Məhkəmə qərarları › İş №e-2(045)-2345/2025

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(045)-2345/2025

16.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № e-2(045)-2345/2025 16.02.2026 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Kazım İntiqam oğlu, İddiaçı MMM QBKT-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMM QBKT iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc üzrə cəmi 1830,26 (min səkkiz yüz otuz manat, iyirmi altı qəpik) AZN məbləğində borcun və 38,31 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı MMM QBKT-nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini tərəflər arasında bağlanmış müqavilə, onun əlavəsi, bildiriş və ödəniş cədvəli ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2019-cu il tarixli, **********1167 nömrəli kredit müqaviləsi, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın 6-cı maddəsinə uyğun olaraq Güzəştli Kredit (restrukturizasiya) Müqaviləsinin 1.1-ci bəndinə əsasən, Kredit Alanın vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 4661.75 AZN, qalıq məbləği illik 1 faiz dərəcəsi olmaqla və 1 (bir) il güzəşt müddəti müəyyən edilməklə 5 (beş) il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. **********1167 saylı kredit müqaviləsinə Əlavə hesab edilən və əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, İddiaçı MM QBKT Cavabdeh bir il güzəşt müddətində hər ay 4.01 AZN, dörd il müddətində isə hər ay 99.14 AZN olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, X1 xx.xx.2019-cu il tarixli, **********1167 nömrəli kredit müqaviləsi üzrə cəmi 1830,26 AZN məbləğində borcu vardır; ASAN ödəniş sisteminin xx.xx.2025-ci il tarixli, **********38 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı MMM QBKT məhkəmədə iddia qaldırmaq üçün 38,31 AZN məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Göründüyü kimi Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.1-ci maddəsinə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır; 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. MPM-in: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh İddiaçı MMM QBKT-nin xeyrinə əsas borc üzrə cəmi 1830,26 (min səkkiz yüz otuz manat, iyirmi altı qəpik) AZN məbləğində borcun və 38,31 manat dövlət rüsumunun əvəzi tutulmalıdır. Qeyd olanlara əsasən MPM-in 216-220 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı MMM QBKT-nin xeyrinə əsas borc üzrə cəmi 1830,26 (min səkkiz yüz otuz manat, iyirmi altı qəpik) AZN məbləğində borcun və 38,31 manat dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kazım Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar