Məhkəmə qərarları › İş №e-2(045)-82/2024

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(045)-82/2024

16.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № e-2(045)-82/2024 16.01.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Cəmilova Zəhra Davud qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 12686,12 manat əsas, 1119,3 manat faiz, cəmi 13805,42 manat məbləğində vəsaitin və ödənilmiş 131,42 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, RGTK9274947A150 saylı kredit müqaviləsinə əsasən cavabdehə kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də bu öhdəliyi lazımı qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçının tələbini əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, kredit borcuna dair maliyyə arayışı və kassa məxaric qəbzidir. Nəticədə cavabdehin xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə 12686,12 manat əsas, 1119,3 manat faiz, cəmi 13805,42 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh izahatında göstərmişdir ki, həqiqətən də İddiaçı ASC-dən kredit götürmüşdür. Lakin, onun tərəfindən müəyyən məbləğdə vəsait ödənilmişdir. Hesab edir ki, onun İddiaçı ASC-yə az məbləğdə borcu qalmışdır. Hazırkı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, İddiaçı ASC-nin nümayəndəsi və Cavabdeh məhkəməyə gəlməmişlər. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə mürаciət еdərək, iddiаnı müdаfiə еtdiklərini, məhkəməyə mürаciət оlunаn zаmаn iddiа ilə bаğlı bütün zəruri sübutlаrı təqdim еtdiklərini qеyd еdərək işə onların iştirаkı оlmаdаn bахılmаsını və iddiаnın təmin еdilməsi bаrədə qətnаmə çıхаrılmаsını хаhiş еtmişdir. Məhkəmə, Azərbaycan Rеspublikası Mülki-Prosеssual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına əsasən hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İddiaçı ASC (bank) ilə Cavabdeh (borcalan) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, RGTK9274947A150 nömrəli kredit müqaviləsindən görünür ki, bank borcalana 83 ay müddətinə, illik 20 %-lə 12686,12 manat məbləğində kredit vermişdir; xx.xx.2023-cü il tarixli kassa məxaric orderindən görünür ki, 12686,12 manat pul vəsaiti Cavabdeh tərəfindən qəbul edilmişdir; xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixli, RGTK9274947A150 nömrəli kredit müqaviləsi üzrə 12686,12 manat əsas, 1119,3 manat faiz, cəmi 13805,42 manat məbləğində borcu vardır; X2 ********** nömrəli, xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı hazırkı tələb üzrə 131,42 manat dövlət rüsumu ödəmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/8870 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, RGTK9274947A150 saylı kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2023-cü il tarixə (maliyyə arayışında göstərilən tarixə) banka olan borcu 13559,74 manat məbləğində müəyyən olunur. O, cümlədən xx.xx.2023-cü il tarixə (maliyyə arayışında göstərilən tarixə) 12613,17 manat əsas borcu, 946,57 manat faiz borcu. Aparılmış tədqiqatın dəyəri 100 manatdır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli, RGTK9274947A150 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 83 ay müddətinə, illik 20 faizlə 12686,12 manat məbləğində kredit verilmişdir. Cavabdeh kreditin əsas məbləğini və hesablanmış faizləri hər ay bərabər hissələrlə ödəməyi öhdəsinə götürsə də, lakin, kreditin qaytarılması üzrə öhdəliyini lazımınca icra etməmiş, nəticədə banka borcu yaranmışdır. Yaranmış borcu ödəməsi barədə cavabdehə xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq borcun qaytarılması təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır; 448.4-cü maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır; 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Qeyd olunan normaları rəhbər tutaraq məhkəmə hesab edir ki, cavabdeh öhdəliklərini icra etməmiş, bununla da kreditora ziyan vurmuşdur. Buna görə də cavabdeh öhdəliklərinin pozuntusu üçün kreditor qarşısında məsuliyyət daşımalıdır. Məhkəmə qeyd edir ki, İddiaçı ASC Cavabdeh xx.xx.2023-cü il tarixli, RGTK9274947A150 nömrəli kredit müqaviləsi üzrə 12686,12 manat əsas borc və 1119,3 manat faiz borcunun, cəmi 13805,42 manat borcun tutulmasını xahiş etsə də iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası rəyindən göründüyü kimi cavabdehin 12613,17 manat əsas borc və 946,57 manat faiz borcu, cəmi 13559,74 manat borcu vardır. Bu halda məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/8870 nömrəli ekspert rəyini mötəbər sübut növü kimi qəbul edir və hesab edir ki, müqavilə üzrə cavabdehdən tələb olunan borc məbləği həmin rəyə uyğun tutulmalıdır. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 12613,17 manat əsas, 946,57 manat faiz, cəmi 13559,74 manat borc və 130,68 manat dövlət rüsumunun əvəzi (ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq) tutulmalı, ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №2088501, X1, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22) ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 12613,17 manat əsas, 946,57 manat faiz, cəmi 13559,74 manat borc və 130,68 manat dövlət rüsumunun əvəzi (ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq) tutulsun. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №2088501, X1, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar