Məhkəmə qərarları › İş №e-2(046)-1021/2024

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-1021/2024

24.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-1021/2024 24.12.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1135 ABŞ dolları əsas, 1665.88 ABŞ dolları faiz borcu, cəmi 2800.88 ( iki min səkkiz yüz dollar səksən səkkiz sent) ABŞ dolları olmaqla borc məbləğinin və ödənilmiş 67 manat 60 qəpik dövlət rüsumunun tutularaq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbi belə əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar "xxxx" ASC-nin problemli aktivləri (borcları) üzrə tələb hüququ İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına (bundan sonra – İddiaçı QSC) keçmişdir. Qeyd edilən fərmanın icrası ilə bağlı Cavabdeh "xxxx" ASC-nə olan problemli borc üzrə tələb hüququ da xx.xx.2017-ci il tarixli S-FK-GEK-160 saylı təhvil-təslim aktı əsasında İddiaçı QSCnə ötürülmüşdür. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 03 mart 2010-cü il tarixli 94 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh istehlak məqsədi üçün 12 ay müddətinə illik 24 faizlə 1200 (bir min iki yüz) ABŞ dolları kredit verilmişdir. Kredit borcu müqaviləyə uyğun qaytarılmalı olduğu halda, Cavabdeh tərəfindən buna əməl olunmamışdır. Hazırda cavabdehin İddiaçı QSC-nə olan əsas borcu 1135 ABŞ dolları, faiz borcu 1665.88 ABŞ dolları, cəmi borcu 2800,88 (iki min səkkiz yüz dollar səksən səkkiz sent) ABŞ dolları təşkil edir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq cavabdeh tərəfindən heç bir ödəniş aparılmamışdır. Cavabdeh onunla bağlanmış kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozduğu üçün 2800.88 ABŞ dollar məbləğində borc cavabdeh tərəfindən ödənilməlidir. Məhkəmə iclasında İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi Nümayəndə2 iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarına əlavə edilmiş: xx.xx.2010-cu il tarixli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC-nin Göyçay filialı ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 12 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə 1200 ABŞ dolları məbləğində kredit verilmişdir. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh banka 1135 ABŞ dolları əsas, 1665.88 ABŞ dolları faiz borcu olmaqla, cəmi 2800.88 ABŞ dolları borcu vardır. xx.xx.2018-cı il tarixli bildirişin surətindən görünür ki, cavabdehə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınması barədə bildiriş göndərilmişdir. xx.xx.2024-cü il tarixli, mədaxil qəbzindən görünür ki, işə baxılması ilə əlaqədar dövlət rüsumu üçün 68 manat məbləğində pul iddiaçı tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə – mühasibat ekspertizasının 04 oktyabr 2024-cü il tarixli, 9/5993 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hesabdan çıxarış məlumatları və "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2010-cu il tarixli 94 nömrəli kredit müqaviləsinin qeyd edilən şərtlərinə əsasən Cavabdeh xx.xx.2011-ci il tarixinədək (müqavilənin bitdiyi tarixədək) banka olan borcu 1200 ABŞ dolları əsas, 205 ABŞ dolları faiz borcu müəyyən olunur. Tərtib edilmiş cədvəl məlumatlarından göründüyü kimi, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2010-cu il tarixli 94 nömrəli kredit müqaviləsinin qeyd edilən şərtlərinə əsasən Cavabdeh müqavilə müddətindən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli plenum qərarına əsasən xx.xx.2023-cü il tarixinədək (maliyyə arayışında olan tarixə) banka olan borcu 1200 ABŞ dolları əsas, 205 faiz borcu, illik 5 faiz üzrə 642.34 ABŞ dolları müəyyən olunur. Əsaslandırıcı hissə: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında mövcud olan mübahisəli hüquq münasibəti xx.xx.2010-cu il tarixdə kredit müqaviləsinin bağlanması ilə yarandığından bu münasibətlərə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2023-cü il oktyabrın 1-dək qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Məhkəmənin mövqeyi: Məhkəmə iclasında müəyyən edildi ki, "xxxx" ASC-i ilə Cavabdeh arasında etibarlı kredit müqaviləsinin bağlanmasına baxmayaraq, borclu Cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirməmişdir. Azərbaycan Respublikası MPM-nin 106.2-cı maddəsinə əsasən digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasından iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. İddiaçı cavabdehin borclu olması barədə məhkəməyə sübut təqdim etmişdir. Bununla bağlı ekspertiza təyin edilmiş, ekspertiza nəticəsində cavabdehin iddiaçıya müqavilənin bitdiyi tarixə 1200 ABŞ dolları əsas, 205 ABŞ dolları faiz borcu olması təsdiq olunmuşdur. İddiaçı ekspert rəyini mübahisələndirməmişdir. Mülki prosessual qanunvericiliyin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Buna görə də məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, əsas borc iddiaçının tələb etdiyi məbləğdə, yəni 1135 ABŞ dolları, faiz borcu isə ekspert rəyində xx.xx.2011-cı il tarixə (müqavilənin bitdiyi tarixə) hesablanmış 205 ABŞ dolları məbləğində ödənilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh X1 1135 ABŞ dolları əsas, 205 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 1340 ABŞ dolları məbləğində ödəniş gününə Azərbaycan Respublikası manatının məzənnəsi ilə hesablanaraq pul tutularaq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının hesabına keçirilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən iddia tərəfindən ödənilmiş 67.60 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia qismən təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməli, ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində pul Cavabdeh alınaraq dövlət nəfinə verilməlidir. Nəticə: Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1135 (min bir yüz otuz beş) ABŞ dolları əsas, 205 (iki yüz beş) ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 1340 (min üç yüz qırx) ABŞ dolları məbləğində ödəniş gününə Azərbaycan Respublikası manatının məzənnəsi ilə hesablanaraq pul tutularaq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının hesabına keçirilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 67 (altmış yeddi) manat 60 (altmış) qəpik məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının hesabına keçirilsin. Cavabdeh ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində pul alınaraq dövlət nəfinə keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar