Məhkəmə qərarları › İş №e-2(044)-32/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(044)-32/2022

20.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(044)-32/2022 20.04.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi X2, Cavabdeh1nun, onun nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1na və Cavabdeh2na qarşı borc tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bank of Baku ASC ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1ndan və Cavabdeh2ndan 5595.06 manat əsas, 2699.91 manat faiz borcu, 86.82 manat dəbbə pulu olmaqla cəmi 8381.79 manat pul vəsaitinin və ödənilmiş 20 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 31.07.2018-ci il tarixli, 2(044)- 4085/2018 saylı məhkəmə əmrinə əsasən cavabdehlər Cavabdeh1ndan və Cavabdeh2ndan kreditor Bank of Baku ASC ilə bağlanmış öhdəlik müqaviləsi (2975162 nömrəli, 08.12.2015 tarixli; RO/16471/55/29 nömrəli, 08.12.2015 tarixli) üzrə 8381.79 manat borcun 20 manat dövlət rüsumunun tutularaq kreditor Bank of Baku ASC-nin hesabına köçürülməsi qərara alınmışdır. Cavabdeh1 ərizə ilə müraciət edərək, məhkəmə əmrinin ləğv edilməsini və materialların iddia icraatına keçirilməsini məhkəmədən xahiş etmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 31.07.2018-ci il tarixli, 2(044)-4085/2018 saylı qərardadına əsasən məhkəmə əmri ləğv edilmiş, ərizə üzrə materiallar iddia icraatına keçirilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək bildirmişdir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış 08.12.2015-ci il tarixli RO/16471/55/29 saylı kredit müqaviləsinə əsasən bank Cavabdeh2 60 ay müddətinə, illik 26.28% olmaqla 6424.33 manat məbləğində kredit vermişdir. Hazırda borclu “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Borclu ilə aralarında bağlanmış müqavilənin müddətinin bitməsinə baxmayaraq hazırki vaxtadək onun banka olan borcu ödənilməmişdir. Cavabdeh1 kredit sazişinə əsasən zamin kimi bank qarşısında öz üzərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və kreditin qaytarılması ilə bağlı Cavabdeh2nun bütün öhdəliklərini icra etməlidir. Sonda iddiaçının nümayəndəsi iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək bildirdi ki, o, Cavabdeh2 08.12.2015-ci il tarixdə zamin durmamış, dələduzluğun qurbanı olmuşdur. Hazırda İddiaçınin Gəncə filialının müdiri barəsində ********* nömrəli cinayət işi üzrə istintaq gedir. E.Ağayev istintaq orqanlarından qaçıb gizləndiyi üçün beynəlxalq axtarış elan edilmişdir. Onlar həmin cinayət işi üzrə zərərçəkmiş elan ediliş, bundan başqa o qeyd etmişdir ki, iş materiallarında olan 08 dekabr 2015-ci il tarixli müqavilədə olan imza ona məxsus deyildir. Həmin imzanı oxşatmaqla başqa şəxs tərəfindən çəkilmişdir. O, 08 dekabr 2015-ci il tarixdə İddiaçı-nin Gəncə filialında olmamışdır. Bu səbəbdən də iddiaçının təqdim etdiyi saxta müqavilədə olan imzanın kim tərəfindən icra edilməsinin müəyyənləşdirilməsi üçün məhkəmə-xətşünaslıq ekspertizasının təyin olunmasını xahiş etmişdir. Cavabdeh1nun nümayəndəsi məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, Cavabdeh1 tanımadığı şəxslər tərəfindən zamin kimi göstərilərək dələduzluğun qurbanı olmuş, bununla bağlı polis orqanına müraciət etmiş və polis idarəsindən arayış vardır. Odur ki, Cavabdeh1na münasibətdə iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək bildirmişdir ki, o, 08.12.2015-ci il tarixli müqavilə üzrə borc almamış, hətta o, zamin Cavabdeh1 birinci dəfə məhkəmə iclasında görmüşdür. O, 08.12.2015-ci il tarixli müqaviləni və kassa məxaric orderini imzaladığını xatırlamır. Mülki iş materiallarında olan 08.12.2015-ci il tarixli RO/16471/55/29 saylı Kredit sazişindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh2na 60 ay müddətinə illik 26.28% olmaqla 6424.33 manat məbləğində kredit xətti açılmışdır. Həmçinin borc alan Cavabdeh2 öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin Cavabdeh1 borc alanla birgə məsuliyyət daşımağı, həmin kredit öhdəliyini tamamilə icra etməyi öhdəsinə götürmüşdür. Mülki iş materiallarında olan 08.12.2015-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh2 İddiaçı-dən 6424.33 manat məbləğində kredit almışdır. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsi Kəpəz Rayon Polis İdarəsinin Polis Bölməsinin 06 avqust 2020-ci il tarixli məktubundan görünür ki, Cavabdeh1nun müraciətinə cavab olaraq bildirilmişdir ki, İddiaçı-nin Gəncə filialının müdiri işləmiş X1 Azərbaycan Respublikası CM-nin 29, 177.3.2 və 178.3.2-ci maddələri ilə təqsirləndirilməsi barədə ********* nömrəli cinayət işi üzrə Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində istintaq aparılır. E.Ağayev istintaq orqanından qaçıb gizləndiyi üçün beynəlxalq axtarış elan edilmişdir. Odur ki, toplanmış material həmin cinayət işinə əkavə edilməsi üşün Gəncə şəhər Baş polis İdraəsinin İstintaq və Təhqiqat İdarəsinə göndərilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin faktiki halları ilə müəyyən olunur ki, Cavabdeh2 kredit sazişi üzrə öhdəliyini tam icra etmədiyinə görə borcu yaranmışdır. Buna görə də iddiaçı ondan borcun tutulmasını tələb etməkdə haqlıdır. Belə ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 10.08.2021-ci il tarixli qərardadına əsasən keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 04.02.2022-ci il tarixli, 4/10 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən ekspertizaya təqdim olunmuş, mülki işin 47-ci vərəqəsində olan 08 dekabr 2015-ci il tarixli 3012 nömrəli kassa məxaric orderində “Orderdə yazılmış məbləği aldım” qrafasındakı imza və 08 dekabr 2015-ci il tarixli RO/16471/55/29 nömrəli kredit sazişində (i.v.51) “Müştəri” qrafasındakı imza - eyni şəxs, Cavabdeh2 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, mülki işin 51-ci vərəqəsində olan 08 dekabr 2015-ci il tarixli RO/16471/55/29 nömrəli kredit sazişində “Zamin” qrafasındakı imzanın-Cavabdeh1 tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsvirində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış müqavilədə dəbbə pulu haqqında razılaşma öz əksini tapmışdır. Bununla belə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə dəbbə pulu azaldılaraq 20 manat müəyyən olunmalıdır. Bununla belə, məhkəmə iddiaçının Cavabdeh1na qarşı iddia tələbini əsassız hesab edir. Çünki iddiaçı Cavabdeh1 kredit sazişi üzrə zamin kimi öhdəliyin icra edilmədiyi təqdirdə Cavabdeh2 məsuliyyətini öz üzərinə götürdüyünü, öhdəliyini icra etmədiyini bildirsə də, bu fakt öz təsdiqini tapmamışdır. Belə ki, yuxarıda qeyd edilən ekspert rəyi ilə 08.12.2015-ci il tarixli kredit sazişindəki zamin qrafasındakı imzanın Cavabdeh1 tərəfindən imzalandığını müəyyən etmək mümkün olmamışdır. Bütün bunlar cavabdehin izahatında göstərilənlərin, yəni Cavabdeh1 kredit sazişi üzrə zamin olmadığını və onun həmin kredit sazişindən məlumatı olmadığını təsdiq edir. Buna görə də iddiaçı, üzərinə götürmədiyi öhdəliyə görə Cavabdeh1 borcun ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən Cavabdeh1 zamin olduğu və Tural Hüseynovla birgə məsuliyyət daşıdığı bildirilmiş, lakin bu barədə hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. - 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2ndan İddiaçı-nin xeyrinə 5595.06 manat əsas, 2699.91 manat faiz, 20 manat cərimə, cəmi 8314.97 manat borc tutulmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə əmri ləğv edilərək iddia icraatına keçdiyinə, iddia tələbi 500 manatdan çox olduğuna və iddia qismən təmin olunduğuna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumunun 10 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməli, kəsir qalan 10 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə məhkəmə – xətşünaslıq ekspertizalarının keçirilməsinə xərclənmiş 124 manat məbləğində pul vəsaitinin 62 manatı Cavabdeh2ndan, 62 manatı isə iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2ndan 5595.06 manat əsas, 2699.91 manat faiz, 20 manat cərimə, cəmi 8314 (səkkiz min üç yüz on dörd) manat 97 (doxsan yeddi) qəpik məbləğində borc və ödənilmiş 20 manat dövlət rüsumunun 10 (on) manatı tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. İş üzrə kəsir qalan 10 (on) manat dövlət rüsumu Cavabdeh2ndan tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə məhkəmə – xətşünaslıq ekspertizalarının keçirilməsinə xərclənmiş 124 manat məbləğində pul vəsaitinin 62 (altmış iki) manatı İddiaçı Açıq Səhmdar Cəmiyyətindən, 62 (altmış iki) manatı isə Cavabdeh2ndan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar