Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-1145/2023 07.07.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Məmmədov Cahid Məhərrəm oğlu ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2019-ci il tarixli Rest№ 003CASA191900022 saylı güzəştli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 9138 manat 20 qəpik məbləğində əsas kredit borcunun, 50 manat 49 qəpik məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun, cəmi 9188 manat 69 qəpik məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 111 manat 89 qəpik məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, İddiaçı ASC ilə bağlanmış xx.xx.2019cu il tarixli Rest№ 003CASA191900022 saylı güzəştli kredit müqaviləsinə əsasən Məmmədov Cahid Məhərrəm oğluna 5 il müddətinə illik 1% dərəcəsi ilə, 1 il güzəşt müddəti olmaqla 7054 manat 81 qəpik məbləğində kredit verilmişdir. Kredit üzrə öhdəliklərin icrasının təmini kimi bankla cavabdehlər Cavabdeh1 ilə 003FİZAM49289303 saylı xx.xx.2019-cu il tarixli, Cavabdeh2 ilə 003FİZAM13294510 sayıl xx.xx.2019-cu il tarixli, Cavabdeh3 ilə 003FİZAM47775503 saylı xx.xx.2019-cu il tarixli zaminlik müqavilələri bağlanmış və onlar, kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. Məmmədov Cahid Məhərrəm oğlu onunla bağlanmış güzəştli kredit müqaviləsinin şərtlərinə əməl etmədiyindən, onun özünə, eləcədə öhdəlik üzrə zaminləri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 dəfələrlə şifahi və rəsmi (bildirişlə) müraciət edilməsinə baxmayaraq, onlar tərəfindən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. Güzəştli kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Məmmədov Cahid Məhərrəm oğlunun xx.xx.2023-ci il tarixə İddiaçı ASC-nə 9138 manat 20 qəpik məbləğində əsas kredit borcu, 50 manat 49 qəpik məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu olmaqla,cəmi 9188 manat 69 qəpik məbləğində borcu qalmaqdadır. Məmmədov Cahid Məhərrəm oğlu xx.xx.2020-ci il tarixində vəfat etmişdir və bü günədək hər hansı bir əmlakı üzrə vərəsəlik işi açılmamışdır. Cavabdehin etirazı: Cavabdeh1 nümayəndəsi Vəkil iddiaya qarşı etiraz vermişdir. Etirazda göstərmişdir ki, kredit alan mərhum Məmmədov Cahid Məhərrəm oğlu 05 dekabr 2020-ci il tarixdə vəfat etmiş və öldüyü günədək ödəniş cədvəlinə uyğun olaraq kredit borcunu vaxtında banka ödəmişdir. Buna baxmayaraq iddiaçı mərhumun kredit öhdəliyinin zaminlərinə qarşı məhkəmədə iddia qaldırmışdır. Halbuki iddia tələbi mərhum miras qoyanın mirasını qəbul etmiş vərəsələrinə qarşı verilməli idi. Lakin iddiaçı iddia tələbi ilə birbaşa zaminlərə qarşı müraciət etmişdir.Həmçinin iddiaçı iddia tələbini əsaslandırdığı hallara dair hər hansı sübutu ərizəsinə əlavə etməmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X2 iddianı müdafiə etdi,izahat verərək bildirdi ki, Məmmədov Cahid Məhərrəm oğlu ilə İddiaçı ASC arasında xx.xx.2019ci il tarixli Rest№ 003CASA191900022 saylı güzəştli kredit müqaviləsi bağlanmış, Məmmədov Cahid Məhərrəm oğluna 5 il müddətinə illik 1% dərəcəsi ilə, 1 il güzəşt müddəti olmaqla 7054 manat 81 qəpik məbləğində kredit verilmişdir. Cavabdehlər Cavabdeh1 ilə 003FİZAM49289303 saylı xx.xx.2019-cu il tarixli, Cavabdeh2 ilə 003FİZAM13294510 sayıl xx.xx.2019-cu il tarixli, Cavabdeh3 ilə 003FİZAM47775503 saylı xx.xx.2019-cu il tarixli zaminlik müqavilələri bağlanmışdır. Məmmədov Cahid Məhərrəm oğlu xx.xx.2020-ci il tarixində vəfat etmişdir.Bu vaxtadək vərəsəlik işi açılmadığından və mirasın qanunla müəyyən edilmiş müddət ərzində qəbul edilməsi faktı müəyyən edilmədiyindən tələb zaminlərə qarşı yönəldilmişdir.İddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər, Cavabdeh3 ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etdiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş xx.xx.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Məmmədov Cahid Məhərrəm oğlu arasında illik 1 faiz olmaqla 05 il müddətinə 01 il güzəşt müddəti olmaqla 7054 manat 81 qəpik məbləğində kredit verilməsi barədə müqavilə bağlanmışdır. İşə əlavə edilmiş xx.xx.2019-cu il tarixli zaminlik müqavilələrindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqavilələri bağlanmış, Cavabdeh2 və Cavabdeh3 kredit alan Məmmədov Cahid Məhərrəm oğlu öhdəliyini icra etmədikdə (kredit və onun faizini, cəriməni və digər zərəri şərtləşdirilmiş müddət və qaydada ödəmədikdə) həmin öhdəliyin tam icra olunmasını üzərlərinə götürmüşlər. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Məmmədov Cahid Məhərrəm oğlunun İddiaçı ASC-nə 9138 manat 20 qəpik məbləğində əsas, 50 manat 49 qəpik məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, cəmi 9188 manat 69 qəpik məbləğində borcu vardır. İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Məmmədov Cahid Məhərrəm oğlu xx.xx.2020-ci il tariuxdə vəfat etmişdir. İşə əlavə edilmiş qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar dövlət rüsumu üçün 61 manat məbləğində pul iddiaçı tərəfindən ödənilmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür,digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhtəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərini və borclunun öhtəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 527.1-ci maddəsinə əsasən öhdəliyə icra,depozitə qoyma,qarşılıqlı əvəzləşdirmə,borcu bağışlama,müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 477.0.1,477.0.2,477.0.3,477.0.4-cü maddələrinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə,habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda,əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə,zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə,kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə,zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir.Belə müddət təyin edilmədikdə zəminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı irəli sürmədiyi halda xitam verilir.Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İddiaçı ASC-i ilə Məmmədov Cahid Məhərrəm oğlu arasında etibarlı kredit müqaviləsinin bağlanmasına baxmayaraq, borclu Məmmədov Cahid Məhərrəm oğlu kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirməmişdir. Əsas öhdəlik icra edilmədiyinə görə zamin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 borclu Məmmədov Cahid Məhərrəm oğlu ilə yanaşı kreditor İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında birgə məsuliyyət daşıması barədə məsuliyyəti üzərlərinə götürmüşlər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, öhdəliyin təminatı kimi çıxış etmiş zaminlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 borclu Məmmədov Cahid Məhərrəm oğlu ilə birlikdə İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında eyni həcmdə məsuliyyət daşıdığından, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tələbini zaminlərə qarşı irəli sürmək hüququna malik olmuşdur.Belə ki,vəfat etmiş borclu Məmmədov Cahid Məhərrəm oğlunun vərəsələri tərəfindən qanunla müəyyən edilmiş qaydada mirası qəbul etmələri və vərəsəlik işinin açılması müəyyən edilməmişdir.Məhkəmə nəzərə çatdırır ki ,borclunun sıradan çıxması əsas öhdəliyin xitamına səbəb olmur,nə də ki,zaminliyə xitam verilməsi üçün əsas yaratmır. Belə ki, öhdəliklərə xitam verilməsi əsasları Mülki Məcəllənin 527-ci maddəsində, zaminliyə xitam verilməsi əsasları isə Mülki Məcəllənin 477-ci maddəsində qeyd edilmişdir. Ona görə də məhkəmə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin yalnız cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 pulun alınması barədə tələbinin olmasını nəzərə alıb, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələblərinə uyğun olaraq işə baxmalı olmuşdur. Hazırki iş üzrə də xx.xx.2019-cu il tarixli Rest№ 003CASA191900022saylı güzəştli kredit müqaviləsi üzrə borclu Məmmədov Cahid Məhərrəm oğlunun borcun qaytarılması öhdəliyinə xitam verilməmiş, nə də ki, əsas öhdəliyin və zaminliyə xitam verilməsinə qanuni əsaslar mövcud olmamışdır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Məmmədov Cahid Məhərrəm oğlu ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2019-ci il tarixli Rest№ 003CASA191900022 saylı güzəştli kredit müqaviləsinin ləğv edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 9138 manat 20 qəpik məbləğində əsas borc, 50 manat 49 qəpik məbləğində faiz borcu, cəmi 9188 manat 69 qəpik məbləğində pul alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməli, bununla da iddia təmin olunmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehlərə aid edilməli, dövlət rüsumu üçün ödənilmiş 111 manat 89 qəpik məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı "xxxx" Respublika ASC ilə Məmmədov Cahid Məhərrəm oğlu arasında bağlanmış xx.xx.2019-ci il tarixli Rest№ 003CASA191900022 saylı güzəştli kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 9138 manat 20 qəpik məbləğində əsas borc, 50 manat 49 qəpik məbləğində faiz borcu, cəmi 9188 manat 69 qəpik məbləğində pul alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. Dövlət rüsumu üçün ödənilmiş 111 manat 89 qəpik məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən bir ay müddətində Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №e-2(046)-1145/2023
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-1145/2023
07.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver