Məhkəmə qərarları › İş №e-2(045)-1742/2023

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(045)-1742/2023

20.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № e-2(045)-1742/2023 20.09.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus KZS Elektroniks mağazasında əldə etdiyi bir ədəd “Samsung” markalı televizorun qalıq borcu olan 800 (səkkiz yüz) manat məbləğin və 30 (otuz) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanda yerləşən "KZS Elektroniks" adlanan mağazanı işlədir. Həmin mağazada məişət texnikası avadanlıqlarının daxili kredit alqı-satqısı ilə məşğuldur. O, müştərilərlə şifahi razılaşmadan sonra, öz arasında öhdəlik müqaviləsi bağlayaraq müştərinin götürəcəyi malın ödənişini hissə-hissə ilə ödəmək şərti ilə satır. Cavabdeh xx.xx.2021-ci ildə mağazaya yaxınlaşaraq bir ədəd “Samsung” markalı televizor, dəyəri 1500 (min beş yüz) manat məbləği 12 (on iki) ay müddətinə ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh bu gün tarixə kimi aylıq ödənişlərinə dair 700 (yeddi yüz) manat məbləğ ödəniş etmişdir. Qalan 800 (səkkiz yüz) manat məbləğə dair heç bir ödəniş etməmişdir. Burdan sonra cavabdehi öz borcunu ödəməyi tələb etsə də müxtəlif bəhanələrlə onu yubadmış və bunun nəticəsidir ki, xx.xx.2021-ci ildən bir il müddətinə ödəməyi öhdəsinə götürdüyü borcu tamamlamamışdır. Ona görədə hesab edir ki, müqavilə üzrə qalıq borcu olan 800 (səkkiz yüz) manat məbləğin alınıb ona verilməsinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2021-ci il tarixdə Cavabdeh ilə “KZS Elektroniks” (İddiaçı) arasında nisyə alğısatqı müqaviləsi bağlanmış, müqavilənin predmeti olan “Samsung” markalı televizorun qiyməti 1500 manat müəyyən edilmiş və Cavabdeh həmin əşyanı təhvil almışdır. Həmçinin, Cavabdeh müqavilə əsasında yaranan borcu 15 ay ərzində, ayda 100 manat (15 ay x 100 manat=1500 manat) olmaqla hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür; “Ödəniş cədvəli”nə əsasən Cavabdeh xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 700 manat məbləğində ödəniş etmiş, nəticədə 800 manat məbləğində borcu qalmışdır; xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, yaranmış borcun ödənilməsi cavabdehdən tələb edilmiş, əks halda yaranmış borcun qaytarılmasının məhkəmə qaydasında tələb ediləcəyi onun nəzərinə çatdırılmışdır; Hökümət ödəniş portalının ********** nömrəli, xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı hazırkı tələb üzrə 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, “KZS Elektroniks” (İddiaçı) ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə müddətli (nisyə) alğısatqı müqaviləsi bağlanmışdır. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu saziş ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da sazişin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, öhdəliyini icra etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 606.1-ci maddəsinə əsasən əgər daşınar əşyanın satıcısı alıcı tərəfindən alış qiyməti ödənilənədək əşyaya mülkiyyət hüququnu özündə saxlamışdırsa (mülkiyyət hüququnun saxlanması haqqında qeyd-şərt), şübhə halında ehtimal edilir ki, mülkiyyətin verilməsi alış qiyməti tam ödənilənədək təxirəsalıcı şərtlə həyata keçirilir və əgər alıcı alış qiymətinin ödənilməsini gecikdirirsə, satıcının müqaviləni ləğv etmək və (və ya) həmin daşınar əşyaya tutma yönəltmək hüququ vardır; 606.4-cü maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcıya verilmiş əşyaya mülkiyyət hüququnun mal ödənilənədək satıcıda qaldığı nəzərdə tutulduqda alıcı mülkiyyət hüququ ona keçənədək əşyanı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya əşyanın təyinatından və xassələrindən ayrı qayda irəli gəlmirsə, özgəninkiləşdirə bilməz və ya ona dair digər sərəncam verə bilməz. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh müqavilə üzrə 800 (səkkiz yüz) manat borc pul və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh müqavilə üzrə 800 (səkkiz yüz) manat borc pul və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar