Məhkəmə qərarları › İş №e-2(046)-1320/2023

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-1320/2023

25.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-1320/2023 25.06.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi Qəniyev Nurlan Mehman oğlunun katibliyi ilə, İddiaçı «X1» ASC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC-i tərəfindən Cavabdeh xx.xx.2021-ci il tarixli 2233nkXRD/21 saylı kredit müqaviləsinə əsasən istehlak məqsədləri üçün 48 ay müddətinə illik 25% olmaq şərtilə 5859 manat məbləğində kredit verilmişdir. İddiaçı «X1» ASC-i iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 4866 manat 53 qəpik əsas, 36 manat 98 qəpik faiz, 81 qəpik cərimə borcu olmaqla, cəmi 4904 manat 32 qəpik kredit borcun, ödənilmiş 69 manat 45 qəpik məbləğində dövlət rüsumunun ödənilməsini tələb etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh müqavilə üzrə şərtləri pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kreditin və kredit faizin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən Cavabdeh iddia ərizəsinin surəti və bildiriş poçt vasitəsilə qeydiyyatda olduğu yer üzrə göndərilmiş, işə əlavə edilmiş poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə əsasən xx.xx.2023-cü il tarixdə bildiriş Cavabdeh çatdırılmışdır. Cavabdehin bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmuşdur. Cavabdeh etiraz ərizəsinə görə "xxxx" ASC-nə olan borcdan 2023-cü ilin may ayında 100 manat və 200 manat olmaqla 2 dəfə ödəniş etmişdir. Hazırda ərizəyə əlavə etdiyi çıxarışdan da görünür ki, kredit müqaviləsi üzrə "xxxx" ASC-nə cəmi 4010 manat borcu vardır. Lakin ərizə ilə tanış olarkən müəyyən olunmuşdur ki, "xxxx" ASC-nə 4866 manat 53 qəpik əsas, 36 manat 98 qəpik faiz borcu vardır. Həmin borcla razı deyil. Məhkəmədən "xxxx" ASC-nin ona qarşı borcun qaytarılması tələbinə dair sadələşdirilmiş icraat üzrə işin iddia icraatı qaydasında baxılmasını xahiş etmişdir. İşə əlavə edilmiş iddiaçı "xxxx" ASC tərəfindən təqdim edilmiş 01 aprel 2023-cü il tarixli maliyə arayışından görünür ki, Cavabdeh iddiaçı "xxxx" ASC-yə 01 aprel 2023-cü il tarixə olan borcu 4866 manat 53 qəpik əsas borcu, 36 manat 98 qəpik faiz borcu olmaqla,cərimə 81 qəpik, cəmi 4904 manat 32 qəpik borcu vardır. İşə əlavə edilmiş qəbzdən görünür ki, məhkəmə xərcləri iddia ərizəsinin verilməsi üçün ödənilmiş 69 manat 45 qəpik məbləğində dövlət rüsumundan ibarətdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən iddiaçının təqdim etdiyi sənədləri iş üzrə yekun qərar çıxarılması üçün kifayət hesab edərək məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan, mülki işin həllinə dair qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1.-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə bu hissədə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı «X1» ASC-i ilə Cavabdeh arasında etibarlı kredit müqaviləsinin bağlanmasına baxmayaraq, cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən Cavabdeh kredit müqaviləsi ilə aldıqlarını iddiaçı «X1» ASC-nə qaytarmalıdır. İşə əlavə edilmiş bank hesabından çıxarışdan görünür ki, Cavabdeh tərəfindən 01 aprel 2023-cü il tarixdən sonra 10 aprel 2023-cü il tarixdə 480 manat, 13 aprel 2023-cü il tarixdə 65 manat, 17 aprel 2023-cü il tarixdə 300 manat, 12 may 2023-cü il tarixdə 200 manat, 18 may 2023-cü il tarixdə 120 manat,20 iyun 2023-cü il tarixdə 200 manat,ümumilikdə 1365 manat məbləğində ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 432.4-cü maddəsinə əsasən Əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Qanunun mənasından görünür ki, borclu tərəfindən ödənilmiş kredit borcu, bütün borcun ödənilməsi üçün yetərli olmadıqda, ödənilmiş məbləğ əvvəlcə kreditorun çəkdiyi xərclərə, sonra faiz borcuna və sonda əsas kredit borcuna hesablanır. Məhkəmə Cavabdeh tərəfindən 01 aprel 2023-cü il tarixdən sonra edilmiş ödənişlərin məbləğini nəzərə alıb, hesab edir ki, edilmiş ödəniş borcun ödənilməsi üçün yetərli olmadığından, borcun ödənilməsi öhdəliyi əvvəlcə ödənilmiş dövlət rüsumu (1365 manat - 69 manat 45 qəpik=1295 manat 55 qəpik) ,sonra cərimə və faizlərin (1295 manat 55 qəpik- 81 qəpik -36 manat 98 qəpik= 1257 manat 76 qəpik), daha sonra isə əsas borcun (4866 manat 53 qəpik-1257 manat 76 qəpik= 3608 manat 77 qəpik) hesabına daxil edilməli, beləliklə ödənilməli olan məbləğ 3608 manat 77 qəpik müəyyən olunmalı, bununla da iddia qismən təmin olunmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikasının MPM-nin 220, 284-6.1-284-6.3-cü maddələrini rəhbər tutaraq qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 3608 manat 77 qəpik məbləğində pul alınıb iddiaçı «X1» ASC-nə verilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar