Məhkəmə qərarları › İş №e-2(043)-914/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(043)-914/2022

29.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(043)-914/2022 29.04.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçıSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə bağlanmış 15 dekabr 2019-cu il tarixli 005CASA********** saylı güzəştli kredit müqaviləsinin ləğv edilməsi və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 12233,58 manat əsas kredit borcu və 35,6 manat faiz borcu olmaqla, cəmi 12269,18 manat məbləğində pul və ödənilmiş 126,81 manat dövlət rüsumunun tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, 15 dekabr 2019-cu il tarixli 005CASA********** saylı güzəştli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh1 12 ay güzəşt müddəti olmaqla 60 ay müddətinə illik 1 faiz kreditdən istifadəyə görə haqq ödəmək şərtilə 12765,89 manat məbləğində kredit verilmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ilə iddiaçı arasında bağlanmış 15 dekabr 2019-cu il tarixli FİZAM78640801 saylı zaminlik müqavilələrinə əsasən onlar, Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərlərinə götürmüş və bu barədə öhdəlik imzalamışlar. Lakin, kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında icra etməyən cavabdehlərin İddiaçı ASC-yə 07.12.2022-ci il tarixə 2233,58 manat əsas və 35,6 manat faiz borcu olmaqla, cəmi 12269,18 manat borcu qalmaqdadır. Ona görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X3 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla yanaşı, məhkəmənin hazırlıq iclasında iştirak etmiş Cavabdeh1 izahatında bildirmişdir ki, o, biznes fəaliyyətini genişləndirmək üçün bankdan kredit götürmüş, lakin pandemiya olduğundan, işi Rusiya Federasiyasında olduğundan və xarici ölkəyə gedişgəliş dayandırıldığından ödənişləri davam etdirə bilməmiş və bank qarşısında olan öhdəliyini yerinə yetirə bilməmişdir. Hazırda borcunu yeni qrafik əsasında hissə-hissə ödəyə bilər. İş materiallarına əlavə olunmuş 15 dekabr 2019-cu il tarixli 005CASA********** nömrəli güzəştli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 60 ay müddətinə illik 1% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 12765,89 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 15 dekabr 2019-cu il tarixli FİZAM78640801 nömrəli zaminlik müqavilələrindən görünür ki, Cavabdeh2 və Cavabdeh3 Cavabdeh1 bank qarşısında kredit müqaviləsindən irəli gələn öhdəlikləri üçün birgə məsuliyyəti üzərinə götürmüşlər. İş materiallarında olan kredit borcunun hesablanması haqqında arayışdan görünür ki, Cavabdeh1 İddiaçı ASC-yə olan 12233,58 manat kredit borcu və 35,6 manat kreditdən istifadəyə görə faiz borcu, cəmi 12269,18 manat təşkil edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin faktiki hallarını araşdıraraq və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə görə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, tərəflər arasında kredit müqavilələri bağlanmış və bununla da onlar arasında kredit hüquq münasibətləri yaranmışdır. Müqavilələrin şərtlərinə əsasən borc alan alınan kredit məbləğini ona hesablanmış faizləri ilə birlikdə dövri olaraq kreditora qaytarmalıdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Buna görə də, məhkəmə iddiaçının müqavilənin vaxtından əvvəl ləğv edilməsi, əsas və faiz borcunun cavabdehdən tutulması tələblərini əsaslı hesab edir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 15 dekabr 2019-cu il tarixli 005CASA********** saylı güzəştli kredit müqaviləsi ləğv edilməli, həmin müqavilə üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 12233,58 manat kredit borcu və 35,6 manat kreditdən istifadəyə görə faiz borcu olmaqla cəmi 12269,18 manat pul tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107 və 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödəmiş olduğu 126,81 manat dövlət rüsumundan ibarətdir. Ona görə də, məhkəmə ödənilmiş 126,81 manat dövlət rüsumunun cavabdehlərdən tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 15 dekabr 2019-cu il tarixli, 02.11.2019-cu il tarixli, 005CASA********** saylı güzəştli kredit müqaviləsi ləğv edilsin. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 15 dekabr 2019-cu il tarixli, 005CASA********** saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 12233,58 manat əsas borc və 35,6 manat kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 12269,18 (on iki min iki yüz altmış doqquz manat, on səkkiz qəpik) manat pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 126,81 (yüz iyirmi altı manat, səksən bir qəpik) manat pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar