Məhkəmə qərarları › İş №e-2(044)-1940/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(044)-1940/2022

29.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(044)-1940/2022 29.06.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlu, iddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı “X1” ASC iddia ərizəsi ikə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 300 manat əss, 53 manat faiz, 3,50 manat komisyon haqqı borcu olmaqla, cəmi 357 manat borcun, 0,40 manat xidmət haqqının və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalıdır. Çünki iş materiallarına baxış keçirilərkən Cavabdeh məhkəmədə ona qarşı iddia qaldırılmamışdan öncə vəfat etdiyi müəyyən edilmişdir. Belə ki, Elektron Məhkəmə Sistemindən görünür ki, xx.xx.1955-ci il tarixdə Xanlar rayonu, Topalhəsənli kəndində doğulmuş Cavabdeh xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 25.1 və 25.2-ci maddələrinə əsasən fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Göründüyü kimi iddia ərizəsi üzrə tələb yalnız fiziki və ya hüquqi şəxsə yönələ bilər. Fiziki şəxsin ölməsi ilə onun hüquq qabiliyyətinə, yəni mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətinə xitam verilir. Başqa sözlə, ölmüş şəxs heç bir mülki hüquq vəzifəsi daşıya bilmədiyindən həmin şəxsə qarşı iddia tələbi də yönələ bilməz. Cavabdeh xx.xx.2021-ci il tarixdə ölmüş, hazırkı iddia ərizəsi məhkəməyə onun ölümündən sonra xx.xx.2022-ci il tarixdə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. İddiaçı ““X1” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh vərəsələrinə qarşı iddia qaldırmalı olduğu halda, ölmüş şəxsə qarşı iddia qaldırdığından, ölmüş fiziki şəxsin hüquq qabiliyyəti olmadığından və ona hər hansı tələb yönələ bilməyəcəyindən hazırkı mülki işə məhkəmə qaydasında baxılması qeyri-mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. - 284-4.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 153.2-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmişdirsə məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. - 284-4.2-ci maddəsinə əsasən 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. - 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, iddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair ərizəsinin icraata qəbul olunmasından imtina edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268 və 284-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair ərizəsinin icraata qəbul olunmasından imtina edilsin. İddiaçıya izah edilsin ki, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Qərardaddan şikayət verilə bilməz. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar