Məhkəmə qərarları › İş №e-2(045)-1234/2024

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(045)-1234/2024

02.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № e-2(045)-1234/2024 02.10.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Qasımov Behbud Telman oğlunun katibliyi, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “kredit borcunun tutulması" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı iddia ərizəsi və daha sonra dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı ilə Cavabdeh2 arasında bağlanmış 23 fevral 2015-ci il tarixli 1-23 saylı kredit müqaviləsi üzrə əsas borc 3102,11 manat, faiz borcu 655,13 manat, cəmi borcu 3757,24 manat manat borc və ödənilmiş 57.57 manat dövlət rüsumunun onun hüquqi varisləri olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2, habelə zamin Cavabdeh3 tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi barədə müvafiq qətnaməqəbul edilməsini xahiş etmişdir. İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar "xxxx" ASC-nin problemli aktivləri (borcları) üzrə tələb hüququ İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına (bundan sonra - İddiaçı QSC) keçmişdir. Qeyd edilən Fərmanın icrası ilə bağlı Məmmədov Şahin Bəxtiyar oğlunun "xxxx" ASC-yə olan problemli borcu üzrə tələb hüququ da xx.xx.2017-ci il tarixli S-FK-MİN-68 saylı təhvil-təslim Aktı əsasında İddiaçı QSC-yə ötürülmüşdür. Bildirir ki, "xxxx" ASC ilə Məmmədov Şahin Bəxtiyar oğlu arasında bağlanmış 23 fevral 2015-ci il tarixli 1-23 nömrəli kredit müqaviləsinə əsasən Məmmədov Şahin Bəxtiyar oğluna istehlak məqsədi üçün 24 ay müddətinə illik 22 faizlə 6000 (altı min) manat kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı QSC-nin Gəncə filialı ilə Cavabdeh3 arasında 23 fevral 2015-ci il tarixli1-23/2 saylı zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən borcalan öz üzərinə götürdüyü öhdəliklərin vaxtında və lazımi qaydada yerinə yetirilməməsinə görə Borc verənə dəymiş zərər məbləğində məsuliyyət daşıyır. Lakin, kredit müqaviləsinin şərtlərinə cavabdeh Məmmədov Şahin Bəxtiyar oğlu tərəfindən əməl olunmamış, kreditin və ona hesablanmış faizlərin hesablanması gecikdirilmişdir. Bununla da cavabdeh kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. xx.xx.2020ci il tarixli DİN BPMQMİ-nin MAPS Arayışına əsasən Məmmədov Şahin Bəxtiyar oğlu xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Goranboy rayon İcra Hakimiyyəti Başçısının Qızılhacılı qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 06 yanvar 2022-ci il tarixli 01 saylı məktubuna əsasən Məmmədov Şahin Bəxtiyar oğlu vəfat etdikdən sonra onun ailə üzvləri Cavabdeh1 və Cavabdeh2 onun hüquqi varisi olmuşdur. Cavabdeh2 ilə İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı arasında bağlanmış 23 fevral 2015-ci il tarixli 1-23 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borc 3518,61 manat, faiz borcu 655,13 manat, cəmi borcu 3757, 24 (üç min yeddi yüz əlli yeddi manat 24 qəpik) manat təşkil edir. İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin üzrlü səbəbi haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra- MPM) 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2015-ci il tarixli 1-xx.xx.2015-MİN57 nömrəli kredit müqaviləsinə əsasən "xxxx" ASC Məmmədov Şahin Bəxtiyar oğluna 24 (iyirmi dörd) ay müddətinə, illik 22 faiz ilə (iyirmi iki) olmaqla 6000 (altı min) manat məbləğində kredit verməyi, Məmmədov Şahin Bəxtiyar oğlu həmin məbləğdə krediti qəbul etməyi, kredit üzrə əsas borcu və ona hesablanmış faizləri müqavilədə göstərilən müddətdə və qaydada ödəməyi, habelə ödənişlərdə gecikdirməyə yol verdiyi təqdirdə hesablanmış cərimə məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin, borclunun öhdəliyi zaminliklə təmin olunmuş və Cavabdeh3 bu müqavilə üzrə zamin qismində üzərinə öhdəlik götürmüşdür; "xxxx" ASC ilə "xxxx" QSC Bank olmayan Kredit Təşkilatı arasında bağlanmış 30 avqust 2017-ci il tarixli S-FK-MİN-68 saylı təhvil-təslim Aktına əsasən, Məmmədov Şahin Bəxtiyar oğluna qarşı müqavilə üzrə cəmi 4173,74 manat məbləğində problemli borcu üzrə tələb hüququ "xxxx" QSC Bank olmayan Kredit Təşkilatına təhvil verilmişdir; xx.xx.2015-ci il tarixli, FJB**********421 nömrəli, məxaric orderindən görünür ki, Məmmədov Şahin Bəxtiyar oğlu "xxxx" ASC- tərəfindən ödənilmiş 5790 manat məbləğində pulu qəbul etmişdir; "xxxx" ASC-dən "xxxx" QSC Bank olmayan Kredit Təşkilatına təhvil verilmiş məlumatından görünür ki, Məmmədov Şahin Bəxtiyar oğlunun xx.xx.2021-ci il tarixə, əsas borc üzrə 3102,11 manat, faiz borcu 655,13 manat, cəmi 3757,24 manat borcu vardır; Goranboy rayon Qızılhacılı qəsəbə icra nümayəndəliyi tərəfindən verilmiş 01 nömrəli, 06 yanvar 2022-ci il tarixli məktubundan görünür ki, Məmmədov Şahin Bəxtiyar oğlu 2015-ci il tarixdə vəfat etmiş, vəfatından sonra atası Cavabdeh2 və anası Cavabdeh1 vərəsələri qalmışdır; Hökümət ödəniş portalının ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı tərəfindən iddia verilməsi üçün 58 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, Məmmədov Şahin Bəxtiyar oğluna "xxxx" ASC tərəfindən xx.xx.2015-ci il tarixli 1xx.xx.2015-MİN57 nömrəli kredit müqaviləsinə əsasən 24 ay müddətinə, illik 22 faiz olmaqla müqavilə 6000 (altı min) manat məbləğində kredit verilmiş, Cavabdeh3 borclunun öhdəliyini icra etməsi üçün zamin kimi müəyyən edilmişdir. Məmmədov Şahin Bəxtiyar oğlu kredit müqaviləsi üzrə borcun və ona hesablanmış faizlərin ödənilməsi barədə öhdəlik götürmüş, borclu isə vəfat etdiyi üçün müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirə bilməmiş və onun banka ödənilməmiş borcu qalmışdır. Hazırda bank mərhum borclunun vərəsələrindən borcun ödənilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 448.4-cü maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 739.1 və 739.2-ci maddələrinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir; 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır; 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Yuxarıda qeyd olunan Konstitusiya Məhkəməsinin qərarında həmçinin qeyd olunur ki, Mülki Məcəllənin 558-ci maddəsinə əsasən əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmin Məcəllənin 1153-cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Göründüyü kimi iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən borclunun ölümündən sonra ondan qalan mirasın qəbul edilməsi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin (mirasın qəbulu faktını rəsmiləşdirən sənəd) verilməsi üçün müraciət olunmamışdır. Bu mənada, iddia tələbinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 münasibətdə təmin edilməsi istisna edilir. Bundan başqa cavabdehlərin, yəni Cavabdeh2 və Cavabdeh1 mərhumun əmlaklarını faktiki cəhətdən ələ keçirilməsi və onlara sahiblik etməsi iş materialları ilə müəyyən olunmamışdır. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Belə ki, iş üzrə müəyyən olunmuş faktiki hallardan məlum olur ki, iddiaçı tələbini əsaslandıra biləcək mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. Məhkəmə digər Cavabdeh3 munasibətdə qanunvericilik normaları və Konstitusiya Məhkəməsi Plenumunun qərarındakı mövqeyini rəhbər tutaraq qeyd edir ki, Cavabdeh3 23 fevral 2015-ci il tarixli 1-xx.xx.2015-MİN57 saylı kredit müqaviləsi üzrə əsas borc 3102,11 manat, faiz borcu 655,13 manat, cəmi 3757,24 manat borc alınaraq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına dənilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddia tələbi üzrə belə nəticəyə gəlir ki, Cavabdeh3 23 fevral 2015-ci il tarixli 1-xx.xx.2015-MİN57 nömrəli kredit müqaviləsi üzrə əsas borc üzrə 3102,11 manat, faiz borcu üzrə 655,13 manat borc olmaqla, ümumilikdə 3757,24 manat borc pul və iddia ərizəsinə görə ödənilmiş 57,57 manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulmalıdır. İddia digər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 münasibətdə rədd edilməlidir. Yuxarıda qeyd olununlara əsasən, MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh3 23 fevral 2015-ci il tarixli 1-xx.xx.2015-MİN57 nömrəli kredit müqaviləsi üzrə əsas borc üzrə 3102,11 manat, faiz borcu üzrə 655,13 manat borc olmaqla, ümumilikdə 3757,24 manat borc pul və iddia ərizəsinə görə ödənilmiş 57,57 manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına tutulsun. İddia digər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 münasibətdə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar