Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(044)-3224/2021 13.10.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X1rşı «maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X1rşı «maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin günahı ucbatından onun avtomobilinə dəymiş 1863 (min səkkiz yüz altmış üç) manat məbləğində maddi zərərin, həmçinin dəymiş zərərin hesablanması üçün servisə ödənilmiş 183 (yüz səksən üç) manat pulun, hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 212 (iki yüz on iki) manat pulun və iddia ərizəsinin məhkəməyə verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun, cəmi 2288 (iki min iki yüz səksən səkkiz) manat pulun Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyindən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yaşayır. Yaşadığı binanın qarşısında işıq dirəyi quraşdırılmışdı. Həmin işıq dirəyi cavabdeh Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin küçə işıqlanma şöbəsinin balansında olmaqla onlara texniki xidmət həmin şöbə tərəfindən göstərilirdi. Xeyli müddət idi ki, sözügedən işıq dirəyi külək əsən zaman yerindən tərpənirdi. Bununla bağlı binada yaşayan sakinlər dəfələrlə cavabdeh Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə və Gəncə şəhər İcra Hakimiyyətinin “qaynar xətt”inə müraciət etmişlər ki, nə qədər faciə baş verməyib həmin işıq dirəyini düzəltsinlər. Lakin müraciətlərinə əhəmiyyət verən olmamışdır. Sonuncu müraciətlərindən sonra isə Birliyin nümayəndələri binanın qarşısına gələrək sakinlərdən pul yığdıqdan sonra dirəyi düzəldəcəklərini bildirmişlər. Lakin onlar gəlib dirəyi düzəldənə qədər 23 avqust 2021-ci il tarixdə işdən qayıtdıqdan sonra həmişəki kimi özünə məxsus olan “Chevrolet Aveo” markalı ** CC *** dövlət nömrə nişanlı avtomobilini binanın qarşısında saxlayaraq evə keçmiş, evdə bir müddət oturduqdan sonra həyətdən möhkəm səs gəldiyini eşidən zaman həyətə baxmış və həmin işıq dirəyinin onun avtomobilinin üzərinə düşdüyünü və onu yararsız hala saldığını görmüşdür. Bundan sonra polisə və müvafiq orqanlara müraciət etsə də, ona həmin dirəklərə Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin nəzarət etdiyini bildirmişlər. Buna görə də o, cavabdeh təşkilata müraciət edərək ona dəymiş ziyanı ödəmələrini tələb etmişdir. Lakin təşkilat ona dəymiş ziyanı ödəməyəcəklərini bildirmişlər. Əslində isə hadisə məhz cavabdeh təşkilatın səhlənkarlığı və günahı ucbatından baş vermişdir. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat vermiş və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin nümayəndəsi X3 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, İddiaçı iddia ərizəsində göstərilir ki, güya Gəncə şəhəri, Məhrəsə bağı 6 və 7 saylı binaların qarşısında yerləşən işıq dirəklərinin nasaz, təhlükəli olması və onların götürülməli olmaları barədə Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə əvvəlcədən məlumat verilmişdir. Qeyd edir ki, Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə qeyd edilən məsələ ilə bağlı heç bir məlumat daxil olmamışdır. Həmçinin bildirir ki, güclü külək nəticəsində işıq dirəyinin aşmasına görə Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi məsuliyyət daşımır. Məhkəmədən iddia tələbinin təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan AD N 819363 seriyalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Chevrolet Aveo” minik markalı, ** CC *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı adına qeyd edilmişdir. İş materiallarında olan 24.08.2021-ci il tarixli qüsur aktından görünür ki, “Chevrolet Aveo” minik markalı, ** CC *** dövlət qeydiyyat nişanlı avtomobilə 1863 (min səkkiz yüz altmış üç) manat məbləğində ziyan dəymişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MM-nin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası MM-nin 1097.1-ci maddəsinə əsasən isə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Deməli, iddiaçı iddia tələbi daxilində vurulmuş zərəri tələb etdiyi təqdirdə, iddiada istinad etdiyi real zərərin mövcudluğunu müəyyən etməklə yanaşı, mülki hüquq pozuntusunu törətdiyi subyekti və zərərin həmin subyekt tərəfindən törədilməsini, həmçinin onun təqsirliliyini məhkəmə iclasında sübut etməlidir. Göründüyü kimi, qanunverici mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməsini müəyyən edərkən digər tərəfdən prosessual qaydaya uyğun iddia tələbinin əsası kimi istinad etdiyi halı sübut etmək vəzifəsini iddia edən şəxsin üzərinə bir vəzifə kimi qoymuşdur. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası MM-nin 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli Plenum Qərarında əks edilmiş hüquqi mövqeyə əsasən, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Zərər yetirmə ilə subyektiv hüququn pozulması, zərər vuran şəxsin aşkar olması və hüquqa zidd hərəkətlərdən zərərçəkmiş özünə məxsus qeyri-maddi nemətlərə aid hüquqların pozulması nəticəsində mənəvi sarsıntı, iztirabların yaranması mümkün olar. Məhkəmə qeyd edir ki, mülki hüquq münasibətlərində iştirak edən subyektlər arasında mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlər olmalıdır. Bunlar: 1) borclunun (zərərvuranın) hüquqazidd davranışı, 2) həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və 3) borclunun (zərərvuranın) təqsirliliyinin təsdiq edilməsidir. İşin faktiki hallarından aydın olur ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsinə maddi zərər vurulduğunu iddia edir, lakin hüquqazidd davranış müəyyən edilməmiş və baş vermiş zərər faktında cavabdehin təqsirliliyi təsdiq olunmamış, habelə məhkəmə iclasında sübuta yetirilməmişdir. Belə ki, iddiaçıya zərər dəyməsi işin mübahisəsiz halı olsa da, dəymiş zərərin hazırki iş üzrə cavabdehin hüquqazidd davranışı və həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə, həmçinin cavabdehin təqsirliliyi iddiaçı tərəfindən sübuta yetirilə bilməmişdir. Məhkəmə qeyd edir ki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməklə müzakirə etdiyi dəlillərlə, verilən izahatlarla, sənədlərlə əsaslandırır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılır. Məhkəmə xüsusi ilə vurğulayır ki, iddiaçının ərizəsində göstərdikləri işin həllində səmərəli olmamış, habelə məhkəmə iclasında tərəflərin izahatları, iş üzrə digər sübutlar vasitəsi ilə təsdiq edilmədiyindən subyektiv mövqe kimi qəbul olunaraq mübahisənin həllində effektiv sayılmamışdır. Məhkəmə qeyd edir ki, qanunverici mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Bununla bərabər, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır və bu institutun xüsusi əhəmiyyət kəsb etməsi çox vacibdir. İddia tələbinin təsdiqlənməsi üçün iddia edən şəxsin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd etmək səlahiyyətinə malikdir. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal yaranır və belə olduğu təqdirdə məhkəmədə qaldırılan iddia üzrə baş vermiş zərər faktında cavabdehin təqsirliliyinin sübuta yetirilməməsi qənaətinə gəlməklə iddianın əsassız olması nəticəsinə gəlmək üçün zəmin yaradır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı sübut etmə yükünün öhdəsindən gələ bilməmiş və belə olduğu təqdirdə iddiaçının tələbi əsassız sayılmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının iddia tələbi məhkəmə tərəfindən təmin edilmədiyi üçün məhkəmə hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumu özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14, 77, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X1rşı «maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən bir ay müddətinə Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №e-2(044)-3224/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(044)-3224/2021
13.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver