Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № e-2(045)-1624/2025 29.09.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlu, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya tələbinin təmin edilməsi” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Sığorta Şirkəti ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1050,00 (bir min əlli) manat sığorta ödənişi məbləğinin və 30,50 (otuz manat əlli qəpik) manat dövlət rüsumunun, cəmi 1080,50 (bir min səksən manat əlli qəpik) manat məbləğində pul vəsaitinin Cavabdeh tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, xx.xx.2020-ci il tarixdə Gəncə şəhəri ərazisində “Mercedes Benz 208D” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobillə “VAZ 21061” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobillərin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir; Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 3(043)-141/2020 nömrəli qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində 400 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir; Sığorta aktından görünür ki, 1050 manat məbləğində vəsait "xxxx" Sığorta Şirkəti ASC tərəfindən faydalanan şəxs kimi X1 ödənilmişdir; xx.xx.2025-ci il tarixli ödəniş qəbzdən görünür ki, "xxxx" Sığorta Şirkəti ASC məhkəmədə iddia qaldırmaq üçün 30.50 manat məbləğində dövlət rüsumu ödəmişdir. Hakim iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixdə Gəncə şəhərində “Mercedes Benz 208D” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobillə “VAZ 21061” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobillərin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh təqsirli bilinmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddələrinə uyğun olaraq müvafiq protokol tərtib olunaraq Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 3(043)-141/2020 nömrəli qərarı ilə 400 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. “VAZ 21061” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş zərər 1050 manat dəyərində qiymətləndirilmiş, sığortaçı «Atasığorta” Sığorta Şirkəti ASC mülki məsuliyyətin icbari sığorta müqaviləsinə uyğun olaraq qeyd olunan məbləği faydalanan şəxsə ödəmişdir. İnzibati xətanı törətmiş Cavabdeh idarə etmək hüququnun olmaması nəticəsində sığorta şirkətinin subroqasiya hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936-cı madəsinə əsasən subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər; 1113.1-ci maddəsinə əsasən birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslər vurulmuş zərər üçün zərərçəkən qarşısında birgə məsuliyyət daşıyırlar. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır; MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə iddia təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" Sığorta Şirkəti ASC-nin xeyrinə 1050 manat məbləğində sığorta ödənişi və ödənilmiş 30,5 manat məbləğində dövlət rüsumunun əvəzi tutulmalıdır. Qeyd olunanlara əsasən MPM-in 210-220, 227, 233, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" Sığorta Şirkəti ASC-nin xeyrinə 1050 manat məbləğində sığorta ödənişi və ödənilmiş 30,5 manat məbləğində dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №e-2(045)-1624/2025
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(045)-1624/2025
29.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver