Məhkəmə qərarları › İş №e-2(045)-685/2024

Goranboy Rayon Məhkəməsi Qərardad — İş №e-2(045)-685/2024

01.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № e-2(045)-685/2024 01.05.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hаkim Mustafayev Taleh Məhəmmədəli оğlunun sədrliyi, Səmədzadə Səməd Dilqəm oğlunun katibliyi, Cavabdeh “X1 Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filalının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiаçı İddiaçı cavabdeh “X1 Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filalına qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddiа ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа bахаrаq, məhkəmə MÜƏYYƏN ЕTDİ: İddiаçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus “Mersedes- Benz Sprinter” markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtobusa vurulan zərərə görə 25590 (iyirmi beş min beş yüz doxsan) manat və dövlət rüsümuna görə ödədiyi 165 (yüz altmış beş) manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi təqdim edilmiş və göndərilmişdir. Lakin iddiaçı göstərilən tarixdə məhkəməyə gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə işin aidiyyəti üzrə Kommersiya məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsindən çıxarılmış çıxarışdan görünür ki, İddiaçı 12 saylı Ərazi Vergilər Baş İdarəsində vergi uçotuna alınmışdır (VÖEN **********). Məhkəmə, cavabdehin nümayəndəsinin fikirini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir; 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 Sentyabr 2020-ci il tarixli, 10 №-li qərarında qeyd olunmuşdur ki, məhkəmə aidiyyətinin müəyyən edilməsində tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın qarşılıqlı bağlılığı tələb olunur. MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 13.2.37-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə, öz riski ilə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir; 33-cü maddəsinə əsasən fərdi sahibkarlar, yəni sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslər vergi orqanlarında uçota alınır. Məhkəmə qeyd edir ki, hazırkı mübahisə hüquqi şəxslə (“X1 Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filalı) fərdi sahibkar (VÖEN-i olan İddiaçı) arasında yaranmışdır. Yəni, hazırkı iş üzrə tərəflər arasında yaranan mübahisə (delikt) sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gələn mübahisədir. MPM-in: 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir; 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər; 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. 44.2.2-ci maddəsinə əsasən işə həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, iddiаçı İddiaçı cavabdeh “X1 Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filalına qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və МPМ-in 31.1, 35.1, 44, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRАRА ALDİ: İddiаçı İddiaçı cavabdeh “X1 Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filalına qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar