Məhkəmə qərarları › İş №e-2(046)-1194/2024

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-1194/2024

12.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-1194/2024 12.07.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlu iddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbinə dair ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: LPO İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 334.77 manat əsas, 3.77 manat faiz və 2.28 manat cərimə borcu, 7.56 manat illik beş faiz olmaqla cəmi 348.38 manat kredit borcunun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı LPO İddiaçı ASC tələbi belə əsaslandırmışdır ki, Cavabdeh2 ilə LPO İddiaçı ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 24 ay müddətinə illik 1 faizlə, cəmi 430.05 məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 ilə bank arasında zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh2 kredit müqaviləsinin şərtlərini pozaraq, borc öhdəliyini tam icra etməmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh kredit borcunu ödəməmişdir. Cavabdehlərin banka ümumilikdə 348.38 manat borcu vardır. Bundan başqa bank ərizə ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. Buna görə də məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının tələbinə dair əsaslandırılmış etirazın, ona dair dəlillərin və onları təsdiq edən sənədlərin təqdim olunması barədə cavabdehə bildiriş göndərilsə də, o, bununla bağlı məhkəməyə sübutlar təqdim etməmişdir. İş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, LPO İddiaçı ASC ilə Cavabdeh2 arasında 24 ay müddətinə illik 1 faizlə, 430.05 manat kredit verilməsi barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, LPO İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 ilə bank arasında zaminlik müqaviləsi bağlanmışdır. Məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh2nın banka 334.77 manat əsas, 3.77 manat faiz və 2.28 manat cərimə borcu, 7.56 manat illik beş faiz olmaqla cəmi 348.38 manat kredit borcu vardır. Təqdim edilmiş sübutlarla müəyyən edilir ki, Cavabdeh2 ilə İddiaçı ASC arasında xx.xx.2021-ci il tarixdə kredit müqaviləsi bağlanmış və Cavabdeh1 illik 24 faiz olmaqla 01 ay müddətinə 430.05 manat məbləğində kredit verilmişdir. Borclunun öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə xx.xx.2021-ci il tarixdə Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmış və zamin kredit alan Cavabdeh2 zamin durmuşdur. Cavabdeh2 müqavilə üzrə üzərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirməmiş, öhdəliyin icrasından yayınmış, nəticədə Cavabdeh2nın banka borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, LPO İddiaçı ASC-nin iddiası təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 334.77 manat əsas, 3.77 manat faiz və 2.28 manat cərimə borcu, 7.56 manat illik beş faiz olmaqla cəmi 348.38 manat kredit borcu və 30 manat məbləğində dövlət rüsumu tutularaq LPO İddiaçı ASC-nə ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 334.77 manat əsas, 3.77 manat faiz və 2.28 manat cərimə borcu, 7.56 manat illik beş faiz olmaqla cəmi 348.38 manat kredit borcu və 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı LPO İddiaçı ASC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar