Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-1211/2025 06.08.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı BOKT "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərlə BOKT "xxxx" MMC arasında bağlanmış L-GO-0063395-F saylı kredit müqaviləsi və GO- 00021390 saylı zaminlik müqavilələrinə əsasən Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada əsas məbləğ üzrə 5454.83 (beş min dörd yüz əlli dörd manat səksən üç qəpik), faiz borcu üzrə 936.18 (doqquz yüz otuz altı manat on səkkiz qəpik), cərimə üzrə 190.45 (bir yüz doxsan manat qırx beş qəpik) və müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin (əldən çıxmış fayda) əvəzi olaraq 780.65 (yeddi yüz səksən manat altmış beş qəpik) olmaqla, cəmi 7362.11 (yeddi min üç yüz altmış iki manat on bir qəpik) məbləğində kredit borcunun və ödənilmiş 94 (doxsan dörd) manat dövlət rüsumunun alınaraq BOKT "xxxx" MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh2 BOKT "xxxx" MMC-yə kreditin ayrılması ilə əlaqədar müraciət etmişdir. Borclunun müraciətinə müvafiq olaraq onunla BOKT "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixli L-GO-0063395-F saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1 və 6.1-ci bəndlərinə əsasən, borcluya 36 ay müddətinə, aylıq 2.33 %, illik 28 % olmaqla 7000 (yeddi min) manat məbləğində kredit verilmişdir. Həmin tarixdə kreditin ödənilməsinin təminatı olaraq cavabdehin zamini Cavabdeh1 ilə GO-00021390 saylı zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin bağlandığı tarixindən bu günə qədər borclu tərəfindən təşkilata əsas məbləğ üzrə 1545.17 (bir min beş yüz qırx beş manat on yeddi qəpik), müqavilənin 6.1-ci bəndinə əsasən hesablanmış faiz borcu üzrə 2185.98 (iki min bir yüz səksən beş manat doxsan səkkiz qəpik) və müqavilənin 4.3-cü bəndinə əsasən hesablanmış cərimə borcu üzrə 169.85 (bir yüz altmış doqquz manat səksən qəpik) olmaqla cəmi 3901 (üç min doqquz yüz bir) manat məbləğində pul ödənilmişdir. Hal hazırda cavabdehin təşkilata ödənilməmiş əsas məbləğ üzrə 5454.83 (beş min dörd yüz əlli dörd manat səksən üç qəpik), faiz borcu üzrə 936.18 (doqquz yüz otuz altı manat on səkkiz qəpik) və cərimə üzrə 190.45 (bir yüz doxsan manat qırx beş qəpik) məbləğində borcu var. Bundan əlavə, BOKT "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli L- GO- 0063395-F saylı kredit Müqaviləsinin 6.6-cı maddəsində bu müqavilədən irəli gələn öhdəliklərin borclu tərəfindən yerinə yetirilməməsi nəticəsində məhkəməyə müraciət olunacağı təqdirdə cavabdehdən kreditora vurulmuş zərər (əldən çıxmış fayda) tələb olunması nəzərdə tutulmuşdur. Müqavilənin həmin maddəsinə əsasən zərər (əldən çıxmış fayda) ödənilməmiş əsas məbləğə hesablanmış 6 aylıq faizin məbləğinə bərabər olur. Hal-hazırda müqaviləyə əsasən hesablanmış zərər (əldən çıxmış fayda) 780.65 (yeddi yüz səksən manat altmış beş qəpik) manat təşkil edir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı BOKT "xxxx" MMC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək iddianı müdafiə etdiyini, işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılaraq iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etdi və izahat verərək bildirdi ki, iddiaçı BOKT "xxxx" MMC ilə onun arasında xx.xx.2023-cü il tarixində kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən, ona 36 ay müddətinə, illik 28 % olmaq şərti ilə 7000 (yeddi min) manat məbləğində kredit verilmişdir. İşlədiyi müddət ərzində kredit borcundan ödəniş etmiş, etdiyi ödənişlər əsas və faiz borcundan silinmiş, sonra işləmədiyi üçün borcundan ödənişlər edə bilməmişdir. İddianın əsas borc məbləği tələbinə dair hissəsini qəbul edir, faiz və cərimə borcu yüksək hesablanmışdır. Məhkəmədən iddianın qismən təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etdi və izahat verərək bildirdi ki, BOKT "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsinə əsasən zamin durmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, BOKT "xxxx" MMC ilə Cavabdeh2 arasında kredit müqaviləsi bağlanmış, BOKT "xxxx" MMC tərəfindən Cavabdeh2 36 ay müddətinə, aylıq 2.33 %, illik 28 % olmaqla 7000 (yeddi min) manat məbləğində kredit verilmişdir. xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, BOKT "xxxx" MMC ilə Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmış, zamin Cavabdeh1 kredit alan Cavabdeh2 öhdəliyini icra etmədikdə kredit və onun faizini, cəriməni və digər zərəri şərtləşdirilmiş müddət və qaydada ödəmədikdə həmin öhdəliyin tam icra olunmasını üzərinə götürmüşdür. xx.xx.2024-cü il tarixli məktubların surətindən görünür ki, cavabdehlərə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınması barədə bildiriş göndərilmişdir. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2025-ci il tarixinə BOKT "xxxx" MMC-nə borcu 5454.83 manat əsas, 936.18 manat faiz, 190.45 cərimə və 780.65 manat əldə çıxmış fayda borcu olmaqla, cəmi 7362.11 manat təşkil edir. ********** saylı mədaxil qəbzindən görünür ki iddia ərizəsinin verilməsi üçün 94 manat dövlət rüsumu ödənilmişdir Əsaslandırıcı hissə: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında mövcud olan mübahisəli hüquq münasibəti xx.xx.2022-ci il tarixdə kredit müqaviləsinin bağlanması ilə yarandığından bu münasibətlərə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2023-cü il oktyabrın 1-dək qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və MM-nin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə MM-in «Öhdəliklərin icra edilməməsi» adlanan 22-ci fəslində və «Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət» adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. ... Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, BOKT "xxxx" MMC ilə Cavabdeh2 arasında etibarlı kredit müqaviləsinin bağlanmasına baxmayaraq, borclu Cavabdeh2 kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirməmişdir. Əsas öhdəlik icra edilmədiyinə görə zamin Cavabdeh1 borclu Cavabdeh2 ilə yanaşı kreditor BOKT "xxxx" MMC qarşısında birgə məsuliyyət daşıması barədə məsuliyyəti üzərinə götürmüşdür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, öhdəliyin təminatı kimi çıxış etmiş zamin Cavabdeh1 borclu Cavabdeh2 ilə birlikdə iddiaçı BOKT "xxxx" MMC qarşısında eyni həcmdə məsuliyyət daşıdığından, iddiaçı BOKT "xxxx" MMC tələbini öz seçimi ilə zaminə qarşı və ya borcluya qarşı, yaxud onların hər ikisinə qarşı irəli sürmək hüququna malik olmuşdur. Məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddianın əsas və faiz borcu tələbinə dair hissəsi əsaslı olduğundan təmin edilməlidir. Cavabdeh2 BOKT "xxxx" MMC-nə xx.xx.2023-cü il tarixli L-GO-0063395-F saylı kredit müqaviləsi üzrə ödəməli olduğu borcu ödəməkdən yayınaraq gecikdirmişdir. İddiaçı BOKT "xxxx" MMC-nin vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut edə bilmədiyindən, məhkəmə hesab edir ki, müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin (əldən çıxmış fayda) əvəzi olaraq 780.65 (yeddi yüz səksən manat altmış beş qəpik) pulun cavabdehlərdən tutulmasına dair hissədə təmin edilməməlidir. Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehlərdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur. Lakin məhkəmə, hesablanmış cərimə məbləğinin yüksək olmasını, həmçinin, tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq 10 manat müəyyən edilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada əsas məbləğ üzrə 5454.83 (beş min dörd yüz əlli dörd manat səksən üç qəpik), faiz borcu üzrə 936.18 (doqquz yüz otuz altı manat on səkkiz qəpik), cərimə üzrə 10 (on) manat olmaqla, ümumilikdə 6401 (altı min dörd yüz bir manat sıfır bir qəpik) alınaraq iddiaçı BOKT "xxxx" MMCnə verilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 94 manat dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq iddiaçı BOKT "xxxx" MMC-nə ödənilməlidir. Nəticə: Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada əsas məbləğ üzrə 5454.83 (beş min dörd yüz əlli dörd manat səksən üç qəpik) əsas, faiz borcu üzrə 936.18 (doqquz yüz otuz altı manat on səkkiz qəpik), cərimə üzrə 10 (on) manat olmaqla, ümumilikdə 6401 (altı min dörd yüz bir manat sıfır bir qəpik) alınaraq iddiaçı BOKT "xxxx" MMC-nə verilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 94 (doxsan dörd) manat dövlət rüsumu alınaraq iddiaçı BOKT "xxxx" MMC-nə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №e-2(046)-1211/2025
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-1211/2025
06.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver