Məhkəmə qərarları › İş №e-2(044)-1375/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(044)-1375/2022

22.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(044)-1375/2022 22.06.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 01 mart 2019-cu il tarixli 2(044)-639/2019 saylı qətnaməsi əsasında tutulan alimentin məbləği dəyişdirilərək sabit pul məbləğində tutulmasını, xx.xx.2015-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay, hər uşaq üçün 193 manat, cəmi 386 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək bildirmişdir ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 01 mart 2019-cu il tarixli 2(044)-639/2019 saylı qətnaməsinə əsasən xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 26 dekabr 2018-ci il tarixdən başlayaraq, hər ay Cavabdeh qazancının (və ya başqa gəlirinin) 1/3 hissəsi miqdarında və əlavə olaraq hər bir uşağın saxlanması üçün 25 manat ümumilikdə 50 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi və alimentin tutulmasının əvvəli 26 dekabr 2018-ci il tarixdən hesablanması qət edilmişdir. İddiaçı hazırda həmin pulla uşaqlarının tələbatını ödəyə bilmir. Cavabdeh maddi cəhətdən uşaqlarına yardım göstərəcək iqtidarında olsa da, özü könüllü olaraq uşaqlarına əlavə heç bir maddi yardım göstərmir. Onların maddi və mənəvi maraqlarını təmin etmir. Hər uşaq üçün kəsilmiş 25 manat əlavə xərclə birlikdə cavabdehin ümumilikdə hər ay ödədiyi 230 manat alimentin üzərindən artıq 3 il ötür, uşaqlar böyüyür, inkişaf edir. Uşaqlar böyüdükcə, inkişaf etdikcə məlumdur ki, artıq onların saxlanma xərci də artır. Hazırki dövrdə həmin pula uşaqların tələbatını qarşılamaq qeyri-mümkündür. Sonda o, iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddianı qismən qəbul edərək bildirmişdir ki, onun əmək haqqı cəmi 582 manat təşkil edir, hər ay iki uşağa ümumilikdə 200 manat aliment ödəyə bilər. Sonda o, iddianın qismən təmin edilməsini xahiş etmişdir. Mülki iş materiallarında olan: - X1 sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, iddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. X1 sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. - doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, tərəflərin birgə nikahdan xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X4 adlı uşaqları doğulmuşdur. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü hissəsində qeyd olunmuşdur ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. - 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, habelə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. - 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2019-cu il üçün yaşayış minimumu uşaqlar üçün 160 manat məbləğində, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. İddiaçı ərizəsində yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün hər ay cəmi 386 manat aliment tutulmasını xahiş etsə də, sabit pul məbləğində tutulmalı olan alimentin hansı səbəbdən həmin məbləğdə tutulmalı olduğunu əsaslandırmamış, bu xüsusatı təsdiq edən hər hansı bir sübutu və cavabdehin gəlirində artım olmasını təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Buna baxmayaraq məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafelərini, onların normal, yəni qida rassionlarına uyğun şəkildə qidalanmalarını, fiziki, əqli və sosial cəhətdən inkişaflarını, təhsilləri ilə bağlı xərclərin olduğunu, alimentin tutulduğu tarixdən bu günə qədər uşaq üçün yaşayış minumumunun 33 manat artıdığını, həmçinin həmin müddətdə ölkədə malların və xidmətlərin qiymətinin bahalaşdığını nəzərə alaraq hesab edir ki, yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün sabit pul məbləğində tutulan alimentin məbləği dəyişdirilərək hər ay bir uşaq üçün 140 manat, cəmi 280 manat müəyyən edilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 8-2\2016 saylı Qərarının 8-ci maddəsinin 12-ci bəndində göstərilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi barədə iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının MPM-nin 112.1 və 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Belə olan halda, mediasiya xərcinin iddiaçı tərəfindən ödənildiyini və cavabdehin üzrsüz səbəbdən ilkin mediasiya sessiyasında iştirak etmədiyini, iddiaçının dövlət rüsumunu ödəməkdən azad edildiyini, tələb edilən alimentin artımının 1 illik ödəməsinin (əvvəl təyin edilmiş alimentin məbləği ilə iddiaçının tələb etdiyi alimentin məbləği arasında olan fərq nəzərə alınmaqla) məcmusunu və iddianın qismən təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 50 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalı, dövlət rüsumu üçün 30 manat cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(044)-639/2019 nömrəli qətnaməsinə əsasən müəyyən olunmuş alimentin məbləği dəyişdirilməklə, xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay bir uşaq üçün 140 manat, cəmi 280 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin və həmin məbləğdə alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia qalan hissədə rədd edilsin. İlkin mediasiya sessiyasına ödənilmiş 50 (əlli) manat Cavabdeh İddiaçı xeyrinə tutulsun və Cavabdeh 50 (əlli) manat dövlət rüsumunun 30 (otuz) manat tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar