Məhkəmə qərarları › İş №e-2(045)-762/2025

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(045)-762/2025

10.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № e-2(045)-762/2025 10.06.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Nağızadə Tuncay Göyüş oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 19600 manat məbləğində əsas borc və 2094.79 manat faiz borcu olmaqla, cəmi 21694.79 (iyirmi bir min altı yüz doxsan dörd manat, yetmiş doqquz qəpik) manat borc və 155.86 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 04 oktyabr 2024 il tarixli, 101808-860339/1 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 59 ay müddətinə, illik 23.5% dərəcəsi ilə 19600 (on doqquz min altı yüz) manat məbləğində kredit vеrilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, o banka olan borcunu ödəməmişdir. 17 mart 2025-cü il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 19600 manat məbləğində əsas borc və 2094.79 manat faiz borcu оlmaqla, cəmi 21694.79 (iyirmi bir min altı yüz doxsan dörd manat, yetmiş doqquz qəpik) manat məbləğində kredit borcu yaranmışdır. İstehlak krediti müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada İddiaçı ASC xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə məhkəmə baxış iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək təmin edilməsinə etiraz etmədiyini bildirdi və bu barədə olan ərizəsini məhkəməyə təqdim etdi. Mülki iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 04 oktyabr 2024-cü il tarixli, 101808-860339/1 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 59 ay müddətinə, illik 23.5% dərəcəsi ilə 19600 (on doqquz min altı yüz) manat məbləğində kredit verməyi, Cavabdeh həmin məbləğdə krediti qəbul etməyi, kredit üzrə əsas borcu və ona hesablanmış faizləri müqavilədə göstərilən müddətdə və qaydada ödəməyi, habelə ödənişlərdə gecikdirməyə yol verdiyi təqdirdə hesablanmış cərimə məbləğini ödəməyi öhdəlik götürmüşdür; xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə xx.xx.2025-ci il tarixə əsas borc üzrə 19600 manat məbləğində əsas borc və 2094.79 manat faiz borcu olmaqla, cəmi 21694.79 (iyirmi bir min altı yüz doxsan dörd manat, yetmiş doqquz qəpik) manat məbləğində borcu vardır; Kassa məxaric orderinə əsasən Cavabdeh bank tərəfindən verilmiş 19600 manat məbləğində pulu qəbul etmişdir; “ExpressPay” tərəfindən verilmiş ********** nömrəli, xx.xx.2025-ci il tarixli mədaxil qəbzdən görünür ki, İddiaçı ASC tərəfindən iddia verilməsi üçün 155.08 manat dövlət rüsumu və 0.78 manat xidmət haqqı ödəmişdir; Məhkəmə, cavabdehin izahatını dinləyib iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, Cavabdeh İddiaçı ASC tərəfindən 59 ay müddətinə, illik 23.5% dərəcəsi ilə 19600 (on doqquz min altı yüz) manat məbləğində kredit verilmiş, Cavabdeh İddiaçı ASC-dən həmin məbləğdə pulu qəbul etmiş, kredit üzrə borcun və ona hesablanmış faizlərin ödənilməsi barədə öhdəlik götürmüş, lakin öhdəliklərini yerinə yetirməmiş, nəticədə banka borcu qalmışdır. Göründüyü kimi Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, öhdəliyini icra etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448-ci maddəsinə əsasən əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.1 və 739.2-ci maddələrinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Qeyd olunmalıdır ki, azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində əmlak və əmlakla bağlı qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrasının böyük iqtisadi-sosial əhəmiyyəti vardır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Eyni zamanda, kredit müqaviləsi üzrə öhdəliklərin vaxtında icra edilməsi göstərilən məqsədlərlə yanaşı, dövlətin iqtisadi-maliyyə vəziyyətinin stabilliyinə və inkişafına yönəlir, bu isə banklara əmanətçilər tərəfindən göstərilən etimada müsbət təsir göstərməklə, ölkənin iqtisadi təhlükəsizliyinin qorunması və əhalinin daha da yüksək yaşayış səviyyəsinin təmin edilməsi ilə nəticələnir. Qeyd olunan normaları rəhbər tutaraq məhkəmə hesab edir ki, Cavabdeh öhdəliyini icra etməmiş, bununla da kreditora ziyan vurmuşdur. Buna görə də, borclu öhdəliyinin pozuntusu üçün bank qarşısında məsuliyyət daşımalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı "xxxx" KB ASC iddia tələbində 155,86 manat dövlət rüsumunun cavabdehdən tutulmasını tələb etsə də, iş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçı hazıkı tələb üzrə 155,08 manat dövlət rüsumu ödəmiş və həmin məbləğin köçürülməsi üçün iddiaçıdan 0,78 manat xidmət haqqı tutulmuşdur. İddiaçının xidmət haqqının tutulması ilə bağlı tələbi olmadığından məhkəmə hesab edir ki, tələb həmin hissədə qismən təmin edilməlidr. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddia tələbi üzrə belə nəticəyə gəlir ki, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 19600 manat məbləğində əsas borc və 2094.79 manat faiz borcu olmaqla, cəmi 21694.79 (iyirmi bir min altı yüz doxsan dörd manat, yetmiş doqquz qəpik) manat məbləğində borc pul və ödənilmiş 155.08 manat məbləğində dövlət rüsumunun əvəzi tutulmalıdır. Yuxarıda qeyd olununlara əsasən, MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 19600 manat məbləğində əsas borc və 2094.79 manat faiz borcu olmaqla, cəmi 21694.79 (iyirmi bir min altı yüz doxsan dörd manat, yetmiş doqquz qəpik) manat məbləğində borc pul və ödənilmiş 155.08 manat məbləğində dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar