Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № e-2(045)-1323/2025 28.10.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Abbasov Seymur Rafiq oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə qızıl-zinət əşyalarının özünün, özünü geri qaytara bilmədikdə isə 1960 (min doqquz yüz altmış) manat əsas borc məbləğinin, qızılın cari bazar dəyər fərqi üzrə 619,70 manatın, brilliant daşların bazar dəyərinə təsiri üzrə 2680,30 manatın, vəkil xərcləri üzrə 270 manatın, dövlət rüsumu üzrə 80 manat 60 qəpik məbləğin, ümumilikdə 5610,60 AZN (beş min altı yüz on manat altmış qəpik) məbləğin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cəlilabad rayonu ərazisində fəaliyyət göstərən qızıl-zinət əşyaları mağazasının sahibidir. Cavabdeh isə N nömrəli hərbi hissədə kiçik gizir vəzifəsində çalışır və 2016-cı ildən etibarən Azərbaycan Silahlı Qüvvələrində xidmət edir. 2024-cü ilin aprel ayında, Elşad hərbi xidmətdə olduğu müddətdə Cəlilabad rayonu ərazisində yerləşən mağazasına yaxınlaşaraq, qohumunun toy mərasimi ilə əlaqədar ümumi dəyəri 3960 (üç min doqquz yüz altmış) manat olan qızılzinət əşyalarını nisyə olaraq ondan aldı. O, bu əşyaların dəyərini 17 may 2024-cü il tarixədək tam şəkildə ödəyəcəyinə dair ona öhdəlik verdi. Elşadın ondan aldığı zinət əşyaları: 1. Boyunbağı – ağ qızıl, brilyant, çəkisi 12.77 qram, 1 karat 34 sot 2. Nişan üzüyü (qadın üçün) – ağ qızıl, brilliant, çəkisi 3.63 qram, 40 sot 3. Nişan üzüyü (kişi üçün) – ağ qızıl, brilliant, çəkisi 5.6 qram. Lakin Elşad 17 may 2024-cü il tarixinədək verdiyi vədə əməl etmədi. Müxtəlif bəhanələr gətirməklə ödənişi gecikdirdi. Bunun nəticəsində o, məsələ ilə bağlı Goranboy Rayon Polis Şöbəsinə müraciət edib. Polis şöbəsinin iştirakı ilə Elşad ümumi borcun yalnız 2000 manatını ödədi və qalan 1960 manat borcu 3 aprel 2025-ci il tarixədək ödəyəcəyinə dair yazılı öhdəlik verdi. Buna baxmayaraq, bugünədək Elşad həmin öhdəliyə də əməl etməyib və ona qalan 1960 manat məbləğində borcu ödəməkdən yayınıb. Dəfələrlə onunla əlaqə saxlamağına baxmayaraq, hər dəfə müxtəlif bəhanələr – ailə üzvünün qəza keçirməsi, maliyyə çətinlikləri və s. – irəli sürərək ödənişi ləngidib. Hətta o, qazi olduğunu bildirərək, ümumiyyətlə ödəniş etməyəcəyini demişdir. O, alternativ olaraq ona zinət əşyalarını geri qaytarmasını təklif etsə də, bu tələbi də yerinə yetirmədi. Beləliklə, bugünədək Elşad nə borcunu ödəyib, nə də zinət əşyalarını geri qaytarıb. Üstəlik, alğı-satqı tarixindən artıq 1 il 2 ay keçib və bu müddət ərzində qızılın bazar dəyəri əhəmiyyətli dərəcədə artıb. Belə ki, həmin dövrdə qızılın 1 qramı 65 manat olduğu halda, hazırda bu məbləğ 120 manat təşkil edir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, tərəflər məhkəməyə gəlməmişdir. İddiaçının nümayəndəsi və vəkili ərizə ilə müraciət edərək, iddianı müdafiə etdiklərini və məhkəmə baxış iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Lakin cavabdeh məhkəmə iclaslarında iştirak etməməyinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Əvvəlki məhkəmə iclasına iştirak etmiş İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil iddiaçı ilə eyni məzmunlu izahat verərək iddianın təmin olunmasını xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cavabdeh Goranboy Rayon Polis Şöbəsinə verdiyi iltizamdan görünür ki, o, İddiaçı 3960 manat dəyərində olan komplekt qızı-zinət əşyasını alıb, dəyərini ödəmədiyini, lakin xx.xx.2025-ci il tarixədək qaytaracağını bildirmişdir; xx.xx.2025-ci il tarixli, ********** nömrəli ödəniş qəbzdən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə 80,60 (səksən manat altmış qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir; xx.xx.2025-ci il tarixli onlayn ödəniş qəbzindən görünür ki, İddiaçı vəkil xidmətinə görə 270 (iki yüz yetmiş) manat məbləğində pul ödəmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisə aşağıdakı maddi hüquq normalarına müvafiq olaraq həll edilməlidir. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin: 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci mаddəsinə əsаsən bоrclu оnun risk dаirəsinə dахil оlаn öhdəliklərin icrа еdilmədiyi bütün hаllаr üçün cаvаbdеhdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pоzuntusu üçün məsuliyyət dаşıyır; 448.4-cü mаddəsinə əsаsən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır; 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 606.1-ci maddəsinə əsasən əgər daşınar əşyanın satıcısı alıcı tərəfindən alış qiyməti ödənilənədək əşyaya mülkiyyət hüququnu özündə saxlamışdırsa (mülkiyyət hüququnun saxlanması haqqında qeyd-şərt), şübhə halında ehtimal edilir ki, mülkiyyətin verilməsi alış qiyməti tam ödənilənədək təxirəsalıcı şərtlə həyata keçirilir və əgər alıcı alış qiymətinin ödənilməsini gecikdirirsə, satıcının müqaviləni ləğv etmək və (və ya) həmin daşınar əşyaya tutma yönəltmək hüququ vardır; 606.4-cü maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcıya verilmiş əşyaya mülkiyyət hüququnun mal ödənilənədək satıcıda qaldığı nəzərdə tutulduqda alıcı mülkiyyət hüququ ona keçənədək əşyanı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya əşyanın təyinatından və xassələrindən ayrı qayda irəli gəlmirsə, özgəninkiləşdirə bilməz və ya ona dair digər sərəncam verə bilməz. Göründüyü kimi tərəflər arasında şifahi şəkildə nisyə alğı-satqı müqaviləsi bağlanmış və cavabdeh müqavilə üzrə öhdəliyini icra etməyərək almış olduğu malın dəyərini satıcıya razılaşdırılmış müddətdə ödəməmiş və buna görə iddiaçının ondan verilmiş malın özünün geri qaytarılması və ya dəyərinin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM sübutların toplanması və verilməsi yükünü sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəllənin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə aparılmış araşdırmanın nəticələrini əsas götürüb, iş materiallarını təhlil edərək, daxili inamına əsaslanıb belə qənaətə gəlir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış şifahi nisyə alğı-satqı müqaviləsinə əsasən iddiaçı cavabdehə iddia ərizəsində qeyd edilən qızıl-zinət əşyalarını nisyə satmış, cavabdeh də aldığı malın dəyərini razılaşdırılmış müddətdə tam ödəyəcəyinə vəd versə də, vədinə əməl etməyərək, borcun bir qismini ödəmiş, lakin qalıq 1960 manatı ödəməmişdir. Nəticədə üzərinə götürdüyü öhdəliyi icra etməyərək, iddiaçının hüquqlarını pozmuşdur. Cavabdeh tərəfindən məhkəməyə iddiaçıya olan borcunun geri qaytarılmasına və ya əqdin etibarsız olmasına dair hər hansı sübut təqdim edilməmişdir. Odur ki, cavabdeh öhdəliyinin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıyaraq borcunu iddiaçıya ödəməlidir. Məhkəmə iddia ərizəsinin qızılın cari bazar dəyər fərqi üzrə 619,70 manatın və brilliant daşların bazar dəyərinə təsiri üzrə 2680,30 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı tərəf bu tələbini təsdiq edəcək hər hansı mötəbər sübutu (cavabdehə satmış olduğu qızıl məmulatın çəkisi, brilliant qaşların olub-olmaması və ölçüsü barədə rəsmi sənədlər) məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia bu hissədə əsaslı olmadığı üçün təmin edilməməlidir. Məhkəmə iddia tələbinin məhkəmə xərclərini təşkil edən ödənilmiş dövlət rüsumu və hüquqi xidmət haqqının əvəzinin tutulmasına dair münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq qismən təmin edilməli və ödənilmiş 39,60 (otuz doqquz manat altmış qəpik) manat məbləğində dövlət rüsumu və 100 (bir yüz) manat məbləğində hüquqi xidmət haqqının əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-in: 14.2-ci mаddəsinə əsаsən məhkəmə yаlnız tərəflərin təqdim еtdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə еtməlidir; 77.1-ci mаddəsinə əsаsən hər bir tərəf öz tələblərinin və еtirаzlаrının əsаsı kimi istinаd еtdiyi hаllаrı sübut еtməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü mаddəsinə əsаsən məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 1960 (bir min doqquz yüz altmış) manat məbləğində borc pul, ödənilmiş 39,60 (otuz doqquz manat altmış qəpik) manat məbləğində dövlət rüsumu və 100 (bir yüz) manat məbləğində hüquqi xidmət haqqının əvəzi tutulmalıdır. Qeyd olunanlara əsasən MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ЕTDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 1960 (bir min doqquz yüz altmış) manat məbləğində borc pul, ödənilmiş 39,60 (otuz doqquz manat altmış qəpik) manat məbləğində dövlət rüsumu və 100 (bir yüz) manat məbləğində hüquqi xidmət haqqının əvəzi tutulsun. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №e-2(045)-1323/2025
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(045)-1323/2025
28.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver