Məhkəmə qərarları › İş №e-2(044)-773/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(044)-773/2022

01.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(044)-773/2022 01.06.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqavilsəi üzrə yaranmış borcun tutulması barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 10 sentyabr 2021-ci il tarixli, 800804-908260/2 nömrəli kredit müqaviləsi üzrə 9150 manat məbləğində əsas borc və 876.58 manat faiz borcu olmaqla, ümumilikdə 10,026.58 manat borcun və 120.48 manat məbləğində dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək Cavabdeh1 və Cavabdeh2 10 sentyabr 2021-ci il tarixli, 800804-908260/2 nömrəli kredit müqaviləsi üzrə 9150 manat məbləğində əsas borc və 1123.95 manat faiz borcu olmaqla, ümumilikdə 10,273.95 manat borcun və 121.63 manat məbləğində dövlət rüsumunun tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək bildirdi ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 10 sentyabr 2021-ci il tarixli, 800804- 908260/2 saylı kredit müqaviləsinə əsasən cavabdehə 46 ay müddətinə 20 faizlə 9150 manat məbləğində kredit verilmişdir. Eyni zamanda, İddiaçı ASC ilə Cavabdeh2 arasında 10 sentyabr 2021-ci il tarixli, 800804-908260/2 nömrəli zaminlik müqavilələri imzalanmışdır. Zaminlik müqaviləsinin 4.2-ci bəndinə əsasən zamin bank qarşısında (borcalan tərəfindən 10 sentyabr 2021 il tarixli, 800804-908260/2 nömrəli kredit müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə görə) borcalanla eyni dərəcədə, kreditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsi, borcalan tərəfindən kredit müqaviləsi üzrə icra edilməyən və icrası mümkün olmayan öhdəliklər üzrə borcların yığılması ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsinə cavabdehlik daşıyır. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Borclulara dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, onlar Banka olan borcu ödəməmişlər. 14 fevral 2022-ci il tarixinə 9150 manat məbləğində əsas borc və 876.58 manat faiz borcu olmaqla, ümumilikdə 10,026.58 manat məbləğində kredit borcu yaranmışdır. Sonda iddiaçının nümayəndəsi iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul edərək bildirmişdir ki, o, imkanı olmadığı üçün tam ödəniş edə bilmir. Hər ay 100 manat hissə-hisə ödəniş etməyə imkanı çatır. Sonda o, iddianın təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Cavabdeh2 məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan: - İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 10 sentyabr 2021-ci il tarixli, 800804-908260/2 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh1 illik 20% dərəcəsi ilə 46 ay müddətinə şəxsi istehlak məqsədi üçün 9150 manat məbləğində kredit verilmişdir. - xx.xx.2022-ci il maliyyə arayışından görünür ki, borcluların banka xx.xx.2022-ci il tarixə 9150 manat məbləğində əsas borc və 1123.95 manat faiz borcu olmaqla, ümumilikdə 10,273.95 manat borcu var və kredit müqaviləsi üzrə gecikmə 154 gün təşkil edir. - 10 sentyabr 2021-ci il tarixli zaminlik müqavilələrinin surətlərindən görünür ki, zamin Cavabdeh2 borc alan Cavabdeh1 10 sentyabr 2021-ci il tarixli, 800804-908260/2 saylı kredit müqaviləsi üzrə Bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə borc alanla birgə məsuliyyəti öz üzərlərinə götürmüşlər. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki hallarından görünür ki, Cavabdeh1 kredit müqaviləsinə əsasən İddiaçı ASC qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Cavabdeh2 ilə bağlanmış zaminlik müqaviləsinə əsasən sonuncu kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Cavabdeh1 ilə birgə məsuliyyəti öz üzərlərinə götürmüşdür. Buna görə də hesab edirəm ki, iddia tələbi Cavabdeh2 münasibətdə də təmin olunmalıdır. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 9150 manat məbləğində əsas borc və 1123.95 manat faiz borcu olmaqla, ümumilikdə 10,273.95 manat məbləğində borc tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə iddiaçının məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 121.63 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 9150 manat məbləğində əsas borc və 1123.95 manat faiz borcu olmaqla, ümumilikdə 10273 (on min iki yüz yetmiş üç) manat 95 (doxsan beş) qəpik məbləğində borc və 121 (yüz iyirimi bir) manat 63 (altmış üç) qəpik dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar