Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-1010/2025 01.07.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Fidan Şöhrət qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2700 manat borcun, məbləğin 3 illik gecikdirilməsinə görə illik beş fazi olaraq 420 manat pulun, hüquqi yardım göstərilməsi ilə bağlı ödənilmiş 450 manatın, mənəvi zərər üçün 500 manat və dövlət rüsumu kimi ödənilmiş 60,70 manat puıun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ondan 2022-ci ilin əvvəlində 3000 manat pul vəsaitini borc olaraq almış və qaytarmamışdır. Tərəfindən dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh borcu qaytarmamışdır. Sonuncu dəfə Cavabdeh tərəfindən 2024-cü ilin oktyabr ayında cəmi 300 manat pul qaytarılmışdır. Hər dəfə cavabdehdən pulu istəyərkən müxtəlif yalanlar və bəhanələr bildirmişdir. Bu illər ərzində maddi itkilərlə yanaşı mənəvi zərərlə də üzləşmişdir. Cavabdehin əməlinə cinayət hüquqi qiymət verilməsi üçün müvafiq polis orqanına müraciət etmişdir. Cavabdeh polisdə yazmış olduğu izahatında 2700 manat borcu olduğunu etiraf etmiş və həmin məbləği 2025-ci ilin fevral ayında ödəyəcəyini bildirmişdir. Lakin, yenə də verdiyi sözə əməl etməmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edirik ki, cavabdeh, 3 il ərzində əsas borcun qaytarmaması səbəbindən hüququ pozulmuş iddiaçının pozulmuş hüququnu bərpası üçün çəkdiyi xərclər, əmlakından məhrum olması (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərə (əldən çıxmış fayda) görə məsuliyyət daşıyır. Cavabdehin 3000 manat borc öhdəliyi 2022-ci ilin əvvəllərindən yaranmış və həmin həmin məbləğdən cəmi 300 manat pul vəsaitini ödəmişdir. Ona dəfələrlə xəbərdarlıqlar etməsinə, hətta polisə şikayət etməsinə baxmayaraq yenə də borcu qaytarmamışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: İddiaçı nümayəndəsi (vəkili) Vəkil iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin cavabdeh məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə Cavabdeh məhkəmə hazırlıq iclasında iştirak edərək izahatında göstərmişdir ki, iddiaçıya borcu vardır, borcunu qaytaracaqdır. İş üzrə iddiaçının nümayəndəsini dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: Məhkəməyə təqdim edilmiş Bakı şəhər Binəqədir RPİ-nin 43-cü PB-nin xx.xx.2025ci il tarixli arayışından görünür ki, Cavabdeh izahatında qeyd etmişdir ki, İddiaçı 3000 manat borc pul almışdır. Həmin borcdan 300 manat qaytarmış, 2700 manat borcu qalmışdır. Borcunu 2025-ci ilin fevral ayının sonunadək qaytaracaqdır. xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən hüquqi yardımın görülməsi məqsədi ilə Güvən Vəkil Bürosunun hesabına 350 manat ödəniş edilmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən pul vəsaitləri də mülkiyyət hesab olunduğundan həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İddiaçı Cavabdeh 2022-ci il tarixdə 3000 manat borc pul vermiş, cavabdeh qeyd edilən məbləğdən 300 manatını qaytarmış, 2700 manat borcu qalmışdır. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, İddiaçı məxsus 2700 manat məbləğində pul vəsaiti Cavabdeh qanunsuz sahibliyində qalmışdır. Məhkəmə iclası zamanı İddiaçı nümayəndəsi Cavabdeh pul vəsaitinin 3 illik gecikdirilməsinə görə illik beş fazi olaraq 420 manat pulun və 500 manat mənəvi ziyanın ödənilməsinə əsas ola bilən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Eləcə də iddiaçının nümayəndəsi iddia ərizəsində hüquqi yardımın göstərilməsi üçün 450 manat pulun cavabdehdən tələb etdiyinə baxmayaraq, hüquqi yardımın göstərilməsi üçün iddiaçı tərəfindən 350 manat ödəniş edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə 350 manat məbləğində təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddia tələbi təmin edildiyi həddə yəni, 60.70 manat dövlət rüsumunun 50.50 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2700 manat borc, hüquqi yardım göstərilməsi ilə bağlı ödənilmiş 350 manat və 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 2700 manat borc, hüquqi yardım göstərilməsi ilə bağlı ödənilmiş 350 manat və 50.50 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №e-2(046)-1010/2025
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-1010/2025
01.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver