Məhkəmə qərarları › İş №e-2(045)-244/2024

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(045)-244/2024

02.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № e-2(045)-244/2024 02.04.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Cəmilova Zəhra Davud qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X2 vərəsələri Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə kart kredit limiti üzrə 496.21 manat əsas borc, 114 manat faiz borcu olmaqla, cəmi 610.21 manat kredit borcunun, ödənilmiş 30 manat dövlət rüsumunun və 0.4 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, borclu X5 "xxxx" ASC ilə bağladığı BPM**********66 saylı, xx.xx.2021-ci il tarixli tam kart çərçivə müqaviləsinə əsasən ona 500 manat məbləğində kart krediti limiti verilmişdir. Lakin, əldə olunmuş məlumata görə borclu X5 xx.xx.2022-ci il tarixində vəfat etmişdir. Goranboy Rayon Notariat Ofisinin xx.xx.2023-cü il tarixli, 249 nömrəli məktubuna əsasən məlum olmuşdur ki, Goranboy Rayon Notariat Ofisi tərəfindən X2 miras əmlakına dair Goranboy rayonu, Kürəkçay qəsəbəsi ünvanında qeydiyyatda olan Cavabdeh3, Goranboy rayonu, Kürəkçay qəsəbəsi ünvanında qeydiyyatda olan Cavabdeh2 və Goranboy rayonu, Kürəkçay qəsəbəsi ünvanında qeydiyyatda olan Cavabdeh1 miras payı əldə etmələri barədə xx.xx.2023-cü il tarixli, 2V-245 reyestr nömrəli və xx.xx.2023cü il tarixli, 2V-281 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. xx.xx.2023-cü il tarixli kart kredit limiti üzrə maliyyə arayışına əsasən X2 banka ödənilməmiş qalan 496.21 AZN əsas, 114 AZN faiz borcu qalmışdır. Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qalmış mirası qəbul etmələrinə baxmayaraq, onlara çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişlər. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliklərini bu günədək tam şəkildə yerinə yetirməmişdirlər. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X6 iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclaslarında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, Azərbaycan Rеspublikası Mülki-Prosеssual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli, BPM**********66 nömrəli tam kart çərçivə müqaviləsindən görünür ki, X4 36 ay müddətinə 500 manat məbləğində kart kredit limiti verilmişdir; xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, X2 xx.xx.2021-ci il tarixli tam kart çərçivə müqaviləsi üzrə 496.21 manat əsas, 114 manat faiz, cəmi 610.21 manat məbləğində borcu vardır; “Elektron notariat” X1 Çıxarışdan görünür ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ölmüş şəxs X2 qanun üzrə vərəsələridir (miras əmlak 2241.56 manat əmək haqqı və Goranboy rayonu, Qazançı kəndində yerləşən ümumi sahəsi 1.30763333 ha olan torpaq sahəsi); Hökumət ödəniş portalının xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən "xxxx" ASC məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu və 0.4 manat xidmət haqqı ödəmişdir. Beləliklə, tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X4 "xxxx" ASC tərəfindən kredit verilmiş, X5 "xxxx" ASC-dən pulu qəbul etmiş, kredit üzrə borcun və ona hesablanmış faizlərin ödənilməsi barədə öhdəlik götürmüş, lakin, öhdəliklərini yerinə yetirməmiş, nəticədə banka borcu qalmışdır. Daha sonra X5 vəfat etmiş, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 borcalanın vərəsələri kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər; 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar; 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Məhkəmə yuxarıda sadalanan hüquq normalarına əsasən qeyd edir ki, X2 öldüyü tarixədək hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və bu səbəbdən onun vərəsələri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 münasibətdə iddia tələbi əsaslı hesab edilməlidir. MPM-in: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 496.21 manat əsas borc, 114 manat faiz borcu, cəmi 610.21 manat borc, həmçinin 30 manat dövlət rüsumunun və 0.4 manat bank xidmət haqqının əvəzi iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 496.21 manat əsas borc, 114 manat faiz borcu, cəmi 610.21 manat borc, həmçinin 30 manat dövlət rüsumunun və 0.4 manat bank xidmət haqqının əvəzi iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar