Məhkəmə qərarları › İş №e-2(045)-98/2024

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(045)-98/2024

16.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № e-2(045)-98/2024 16.01.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Cəmilova Zəhra Davud qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbinə” dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 750 (yeddi yüz əlli) manat sığorta ödənişi məbləğinin və 30 (otuz) manat dövlət rüsumunun, cəmi 780 (yeddi yüz səksən) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-də bağlanmış xx.xx.2021-ci il tarixli, PAA********** saylı sığorta müqaviləsinə əsasən “Mercedes Benz” markalı, 99DZ587 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığorta olunaraq avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2022-ci il tarixində “Mercedes Benz” markalı, 99DZ587 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Bakı şəhəri ərazisində yol-nəqliyyat hadisəsi törətmiş, hadisə nəticəsidə X1 yüngül xəsarət yetirmişdir. Sığorta hadisəsi ilə əlaqədar "xxxx" ASC 750 (yeddi yüz əlli) manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Sabunçu RPİ-nin qərarı ilə Cavabdeh qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Həmçinin, qeyd olunan qərarda Cavabdeh hadisə yerindən yayındığı qeyd olunmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi və Cavabdeh məhkəməyə gəlməmişlər. İddiaçı "xxxx" ASC ərizə ilə məhkəməyə mürаciət еdərək, məhkəmə baxış iclasını iştirakları olmadan keçirməyi, iddianı müdafiə edərək iddianın təmin olunması barədə qətnаmə çıхаrılmаsını хаhiş еtmişdir. Məhkəmə, Azərbaycan Rеspublikası Mülki-Prosеssual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsi”ndən görünür ki, X8 məxsus “Mercedes Benz” markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən sığortalanmışdır. Müqavilə xx.xx.2021-ci il tarixdə qüvvəyə minir, xx.xx.2022-ci il tarixdə qüvvədən düşür (şəhadətnamə nömrəsi PAA**********); xx.xx.2022-ci il tarixli, AP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə, saat 18:00-da idarə etdiyi “Mercedes Benz” markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yolayrıcını keçmə qaydalarını pozaraq yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə X1 yüngül xəsarət dəymiş və Cavabdeh yol-nəqliyyat hadisəsi yerindən yayınmışdır. Bununla da Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.6 və 327.8-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir; “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, yol-hərəkəti qaydalarını pozaraq yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olmuş Cavabdeh barəsində İXM-in 327.6 və 327.8-ci maddələri ilə inzibati tədbir görülməsi məqsədilə qəbul edilmiş qərarın Sabunçu RPİ-nin DYPŞ-si vasitəsilə Sabunçu Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır; Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(008)-5574/2022 nömrəli Qərarından görünür ki, Cavabdeh İXM-in 327.6 və 327.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmiş və barəsində 200 (iki yüz) manat məbləğində inzibati tənbeh tədbiri tətbiq edilmişdir; “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Arayış”dan görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 18:00-da Cavabdeh idarə etdiyi “Mercedes Benz” markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol nəqliyyat hadisəsi törətmişdir. Nəticədə X1 yüngül xəsarət vurulmuşdur; xx.xx.2022-ci il tarixli “Sığorta Aktı”ndan görünür ki, X1 yüngül xəsarət vurulmuşdur və hesablanmış sığorta ödənişinin məbləği 750 manatdır; 006929 nömrəli, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən PAA********** nömrəli şəhadətnamə üzrə 750 manat ödənilmişdir (faydalanan şəxs X5); X7 ********** nömrəli, xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, xx.xx.2022-ci il tarixdə, saat 18:00-da Cavabdeh idarə etdiyi “Mercedes Benz” markalı, **- DZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol nəqliyyat hadisəsi törətməsi nəticəsində X1 yüngül xəsarət dəymiş və Cavabdeh İXM-in 327.6 və 327.8-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb olunmuşdur. Yəni, Cavabdeh yol nəqliyyat hadisəsi yerindən yayınmışdır. Daha sonra "xxxx" ASC tərəfindən faydalanan şəxs X4 750 manat sığorta ödənişi olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Beləliklə, məhkəmə belə hesab edir ki, törədilmiş mülki hüquq pozuntusuna görə Cavabdeh məsuliyyət daşımalıdır. Cavabdeh Mülki Məcəllənin 1108.1-ci maddəsinə uyğun olaraq mülki hüquq məsuliyyəti daşıyır. Belə ki, Cavabdeh yüksək təhlükə mənbəyinin sahibidir. Belə olduğu halda yüksək təhlükə mənbəyinin sahibi onun bütün risklərinə cavabdeh olmalıdır. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 106.1-ci mаddəsinə əsаsən işdə iştirаk еdən şəхslərin iş üçün əhəmiyyətli оlаn və оnlаrа məlum оlаn fаktlаr bаrədə izаhаtlаrı iş üzrə tоplаnmış digər sübutlаrlа yаnаşı yохlаnılmаlı və qiymətləndirilməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 750 (yeddi yüz əlli) manat məbləğində vəsait və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 750 (yeddi yüz əlli) manat məbləğində vəsait və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar