Məhkəmə qərarları › İş №e-2(046)-1176/2023

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-1176/2023

07.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-1176/2023 07.07.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 28 aprel 2022-ci il tarixli, 31280***-*******01L №-li kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə kredit müqaviləsinə əsasən 7295 manat 46 qəpik məbləğində qalıq, ona hesablanmış 617 manat 39 qəpik məbləğində faiz, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 14 manat 91 qəpik məbləğində dəbbə pulu, cəmi 7927 manat 76 qəpik borcun və dövlət rüsumu kimi ödənilmiş 99 manat 28 qəpik məbləğində pulun tutulmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 28 aprel 2022-ci il tarixli, 31280***-*******01L №-li kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə illik 15% hesablanmaq şərti ilə 8000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq İddiaçı ASC ilə Cavabdeh2 arasında 28 aprel 2022-ci il tarixli, 31280***-*******01L №-li zaminlik müqaviləsi bağlanmışdır. Ödəniş cədvəli, hesabdan çıxarış və borc haqqında arayışdan da göründüyü kimi, cavabdeh tərəfindən kredit üzrə ödənişlər mütəmadi olaraq pozulmuşdur. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan bəri onun tərəfindən kredit müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlərin ödənilməsində pozuntulara yol verilmişdir. İddiaçı ASC cavabdehə dəfələrlə müraciət edərək əsas kredit məbləği və ona hesablanmış faizlərin ödənilməsini xahiş etmişlər. Bu səbəbdən İddiaçı ASC tərəfindən cavabdehlərə poçt vasitəsilə yaranmış borcu ödəmədiyi təqdirdə “borcun qaytarılması” tələbi ilə məhkəməyə müraciət olunması barədə bildiriş məktubu göndərilmişdir. Lakin göstərilən kredit məbləği və ona hesablanmış faizlər bu günə kimi ödənilməmişdir. Bu isə müqavilə ilə cavabdehin öz üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməsi üçün cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunmasına baxmayaraq cavabdeh kredit borcu və ona hesablanmış faizləri qaytarmamışdır. xx.xx.2023-cü il tarixinə kreditin əsas borcu üzrə 7295 manat 46 qəpik məbləğində qalıq, ona hesablanmış 617 manat 39 qəpik məbləğində faiz, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 14 manat 91 qəpik məbləğində dəbbə pulu, cəmi 7927 manat 76 qəpik məbləğində borc yaranmışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X2 iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı etiraf etmədi, izahat verərək bildirdi ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinin təminatı kimi onunla bank arasında zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 ilk 5-6 ay ödənişləri etmiş,lakin sonradan işdən çıxdığı üçün ödənişləri edə bilməmişdir.Hal-hazırda o Bakı şəhərindədir,iş tapıb işləyir,kreditin qaytarılmasını təmin edəcəkdir.Ondan tələb edilən pulu birdəfəlik ödəyə bilməyəcəkdir.İddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Cavabdeh1 məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Tərəflərin izahatlarını dinləyib, iş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında illik 15 faiz olmaqla 36 ay müddətinə 8000 manat məbləğində kredit verilməsi barədə müqavilə bağlanmışdır. İşə əlavə edilmiş xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmış, Cavabdeh2 kredit alan Cavabdeh1 öhdəliyini icra etmədikdə (kredit və onun faizini, cəriməni və digər zərəri şərtləşdirilmiş müddət və qaydada ödəmədikdə) həmin öhdəliyin tam icra olunmasını üzərinə götürmüşdür. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1nın İddiaçı ASC-nə 7295 manat 46 qəpik məbləğində qalıq, ona hesablanmış 617 manat 39 qəpik məbləğində faiz, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 14 manat 91 qəpik məbləğində dəbbə pulu, cəmi 7927 manat 76 qəpik borcu vardır. İşə əlavə edilmiş qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar dövlət rüsumu üçün 99.28 manat məbləğində pul iddiaçı tərəfindən ödənilmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür,digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhtəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərini və borclunun öhtəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İddiaçı ASC ilə Cavabdeh1 arasında 28 aprel 2022-ci il tarixli, 31280***-*******01L №-li etibarlı kredit müqaviləsi bağlanmasına baxmayaraq borcalan cavabdeh krediti vaxtında qaytarmaq öhdəliyi yerinə yetirməmiş,borcverən İddiaçı ASC-i Cavabdeh1 əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsini müəyyən etdiyindən borcun dərhal qaytarılmasını tələb etməkdə haqlıdır. 28 aprel 2022-ci il tarixdə İddiaçı ASC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmış, Cavabdeh2 kredit alan Cavabdeh1 öhdəliyini icra etmədikdə (kredit və onun faizini, cəriməni və digər zərəri şərtləşdirilmiş müddət və qaydada ödəmədikdə) həmin öhdəliyin tam icra olunmasını üzərinə götürmüşdür. Cavabdeh1 İddiaçı ASC-i qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, borclu olduğu kredit borcunu müqavilə üzrə tərtib edilmiş ödəniş cədvəlində nəzərdə tutulduğu qaydada iddiaçıya qaytarmamışdır. Buna görə də iddiaçı kredit borcunu digər cavabdehdən də tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında etibarlı kredit müqaviləsinin bağlanmasına baxmayaraq, cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 28 aprel 2022-ci il tarixli, 31280***- *******01L №-li kredit müqaviləsi ləğv edilməli,Cavabdeh1 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə aldığı krediti İddiaçı ASC -nə qaytarmalıdır. Digər Cavabdeh2 28 aprel 2022-ci il tarixli zaminlik müqavilələrinə görə borclu Cavabdeh1 ilə eyni həcmdə İddiaçı ASC qarşısında məsuliyyət daşıdığından, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə borcun qaytarılması cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hesabına təmin edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehlərə aid edilməli, dövlət rüsumu üçün ödənilmiş 99 manat 28 qəpik məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı ASC -nə verilməlidir. Beləliklə məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 28 aprel 2022-ci il tarixli 31280***-*******01L saylı kredit müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 7295 (yeddi min iki yüz doxsan beş) manat 46 (qırx altı) qəpik məbləğində qalıq, ona hesablanmış 617 (altı yüz on yeddi) manat 39 (otuz doqquz) qəpik məbləğində faiz, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 14 (on dörd) manat 91 (doxsan bir) qəpik məbləğində dəbbə pulu, cəmi 7927 (yeddi min doqquz yüz iyirmi yeddi) manat 76 (yetmiş altı) qəpik pul alınıb İddiaçı ASC -nə verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 28 aprel 2022-ci il tarixli 31280***- *******01L saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 7295 (yeddi min iki yüz doxsan beş) manat 46 (qırx altı) qəpik məbləğində qalıq, ona hesablanmış 617 (altı yüz on yeddi) manat 39 (otuz doqquz) qəpik məbləğində faiz, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 14 (on dörd) manat 91 (doxsan bir) qəpik məbləğində dəbbə pulu, cəmi 7927 (yeddi min doqquz yüz iyirmi yeddi) manat 76 (yetmiş altı) qəpik məbləğində pul alınıb İddiaçı ASC -nə verilsin. Dövlət rüsumu üçün ödənilmiş 99 manat 28 qəpik məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı ASC -nə verilsin. Qətnamədən bir ay müddətində Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar