Məhkəmə qərarları › İş №e-2(046)-131/2025

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-131/2025

07.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-131/2025 07.02.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 5609.06 (beş min altı yüz doqquz ABŞ dollar, altı sent) ABŞ dolları-bundan 1769.73 (bir min yeddi yüz altmış doqquz ABŞ dollar, yetmiş üç sent) ABŞ dolları əsas, 421.60 (dörd yüz iyirmi bir ABŞ dollar, altmış sent) ABŞ dolları faiz, 3163.73 (üç min yüz altmış üç ABŞ dolları, yetmiş üç sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 254 (iki yüz əlli dörd) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 115.36 (yüz on beş manat, otuz altı qəpik) manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Göyçay filialı ilə Cavabdeh arasında bağlanmış 7809/15-USD nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehə “istixanada pomidor məhsullarının becərilməsi” məqsədi ilə 20 ay müddətinə illik 31% dərəcəsi ilə 2.500 (iki min beş yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqaviləyə əsasən kredit borcalana “istixanada pomidor məhsullarının becərilməsi” məqsədi ilə verilsə də, vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumat əldə etmək üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində fiziki şəxslər üzrə ada görə “Cavabdeh” vergi ödəyicisi kimi axtarılmış, lakin buna baxmayaraq həmin ada uyğun VÖEN müəyyən edilməmişdir (İnternet Vergi İdarəsinin portalından çıxarış qoşmaya əlavə edilmişdir). Hazırda bank tərəfindən 7809/15-USD nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə bağlanmış əlavə saziş və ona əlavə edilmiş sənədlərin məhkəməyə təqdim edilməməsinin səbəbi İddiaçı ASC-nin lisenziyasının Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 22 dekabr 2017-ci il tarixli 49 saylı qərarı ilə ləğv edildikdən və müflis elan edildikdən sonra filialların bağlanması və filiallarda olan sənədlərin məhv edilməsi, itirilməsi və ya korlanması olmuşdur. Cavabdeh kredit verilərkən həmin kreditə dair müvafiq məlumatlar bankın “GNİ” sistemində qeyd edilmiş və həmin sistemdən də aydın şəkildə görünür ki, kreditin verilmə tarixi xx.xx.2015-ci il tarix, kreditin bitmə tarixi isə xx.xx.2021-ci ildir. (“GNİ” sistemindən çıxarış iddia ərizəsinə əlavə edilmişdir). Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2024-cü il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 5609.06 (beş min altı yüz doqquz dollar, altı sent) ABŞ dolları təşkil edir. Bundan 1769.73 (bir min yeddi yüz altmış doqquz dollar, yetmiş üç sent ) ABŞ dolları əsas, 421.60 (dörd yüz iyirmi bir dollar, altmış sent) ABŞ dolları faiz, 3163.73 (üç min yüz altmış üç dollar, yetmiş üç sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 254 (iki yüz əlli dörd) ABŞ dolları faiz borcu təşkil edir. Məhkəmə iclasında iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdi, əlavə olaraq bildirdi ki, Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə sonuncu ödəniş xx.xx.2019-cu ildə olmuşdur. Məhkəmədən cavabdehdən əsas, faiz, AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcunun və ödənilmiş dövlət rüsumunun tutulmaqla, iddianın qismən təmin edilməsini xahiş etdi. Cavabdeh iddia müddətinin tədbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, LPO İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi 3 (üç) illik iddia müddətinin tətbiq etməklə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizədə göstərmişdir ki, iddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin tələb Göyçay Rayon Məhkəməsinə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Həmin iddia tələbi ilə bağlı iddia ərizəsi ilə tanış olmuşdur. Mübahisə predmeti olan müqavilə şərtləri belə olmuşdur. O, İddiaçı Açıq Səhmdar Cəmiyyətindən 7809/15-USD nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 20 ay müddətinə illik 31% dərəcəsi ilə 2.500 (iki min beş yüz) ABŞ dolları məbləğində kredit almışdır. Həmin müqavilə üzrə ödənişləri xx.xx.2015-ci il tarixdən başlayaraq xx.xx.2016-cı il tarixədək ödəməli idi. Yəni müqavilənin müddəti xx.xx.2016-cı il tarixdə bitmişdir. Belə ki, maddi imkanı olmadığından, eyni zamnda həmin dövrdə ABŞ dolları devalyasiya olunduğundan kredit borcunu ödəyə bilməmişdir. Dəfələrlə çalışsa da bank tərəfindən ona heç bir güzəşt olunmadı. Aradan 8 il keçdiyindən düşünmüşdür ki, həmin kredit borcu da Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının təsiri altına düşməklə bağlanmışdır. Bu səbəbdən həmin kredit borcu ilə bağlı ümumiyyətlə banka yaxınlaşmışdır. Sonradan, yəni 2024-cü ilin oktyabr ayının sonlarında ona məhkəmədən məktub gələn zaman məlum oldu ki, bank onu məhkəməyə verib. İddia ərizəsi ilə tanış olan zaman ona məlum oldu ki, guya bankla onun arasında 7809/15-USD nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə əlavə saziş müqaviləsi bağlanmışdır və həmin müqaviləyə görə ona verilən kreditin son ödəniş tarixi xx.xx.2021 -ci il tarix olmuşdur. Lakin Bank həmin müqavilələri və sənədləri məhkəməyə təqdim edə bilmədiyini bildirir və bunun səbəbini İddiaçı ASC-nin lisenziyasının Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 22 dekabr 2017-ci il tarixli 49 saylı qərarı ilə ləğv edildikdən və müflis elan edildikdən sonra filialda olan ona aid sənədlər məhv edilmiş, itirilmiş və ya korlanmış kimi qeyd edir. O, İddiaçı ASC ilə yalnız bir dəfə xx.xx.2015-ci il tarixdə müqavilə bağlamışdır. Bankın bütün yuxarıda qeyd edilənləri yazmaqda məqsədi özünü guya müdafiə edib 3 (üç) illik iddia müddətini buraxmasını gizlətməsidir. Göründüyü kimi iddiaçı, yəni LPO İddiaçı ASC-nin müqavilə müddəti keçdikdən (xx.xx.2016-cı il tarix) 8 (səkkiz) il sonra məhkəməyə müraciət etməklə 3 (üç ) illik iddia müddətini buraxmışdır. Buna görə də hesab edir ki, 3 (üç) illik iddia müddəti keçdiyindən iddia tələbi rədd edilməlidir. İş materiallarına əlavə edilmiş: xx.xx.2015-ci il tarixli, 7809/15 USD nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" ASCi tərəfindən Cavabdeh 20 ay müddətinə, illik 31 faiz dərəcəsi ilə 2500 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh banka 1769.73 (bir min yeddi yüz altmış doqquz ABŞ dollar, yetmiş üç sent) ABŞ dolları əsas, 421.60 (dörd yüz iyirmi bir ABŞ dollar, altmış sent) ABŞ dolları faiz, 3163.73 (üç min yüz altmış üç ABŞ dolları, yetmiş üç sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 254 (iki yüz əlli dörd) ABŞ dolları faiz borcu olmaqla, cəmi 5609.06 ABŞ dolları təşkil edir. xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, cavabdehə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınması barədə bildiriş göndərilmişdir. xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, işə baxılması ilə əlaqədar dövlət rüsumu üçün 115 manat 36 qəpik məbləğində pul iddiaçı tərəfindən ödənilmişdir. xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək olan hesabdan çıxarışdan görünür ki, kredit müqaviləsi üzrə kredit müddətinin bitmə tarixi xx.xx.2021-ci il tarix göstərilmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında mövcud olan mübahisəli hüquq münasibəti xx.xx.2015-cш il tarixdə kredit müqaviləsinin bağlanması ilə yarandığından bu münasibətlərə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2023-cü il oktyabrın 1-dək qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür,digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanılır. 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanılır. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 380.1-ci maddəsinə əsaən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə,habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanılır.Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddəti institutu hüquq münasibətləri iştirakçılarının intizamlandırmaq, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etmək, müqavilə və ya maliyyə intizamının nizamlanmasına kömək etmək; mülki hüquq münasibətlərində qeyri müəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərmək, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratmaq baxımından əhəmiyyətlidir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikincisi, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncüsü iddia müddətləri tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisəni obyektiv əsaslarla həll etmək imkanı yaradır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013cü il tarixli qərarına əsasən iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Göründüyü kimi, şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 2020-ci il tarixli qərarına əsasən, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti və kəsici müddət arasındakı əsas fərqlər aşağıdakılardan ibarətdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin ondan bəzi istisnaları mövcuddur. Məsələn, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə, əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 377.1-ci maddəsinin tətbiqi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilmək şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır. “Stanyo Belçikaya qarşı” İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 7 iyul 2009-cu il tarixli qərarındakı hüquqi mövqeyinə görə qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmənin mövqeyi: İş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 03 fevral 2015-ci il tarixli 780/15-USD nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh ”istixana pomidor məhsullarının becərilməsi”məqsədi üçün 20 ay müddətinə illik 31 faizlə 2500 ABŞ dolları kredit verilmişdir. Həmin 03 fevral 2015-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh 1769.73 ABŞ dolları əsas, 421.60 ABŞ dolları faiz, 3163.73 ABŞ dolları cərimə məbləğində kredit borcu yaranmışdır. Məhkəmə nəzərə alır ki, Cavabdeh ilə İddiaçı ASC arasında etibarlı 03 fevral 2015-ci il tarixli 780/15-USD nömrəli kredit müqaviləsi bağlanmış, borcalan cavabdeh krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmaq öhdəliyini icra etməmişdir. Bununla yanaşı məhkəmə hesab edir ki, iddia müddətinin tətbiqi üçün qanuni əsaslar müəyyən edilmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsində 7809/15-USD nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə bağlanmış əlavə saziş və ona əlavə edilmiş sənədlərin məhkəməyə təqdim edilməməsinin səbəbini İddiaçı ASC-nin lisenziyasının Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 22 dekabr 2017-ci il tarixli 49 saylı qərarı ilə ləğv edildikdən və müflis elan edildikdən sonra filialların bağlanması və filiallarda olan sənədlərin məhv edilməsi, itirilməsi və ya korlanması olduğunu göstərmişdir. Yuxarıda qeyd olunan Qanunvericiliyin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 7809/15-USD nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə bağlanmış əlavə saziş və ona əlavə edilmiş sənədlərin məhkəməyə təqdim edilməsi iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə düşür. Lakin onun buna dair heç bir sübut təqdim etməməsi iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməməsini göstərir. Borc münasibətləri 03 fevral 2015-ci il tarixdə kredit müqaviləsi bağlanmaqla yaranmış, kredit 20 ay müddətinə verilmiş, icra müddəti müəyyənləşdirilmiş öhdəlik üzrə iddia müddətinin axımı cavabdehin sönuncu ödəniş etdiyi 29 oktyabr 2019-cu ildə başlanılmışdır. Beləliklə müqavilə tələbləri üzrə iddia müddəti 3 il olduğundan, 03 fevral 2015-ci il tarixli kredit müqaviləsi üzrə iddia müddətinin axımı 29 oktyabr 2019-cu ildən başlanılaraq 29 oktyabr 2022-ci ildə başa çatır. Məhkəmə iddia müddətinin tətbiq edilməsi barədə Cavabdeh ərizə verməsini nəzərə alıb, hesab edir ki, 03 fevral 2015-ci il tarixli 7809/15-USD saylı kredit müqaviləsi üzrə 3 illik iddia müddəti tətbiq olunmaqla 29 oktyabr 2022-ci ildə başa çatdığından, Cavabdeh həmin kredit müqaviləsi üzrə 1769.73 (bir min yeddi yüz altmış doqquz ABŞ dollar, yetmiş üç sent) ABŞ dolları əsas, 421.60 (dörd yüz iyirmi bir ABŞ dollar, altmış sent) ABŞ dolları faiz, 3163.73 (üç min yüz altmış üç ABŞ dolları, yetmiş üç sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 254 (iki yüz əlli dörd) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 115.36 (yüz on beş manat, otuz altı qəpik) manat dövlət rüsumunun alınması tələbinə dair iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddiası təmin olunmamalıdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də öz həllini tapmalıdır. İşdə olan sənədlərə görə məhkəmə xərcləri ödənilmiş 115 manat 36 qəpik dövlət rüsumundan xərcindən ibarətdir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Nəticə: Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı 1769.73 (bir min yeddi yüz altmış doqquz ABŞ dollar, yetmiş üç sent) ABŞ dolları əsas, 421.60 (dörd yüz iyirmi bir ABŞ dollar, altmış sent) ABŞ dolları faiz, 3163.73 (üç min yüz altmış üç ABŞ dolları, yetmiş üç sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 254 (iki yüz əlli dörd) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 115.36 (yüz on beş manat, otuz altı qəpik) manat dövlət rüsumunun tutulması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar