Məhkəmə qərarları › İş №e-2(046)-1130/2022

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-1130/2022

20.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-1130/2022 20.05.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlu iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" MMC Cavabdeh arasında bağlanmış 13.04.2021-ci il tarixli kredit müqaviləsinə xitam verilməsi, Cavabdeh 538.50 manat əsas borc, 13.09.2021-ci il tarixədək hesablanmış 68.70 manat faiz borcu olmaqla cəmi 607.20 manat kredit borcu, 30.40 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı "xxxx" MMC tələbi belə əsaslandırmışdır ki, 13.04.2021-ci il tarixli Cavabdeh arasında kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Kreditor tərəfindən Borc alana illik 49.90 faiz ödənilməsi şərti ilə 8 ay müddətinə 600 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 3.2.1-ci bəndinə əsasən Borc alan hər ay bərabər məbləğdə müvafiq ödənişləri apararaq kredit üzrə faktiki istifadə edilmiş kredit məbləğinə hesablanmış faizlərin ödənilməsini və əsas borc məbləğinin qaytarılmasını öhdəsinə götürmüşdür. Lakin Borc alan bu öhdəliklərini kobud şəkildə pozmuş, bu günə qədər kredit üzrə əsas borc məbləğinin və əsas borc məbləğinə hesablanmış faiz məbləğlərinin ödənişini vaxtında və lazımi qaydada həyata keçirməmişdir. Borc alanın öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca yerinə yetirməməsi nəticəsində 13.09.2021-ci il tarixinə əsas borcu 538.50 manat, faiz borcu 68.70 manat olmaqla, ümumi məbləği 607.20 manat olmaqla borcu yaranmışdır. Bundan başqa bank ərizə ilə məhkəməyə müraciət edərkən 30.40 manat dövlət rüsumu ödəmişdir. Buna görə də məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının tələbinə dair əsaslandırılmış etirazın, ona dair dəlillərin və onları təsdiq edən sənədlərin təqdim olunması barədə cavabdehə bildiriş göndərilsə də, o, bununla bağlı məhkəməyə sübutlar təqdim etməmişdir. İş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş 13.04.2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 8 ay müddətinə illik 49.90 faiz ödəmək şərti ilə 600 manat kredit verilməsi barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş 17.03.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh banka 538.50 manat əsas, faiz borcu 68.70 manat olmaqla, ümumi məbləği 607.20 manat kredit borcu qalmışdır. Cavabdeh bank qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, borclu olduğu pulu müqavilə üzrə tərtib edilmiş ödəniş cədvəlində nəzərdə tutulduğu qaydada iddiaçıya qaytarmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı kredit borcunu cavabdehdən tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30.40 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş 30.40 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, "xxxx" MMC-nin iddiası təmin edilməli, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 13.04.2021-ci il tarixli kredit müqaviləsinə xitam verilməli, Cavabdeh 538.50 manat əsas borc, 13.09.2021-ci il tarixədək hesablanmış 68.70 manat faiz borcu olmaqla cəmi 607.20 manat kredit borcu, 30.40 manat dövlət rüsumu tutularaq "xxxx" MMC-nə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 13.04.2021-ci il tarixli kredit müqaviləsinə xitam verilsin. Cavabdeh 538.50 manat əsas borc, 68.70 manat faiz borcu olmaqla cəmi 607.20 manat kredit borcu, 30.40 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar