Məhkəmə qərarları › İş №e-2(045)-1116/2025

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(045)-1116/2025

03.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № e-2(045)-1116/2025 03.09.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Nağızadə Tuncay Göyüş oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Həmzəyev Elçin Səfalı oğlunun vərəsəsi Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli BPM**********69 nömrəli nəğd kredit üzrə üzrə 7580,59 ( yeddi min beş yüz səksən manat, əlli doqquz qəpik) manat əsas, 16,73 (on altı manat, yetmiş üç qəpik) faiz olmaqla, ümumilikdə 7597,32 (yeddi min beş yüz doxsan yeddi manat, otuz iki qəpik) borcun borcun, xx.xx.2022-ci il tarixli BPM**********20 kart limiti üzrə üzrə 210,83 ( iki yüz on manat, səksən üç qəpik) manat əsas, 3,23 (üç manat, iyirimi üç qəpik) faiz olmaqla, ümumilikdə 214,06 (iki yüz on dörd manat, altı qəpik) borcun və ödənilmiş 98,12 (doxsan səkkiz manat, on iki qəpik) manat dövlət rüsumunun və 0,4 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə müvafiq qətnaməqəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə Həmzəyev Elçin Səfalı oğlu arasında xx.xx.2022-ci il tarixli, BPM**********20 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Həmzəyev Elçin Səfalı oğluna 36 ay müddətinə illik 24 faiz olmaqla, 300 manat məbləğində kart limiti verilmişdir. Həmçinin, Azərbaycan Beynəlxalq Bankı” ASC ilə Həmzəyev Elçin Səfalı oğlu arasında xx.xx.2023cü il tarixli BPM**********69 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Həmzəyev Elçin Səfalı oğlunaillik 24%-lə 48 ay müddətinə 8500 manat nəğd kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqavilələri ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilələr ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Həmzəyev Elçin Səfalı oğlu xx.xx.2024-ci il tarixdə vəfat etmişdir. 1 saylı Gəncə Regional “Asan Xidmət” mərkəzində Notariat ofisinin xx.xx.2024-cü il tarixli, 3206 nömrəli məktubundan görünür ki, Həmzəyev Elçin Səfalı oğlundan qalmış mirası cavabdehlər qəbul etmişdir. Bankın “Gəncə” filialı tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən, Həmzəyev Elçin Səfalı oğlunun Banka ödənilməmiş nəğd kredit üzrə vəfat etdiyi tarixə 7580,59 manat əsas borcu, 16,73 manat faiz borcu qalmışdır. xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən Həmzəyev Elçin Səfalı oğlunun Banka ödənilməmiş kart limiti üzrə vəfat etdiyi tarixə 210,83 manat əsas borcu və 3,23 manat faiz borcu qalmışdır. Cavabdehlər mərhum Həmzəyev Elçin Səfalı oğlundan qalmış mirası qəbul etmələrinə baxmayaraqonlara çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişlər.Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliklərini bu günədək tam şəkildə yerinə yetirməmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi və cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəməyə gəlməmişlər. İddiaçı "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək təyin edilmiş məhkəmə baxış iclasına üzürlü səbəbdən iştirak edə bilməyəcəyini, məhkəmə baxış iclasını onların iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlərdir. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin üzrlü səbəbi haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra- MPM) 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia ərizəsinə etiraz edərək, məhkəmədən iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Verilən suala cavab olaraq bildirdi ki, krediti götürmüş şəxs Həmzəyev Elçin Səfalı oğlu onu həyat yoldaşı olmuş, digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 isə övladlarıdır. Həyat yoldaşı xx.xx.2024-cü il tarixdə vəfat etdikdən sonra ondan yalnız 3800 manat miqdarında əmək haqqı miras qalmış, həmin məbləği qəbul etməyə görə ondan vərəsəlik şəhadətnaməsi tələb olunduğu üçün müvafiq notariat orqanına müraciət etmiş, lakin vərəsə kimi tanındığı halda mərhumdan qalan kredit borcunu da ödəməli olacağını anladığı üçün özü və övladları Həmzəyev Elçin Səfalı oğlunun vərəsəsi kimi tanınmaqdan imtina etmişləe və vərəsəlik şəhadətnaməsi almamışlardır. Əlavə olaraq bildirdi ki, həyat yoldaşından əmək haqqıdan başqa hər hansı daşınar və daşınmaz əmlak miras qalmamışdır. Mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli, BPM**********20 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən borcalan Həmzəyev Elçin Səfalı oğluna 36 ay müddətinə illik 24 faizlə olmaqla, 300 manat məbləğində kredit xətti açılmışdır; xx.xx.2023-cü il tarixli, BPM**********69 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC Həmzəyev Elçin Səfalı oğluna 48 (qırx səkkiz) ay müddətinə, illik 24 faiz olmaqla 8500 (səkkiz min beş yüz) manat məbləğində kredit verməyi, Həmzəyev Elçin Səfalı oğlu həmin məbləğdə krediti qəbul etməyi, kredit üzrə əsas borcu və ona hesablanmış faizləri müqavilədə göstərilən müddətdə və qaydada ödəməyi, habelə ödənişlərdə gecikdirməyə yol verdiyi təqdirdə hesablanmış cərimə məbləğini ödəməyi öhdəsinə götürmüşdür; "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, borcalan Həmzəyev Elçin Səfalı oğlunun xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixədək 210,83 manat əsas borc, 3,23 manat faiz borcu olmaqla, cəmi 214,06 manat məbləğində kredit borcu vardır; "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, borcalan Həmzəyev Elçin Səfalı oğlunun xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixədək 7580,59 manat əsas borc, 16,73 manat faiz borcu olmaqla, cəmi 7597,32 manat məbləğində kredit borcu vardır; Goranboy Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 423516 nömrəli, xx.xx.2024-cü il tarixli “ölüm haqqında şəhadətnamədən” görünür ki, Həmzəyev Elçin Səfalı oğlu xx.xx.2024-cü il tarixdə vəfat etmişdir; 1 saylı Gəncə Regional “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.2024-cü il tarixdə ölmüş Həmzəyev Elçin Səfalı oğlunun adına ünvan 1 ünvanında qeydiyyatda olanlar – Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 ərizəsinə əsasən 1 saylı Gəncə regional “Asan xidmət” mərkəzində notariat ofisində vərəsəlik işi açılmışdır, lakin vərəsəlik şəhadətnaməsi verilməmişdir; 1 saylı Gəncə Regional “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, 1 saylı Gəncə regional “Asan xidmət” mərkəzində notariat ofisində xx.xx.2024-cü il tarixdə ölmüş Həmzəyev Elçin Səfalı oğlunun miras əmlakı siyahıya alınmamışdır. Əlavə olaraq bildirilmişdir ki, Həmzəyev Elçin Səfalı oğlundan irs qalmış miras əmlaka dair vərəsəlik işi açılmışdır, lakin şəhadətnaməsi verilməmişdir; Hökümət ödəniş portalının ********** nömrəli, xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən iddia verilməsi üçün 98,12 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödəmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, Həmzəyev Elçin Səfalı oğluna "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixli, BPM**********20 saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə, illik 24 faiz olmaqla 300 (üç yüz) manat məbləğində kredit, xx.xx.2023-cü il tarixli, BPM**********69 nömrəli kredit müqaviləsinə əsasən isə 48 (qırx səkkiz) ay müddətinə, illik 24 faiz olmaqla 8500 (səkkiz min beş yüz) manat məbləğində kredit verilmişdir. X3 Səfalı oğlu kredit müqavilələri üzrə borcun və ona hesablanmış faizlərin ödənilməsi barədə öhdəlik götürsə də, vəfat etdiyi üçün müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirə bilməmiş və onun banka ödənilməmiş kredit borcu qalmışdır. Hazırda bank mərhum borclunun vərəsələrindən borcun ödənilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır; 448.4-cü maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır; 739.1 və 739.2-ci maddələrinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır; 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir; 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; 1255-ci maddəsinə əsasən vərəsələr mirasqoyanın ölümü ilə mirası qanun əsasında əldə edirlər; 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar; 1306.4-cü maddəsinə əsasən mirasın siyahısı notarius tərəfindən tərtib edildikdə vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar; 1306.5-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir və bu halda, vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Yuxarıda qeyd olunan Konstitusiya Məhkəməsinin qərarında həmçinin qeyd olunur ki, Mülki Məcəllənin 558-ci maddəsinə əsasən əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmin Məcəllənin 1153-cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Göründüyü kimi iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən borclunun ölümündən sonra ondan qalan mirasın (əmək haqqı) qəbul edilməsi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün müraciət olunsa da, daha sonra miras passivin miras aktivindən çox olacağı əsası ilə fikirlərindən daşınaraq, açılmış vərəsəlik işini başa çatdırmamışlar, eyni zamanda cavabdehlərin mərhumun hər hansı əmlaklarını faktiki qəbul edərək, idarə və sahiblik etməsi iş materialları ilə müəyyən edilməmişdir. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Məhkəmə hesab edir ki, iddia tələbinin təmin olunması üçün yetərli sübutlar təqdim olunmamışdır. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməli və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 98,12 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı iddiaçı "xxxx" ASC-nin özünə aid edilməlidir. Yuxarıda qeyd olununlara əsasən MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 98,12 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı iddiaçı "xxxx" ASC-nin özünə aid edilsin. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar