Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-1293/2024 30.07.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Burcaliyeva Leyla Sahib qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Göyçay Rayon Məhkəməsinin 2(046)-1224/2021 saylı, xx.xx.2021 tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarını dəyişərək, Cavabdeh hər ay 235 manat sabit pul məbləğində aliment tutulub birgə nikahlarından olan xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün ona verilməsi barədə qətnamə çıxarılması və mediasiya üçün ödədiyi 60 manat rüsumu da cavabdehə aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə həyat qurmuşdur. Birgə nikahdan xx.xx.2011-ci il təvəllüdlü X8 adlı övladı var. Məhkəmə qətnaməsi ilə aralarında olan rəsmi nikahın pozulması, uşağın onun yanında qalması və onun saxlanması üçün alimentin tutulması qət edilmişdir. Göyçay Rayon Məhkəməsinin 2(046)-1224/2021 saylı, xx.xx.2021 tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Göyçay Rayon Məhkəməsinin 2(046)- 324/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün onun xeyrinə cavabdehdən tutulan alimentin miqdarı qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən dəyişdirilərək hər ay 170 manat məbləğində müəyyən edilmişdir. O hazırda 170 manat aliment alır. Həmin məbləğdə aliment ilə də uşağını saxlamaqda çətinlik çəkir. Cavabdeh isə ona əlavə olaraq heç bir köməklik etmir. Qızının böyüməsi ilə əlaqədar olaraq onun təlabatları da günü-gündən artır. Hesab edir ki, qızının mənafeyi, onun normal, yəni qida rasionlarına uyğun şəkildə qidalanması, fiziki cəhətdən inkişafı, həmçinin 2024-cü il respublikada uşaqlar üçün yaşayış minimumunun 235 manat olması məhkəmə tərəfindən nəzərə alınmalıdır. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, Göyçay Rayon Məhkəməsinin 2(046)- 1224/2021 saylı xx.xx.2021 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməli və cavabdehdən hər ay 235 manat sabit pul məbləğində aliment tutulub ona verilməlidir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş İddiaçı məhkəməyə gəlməmiş, nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə baxışını onun və təmsil etdiyi şəxsin iştirakı olmadan baxılaraq iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə SMS bildiriş vasitəsilə xəbərdar olunmuş Cavabdeh məhkəməyə gəlməmişdir.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Cavabdehin iddiaya qarşı etirazı: Cavabdeh iddiaya qarşı etiraz verərək iddianı qəbul etməməsini,əmək haqqının az olmasını,2024-cü il sentyabr ayında Azərbaycan Ordusunun Müdafiə Nazirliyi ilə 5 illik bağlanmış müddətin bitdiyinə görə ehtiyata buraxılmasını,yenidən ailə həyatı qurmağını və yeni övladının dünyaya gəldiyini nəzərə alaraq iddianın geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Mülki işdə olan sənədlər: Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(046)-1224/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddia tələbi təmin edilmiş, Cavabdeh xx.xx.2011-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay tutulan alimentin miqdarı artırılaraq hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə verilməsi qət edilmişdir. İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixdə mediator tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında Cavabdeh (İMS) iştirak edilməməsi barədə arayış verilmişdir. İlkin mediasiya sessiyası ilə bağlı 60 manat mediasiya xərci X4 tərəfindən ödənilmişdir. İşə əlavə edilmiş «AZEMİS» X1 şəxsi məlumatlar bölməsindən çıxarışdan görünür ki, tərəflərin birgə nikahından xx.xx.2011-ci il tarixdə X8 adlı uşaqları anadan olmuşdur. İşə əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki,Cavabdeh X5 ilə xx.xx.2020-ci ildə nikahlarını qeyd etdirmişlər. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki,Cavabdeh və X2 xx.xx.2024-cü il təvəllüdlü X6 adlı uşaqları vardır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi 005№-li hərbi hissənin xx.xx.2024-cü il tarixli,91№-li arayışından görünür ki,Cavabdeh aylıq pul təminatı bütün növ tutqular və 170 manat aylıq sabit pul məbləğində aliment tutulduqdan sonra 809 manat təşkil edir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi 005№-li hərbi hissənin xx.xx.2024-cü il tarixli,90№-li arayışından görünür ki,Cavabdeh xx.xx.2024-cü il tarixdə xidmət müddəti başa çatır. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları,bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı,onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına,inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası qanununa görə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76,78 və 112-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında verilmiş şərhə görə, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərlən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci bəndinə görə uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır(«Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir.Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq,qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmənin mövqeyi: Məhkəmə nəzərə çatdırır ki, iddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Alimentin müəyyən olunmuş miqdarı dəyişdirildiyi hər bir halda, alimentin miqdarı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İşin müəyyən olunmuş hallarına görə aliment müəyyən olunan vaxtdan sonra uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumu artırılmışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası qanununa görə 2024-cü il üçün yaşayış minimumunun uşaqlar üçün 235 manat məbləğində müəyyən edilməsi İddiaçı maddi vəziyyətində dəyişikliyin olmasına səbəb olmuşdur. Bununla yanaşı məhkəmə onu da nəzərə alır, Cavabdeh ikinci dəfə nikaha daxil olması və uşağının doğulması da ailə vəziyyətində dəyişikliyin olmasına səbəb olmuşdur. Məhkəmə hesab edir ki, valideynlərin hər ikisi uşaqlarını saxlamağa borclu olduğundan, tərəflərdən birinin (cavabdehin) ailə vəziyyətində, digər tərəfin (iddiaçının) maddi vəziyyətində dəyişikliyin olması nəzərə alınmalı, xx.xx.2011-ci il təvəllüdlü uşağın yaşının artması ilə maddi tələbatlarının artması,son nəticədə onun himayəsində olduğu ana iddiaçının maddi vəziyyətinə təsir etməsi kimi qiymətləndirilməli və bu cür təsir səbəbindən aliment məbləği dəyişdirilməyəcəyi halda uşağın üstün mənafeləri pozulmuş olar və onun minimum tələbatlarının ödənilməsinə imkan verməyə bilər.Ona görə də məhkəmə «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76,78 və 112-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında verilmiş şərhi də nəzərə alıb, hesab edir ki, müəyyən olunmuş aliment məbləği dəyişdirilərək yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğdə Cavabdeh xx.xx.2011-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, qətnamənin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanmalı, bununla da iddia qismən təmin olunmalıdır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən və alimentin miqdarının artırılması tələbi üzrə İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, mediasiya xərci Cavabdeh alınaraq İddiaçı verilməli, dövlət rüsumu cavabdehdən alınaraq dövlət nəfinə verilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(046)-1224/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın. Cavabdeh xx.xx.2011-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin. Qalan hissədə iddia təmin edilməsin. Miqdarı dəyişdirilmiş alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Məhkəmə xərcləri cavabdehə aid edilsin. Cavabdeh 60 manat mediasiya xərci alınaraq İddiaçı verilsin. İddia ərizəsinin verilməsi üçün dövlət rüsumu 44 manat məbləğində pul Cavabdeh alınaraq dövlət nəfinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №e-2(046)-1293/2024
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-1293/2024
30.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver