Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № e-2(045)-2173/2023 27.11.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi ilə, İddiaçı1 Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus KZS Elektroniks mağazasında əldə etdiyi bir ədəd LG markalı paltaryuyanın qalıq borcu olan 550 (beş yüz əlli) manat məbləğin və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanda yerləşən “KZS Elektroniks” adlanan mağazanın fəaliyyəti ilə məşğuldur. O, həmin mağazada məişət texnikası avadanlıqlarının pərakəndə satış və daxili kredit vasitəsi ilə müddətli satışını müştərilərə təmin edir. O, müştərilərlə şifahi razılaşmadan sonra, öz aralarında öhdəlik müqaviləsi bağlayaraq müştərinin istismara götürəcəyi texnikanın dəyərini hissə-hissə ödəmək şərti ilə satır. Cavabdeh xx.xx.2022-ci ildə mağazaya yaxınlaşaraq dəyəri 900 (doqquz yüz) manat olan bir ədəd LG markalı paltaryuyanın məbləğini 12 (on iki) ay müddətinə ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh bu günkü tarixə kimi aylıq ödənişlərinə dair 350 (üç yüz əlli) manat məbləğində ödəniş etmişdir. Qalan 550 (beş yüz əlli) manat məbləğə dair heç bir ödəniş etməmişdir. Bundan sonra cavabdehdən öz borcunu ödəməyi tələb etsə də müxtəlif bəhanələrlə onu yubatmış və nəticədə xx.xx.2022-ci il tarixdən bir il müddətinə ödəməyi öhdəsinə götürdüyü borcun aylıq ödənişlərinə riayət etməmişdir. Ona görə də hesab edir ki, müqavilə üzrə qalıq borc olan 550 (beş yüz əlli) manat məbləğin alınıb ona verilməsinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan məişət avadanlığını 900 manata nisyə almış və müxtəlif vaxtlarda həmin məbləğdən 350 manat ödəniş etmişdir. Cavabdeh ödəməli olduğu qalıq məbləğ 550 manatdır; “KZS Elektroniks” tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli borca dair arayışdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə 550 (beş yüz əlli) manat borcu vardır; xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, İddiaçı1 məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, öhdəliyini icra etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 550 (beş yüz əlli) manat məbləğində əsas borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi İddiaçı1 xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və MPM-in 210-248, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 550 (beş yüz əlli) manat məbləğində əsas borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi İddiaçı1 xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №e-2(045)-2173/2023
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(045)-2173/2023
27.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver