Məhkəmə qərarları › İş №e-2(045)-1606/2023

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(045)-1606/2023

25.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № e-2(045)-1606/2023 25.08.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlu iddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borc” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı BOKT "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 3348,41 əsas, 60,34 manat faiz borcu, 1,64 manat cərimə olmaqla cəmi 3410,39 manat kredit borcunun və 54,51 manat dövlət rüsumunun alınıb BOKT "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, "xxxx" MMC 3348,41 manat məbləğində güzəştli krediti Cavabdeh2 verməyi öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən, Cavabdeh1 "xxxx" MMC qarşısında zamin kimi öhdəlik götürmüşdür. xx.xx.2019-cu il tarixli qəbzindən görünür ki, Cavabdeh2 "xxxx" MMC-dən 3348,41 manat məbləği qəbul etmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixinə 3348,41 manat əsas, 60,34 manat faiz borcu, 1,64 manat cərimə olmaqla, cəmi 3410,39 manat borcu vardır. xx.xx.2023-cü il tarixli, ********** saylı mədaxil qəbzinə əsasən BOKT «Viator- Mikrokredit» məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmiş və bu məbləğin köçürülməsi üçün iddiaçıdan 0,40 manat məbləğində bank xərci tutulmuşdur. Hakim iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, araşdırma zamanı müəyyən edildi ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 saziş üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu saziş ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da sazişin şərtlərini pozmuşdur. Buna görə də cavabdehlər onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün məsul olduqlarından, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, öhdəliklərini icra etməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə): 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 470.2-ci maddəsinə əsasən, zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3-cü maddəsinə əsasən, birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Hazırkı iddia tələbi həm kredit müqaviləsi üzrə əsas borcluya, həm də zaminə qarşı yönəlmişdir. Mülki Məcəllənin 470, 472-ci maddələrini rəhbər tutaraq məhkəmə hesab edirəm ki, hər iki cavabdeh iddiaçı qarşısında birgə məsuliyyət daşımalı və kredit müqaviləsi üzrə tələb olunan borc məbləği cavabdehlərdən müştərək qaydada tutulmalıdır. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Hakim qeyd edir ki, iddiaçı BOKT "xxxx" MMC iddia tələbində 54,51 manat dövlət rüsumunun cavabdehlərdən tutulmasını tələb etsə də, iş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçı hazıkı tələb üzrə 54,11 manat dövlət rüsumu ödəmiş və həmin məbləğin köçürülməsi üçün iddiaçıdan 0,40 manat xidmət haqqı tutulmuşdur. İddiaçının xidmət haqqının tutulması ilə bağlı tələbi olmadığından hesab edirəm ki, tələb həmin hissədə qismən təmin edilməlidr. Beləliklə, gəldiyim nəticəyə görə, iddia qismən təmin edilməli cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 3348,41 əsas, 60,34 manat faiz borcu, 1,64 manat cərimə olmaqla cəmi 3410,39 manat kredit borcunun və ödənilmiş 54,11 manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçı BOKT "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən, MPM-in 214-220, 227, 233, 284-6, və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 3348,41 əsas, 60,34 manat faiz borcu, 1,64 manat cərimə olmaqla cəmi 3410,39 manat kredit borcunun və ödənilmiş 54,11 manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçı BOKT "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar