab olunmadığından, ona məxsus yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsi üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsinə riayət edilməsi tələb olunurdu. Belə ki, qeyd olunan maddi hüquq normalarına əsasən mülkiyyətçinin ailə üzvü sayılmayan şəxslərin yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə onun arasında yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mütləq şərt kimi göstərilmişdir. Lakin, iş materialları ilə müəyyən olunur ki, iddiaçı ilə yaşayış sahəsinin mülkiyyətçisi arasında yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsinə dair notariat qaydasında təsdiqlənən yazılı müqavilə bağlanmamışdır. Belə müqavilə bağlanmadığına görə, iddiaçının yaşayış sahəsindən istifadə hüququ da əmələ gəlməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı himayəsində olan azyaşlı uşaqları (məhkəmə qətnaməsi ilə uşaqlar onun yanında saxlanılmışdır) ilə birlikdə Cavabdeh1 məxsus yaşayış sahəsindən istifadə hüququnun tanınması və evdən istifadəyə maneənin aradan qaldırılması bağlı iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən istifadə hüququnun tanınması və evdən istifadəyə maneənin aradan qaldırılması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar