Məhkəmə qərarları › İş №e-2(046)-1266/2023

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-1266/2023

24.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-1266/2023 24.08.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 05 aprel 2022-ci il tarixli, YSNPU-06537 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 5781,14 (beş min yeddi yüz səksən bir manat on dörd qəpik) manat, faiz borcuna görə 237,74 (iki yüz otuz yeddi manat yetmiş dörd qəpik) manat, dəbbə borcuna görə 807,47 (səkkiz yüz yeddi manat qırx yeddi qəpik) manat, cəmi 6826,35 (altı min səkkiz yüz iyirmi altı manat otuz beş qəpik) manat məbləğində pulun və 88,27 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrtinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, İddiaçı ASC-nin Yasamal filialı ilə Cavabdeh arasında bağlanmış 05 aprel 2022-ci il tarixli, YSNPU-06537 saylı kredit müqaviləsinə əsasən illik 14 % (on dörd) faiz dərəcəsi olmaqla 30 (otuz) ay müddətinə 8000 (səkkiz min) manat məbləğində cavabdehə kredit verilmişdir (kredit müqaviləsinin 2.1.; 2.3.; 2.4 bəndləri). 05 aprel 2022-ci il tarixli, YSNPU-06537 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 05 aprel 2022-ci il tarixli, YSNPU-06537 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 5-dan gec olmayaraq hər ay 317,60 (üç yüz on yeddi manat altmış qəpik) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh 05 aprel 2022-ci il tarixli, YSNPU-06537 saylı kredit müqaviləsi üzrə borcun məbləği əsas borca görə 5781,14 (beş min yeddi yüz səksən bir manat on dörd qəpik) manat, faiz borcuna görə 237,74 (iki yüz otuz yeddi manat yetmiş dörd qəpik) manat, dəbbə borcuna görə 807,47 (səkkiz yüz yeddi manat qırx yeddi qəpik) manat, cəmi 6826,35 (altı min səkkiz yüz iyirmi altı manat otuz beş qəpik) manat təşkil edir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, nümayəndəsi Nümayəndə ərizə göndərərək işə onun iştirakı olmadan baxılaraq iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin üzrlü səbəbi barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, YSNPU-06537 №-li kredit müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında illik 14 faiz dərəcəsi ilə 30 ay müddətinə 8000 manat məbləğində kredit verilməsi barədə müqavilə bağlanmışdır. İşə əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-nə 5781 manat 14 qəpik əsas, 237 manat 74 qəpik faiz borcu, 807 manat 47 qəpik dəbbə pulu olmaqla, cəmi 6826 manat 35 qəpik borcu vardır. İşə əlavə edilmiş sənədlərdən görünür ki, Cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyin vaxtında icra edilməsi barədə İddiaçı ASC tərəfindən xəbərdar olunmuşdur. İşə əlavə edilmiş qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar dövlət rüsumu üçün 88 manat 27 qəpik məbləğində pul İddiaçı ASC tərəfindən ödənilmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür,digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İddiaçı ASC ilə Cavabdeh arasında illik 14 faiz olmaqla 30 ay müddətinə 8000 manat kredit verilməsi barədə 05 aprel 2022-ci il tarixdə müqavilə bağlanmışdır. Cavabdeh bank qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, borclu olduğu kredit borcunu müqavilə üzrə tərtib edilmiş ödəniş cədvəlində nəzərdə tutulduğu qaydada iddiaçıya qaytarmamışdır. Buna görə də iddiaçı kredit borcunu cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, iddianın əsas və faiz borcu tələbinə dair hissəsi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə işin faktiki hallarını nəzərə alıb belə bir nəticəyə gəlir ki, məhkəmə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bildiyindən, öhdəliyin vaxtında icra edilməməsinə görə 807 manat 47 qəpik məbləğində cərimə tənasübsüz surətdə yüksək dəbbə pulu hesab olunmalı, buna görə də tələb olunan cərimə 200 manat məbləğinədək azaldılmalı, iddia bu hissədə qismən təmin olunmalıdır. Məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh arasında etibarlı kredit müqaviləsinin bağlanmasına baxmayaraq, cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən, Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə aldığı krediti İddiaçı ASC-nə qaytarmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia qismən təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməli, dövlət rüsumu üçün ödənilmiş 88 manat 27 qəpik pul Cavabdeh tutularaq İddiaçı ASC-nə verilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 5781,14 (beş min yeddi yüz səksən bir manat on dörd qəpik) manat əsas, 237,74 (iki yüz otuz yeddi manat yetmiş dörd qəpik) manat faiz, 200 (iki yüz) manat cərimə olmaqla, cəmi 6218,88 (altı min iki yüz on səkkiz manat səksən səkkiz qəpik) manat pul alınıb İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Gecikdirilməyə görə hesablanmış 807 manat 47 qəpik məbləğində dəbbə pulu 200 manat məbləğinədək azaldılsın. Cavabdeh 5781,14 (beş min yeddi yüz səksən bir manat on dörd qəpik) manat əsas, 237,74 (iki yüz otuz yeddi manat yetmiş dörd qəpik) manat faiz, 200 (iki yüz) manat cərimə olmaqla, cəmi 6218,88 (altı min iki yüz on səkkiz manat səksən səkkiz qəpik) manat pul alınıb İddiaçı ASC -nə verilsin. Dövlət rüsumu üçün ödənilmiş 88 manat 27 qəpik məbləğində pul Cavabdeh tutularaq İddiaçı ASC -nə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar