Məhkəmə qərarları › İş №e-2(045)-649/2025

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(045)-649/2025

22.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № e-2(045)-649/2025 22.04.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Zeynalzadə Aysel İlham qızının katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 5540,85 manat əsas, 473,98 manat faiz, cəmi 6014,83 manat pul vəsaitinin və 80,15 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən ona illik 15 faiz dərəcəsi ilə 36 ay müddətinə 8695,96 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı kimi isə İddiaçı ASC Cavabdeh2 ilə xx.xx.2023-cü il tarixli Zaminlik müqaviləsi bağlamışdır. Bu müqavilənin 1 -ci bəndinə əsasən zamin şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdehlər öz üzərilərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsələr də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmirlər. Cavabdeh1 xx.xx.2025-ci il tarixə İddiaçı ASC-yə yuxarıda qeyd olunan Kredit müqaviləsinə əsasən 5540,85 manat əsas; 473,98 manat faiz; cəmi 6014,83 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdehlər tərəfindən borcun qaytarılması təmin edilməmişdir. İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək, iddianı müdafiə etdiklərini, iddia ərizəsi ilə müraciət olunan zaman iddia ilə bağlı bütün zəruri hesab edilən sənədləri məhkəməyə təqdim etdiklərini qeyd edərək işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddianı qəbul etdiklərini bildirərək, buna dair ərizələrini məhkəməyə təqdim etdilər. Mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli, RGTK1855363B150 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC Cavabdeh1 36 ay müddətinə, illik 15% faiz olmaqla 8695,96 manat məbləğində kredit verməyi, Cavabdeh1 həmin məbləğdə krediti qəbul etməyi, kredit üzrə əsas borcu və ona hesablanmış faizləri müqavilədə göstərilən müddətdə və qaydada ödəməyi, habelə ödənişlərdə gecikdirməyə yol verdiyi təqdirdə hesablanmış cərimə məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin, borclunun öhdəliyi zaminliklə təmin olunmuş və Cavabdeh2 bu müqavilə üzrə zamin qismində üzərinə öhdəliklər götürmüşdür; xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixli, RGTK1855363B150 saylı kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə 5540,85 manat əsas; 473,98 manat faiz; cəmi 6014,83 manat məbləğində borcu vardır; xx.xx.2023-cü il tarixli kassa məxaric orderindən görünür ki, 8695,96 manat Cavabdeh1 tərəfindən qəbul edilmişdir; Hökümət ödəniş portalının ********** nömrəli, xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı ASC 80,15 manat məbləğində məhkəməyə dövlət rüsumu ödəmişdir. Məhkəmə, cavabdehlərin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, Cavabdeh1 İddiaçı ASC tərəfindən 83 ay müddətinə, illik 20 faiz olmaqla müqavilə üzrə 8955,24 manat məbləğində kredit verilmiş, Cavabdeh2 borclunun öhdəliyini icra etməsi üçün zamin kimi müəyyən edilmişdir. Cavabdeh1 kredit müqaviləsi üzrə borcun və ona hesablanmış faizlərin ödənilməsi barədə öhdəlik götürmüş, lakin öhdəliklərini yerinə yetirməmiş, nəticədə banka borcu qalmışdır. Göründüyü kimi Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Həmçinin, Cavabdeh2 da zamin olduğu üçün əsas borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımalıdırlar. Azərbaycan Respublikası Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448-ci maddəsinə əsasən əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.1 və 739.2-ci maddələrinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Qeyd olunan normaları rəhbər tutaraq məhkəmə hesab edir ki, cavabdehlər öhdəliklərini icra etməmiş, bununla da kreditora ziyan vurmuşlar. Buna görə də, cavabdehlər öhdəliklərinin pozuntusu üçün kreditor qarşısında məsuliyyət daşımalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddia tələbi üzrə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5540,85 manat əsas, 473,98 manat faiz borcu olmaqla, cəmi 6014,83 manat borc pul, həmçinin iddia ərizəsinə görə ödənilmiş 80,15 manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Yuxarıda qeyd olununlara əsasən, MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5540,85 manat əsas, 473,98 manat faiz borcu olmaqla, cəmi 6014,83 manat borc pul, həmçinin iddia ərizəsinə görə ödənilmiş 80,15 manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar