Məhkəmə qərarları › İş №e-2(046)-1421/2025

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-1421/2025

27.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-1421/2025 27.08.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Təsviri hissə: MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-i Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh əsas borcu 452.31 manat, həmçinin ərizəyə görə ödənilmiş 30.40 manat dövlət rüsumunun əvəzi, ümumilikdə 482,71 manat borcun iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 12 iyun 2025-ci il tarixli qərardadı ilə iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin Cavabdeh qarşı borcun ödənilməsinə dair ərizəsi üzrə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh 19 ay müddətinə qaytarılmaq şərti ilə 612 manat (altı yüz on iki) manat məbləğində kredit verilmiş və bununla bağlı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli 514- EMB-0862-23 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit Müqaviləsinin 2.1.1-ci bəndinə əsasən “borcalan" müqaviləyə və onun əlavələrinə uyğun olaraq ödəniş məbləğlərini ödəmədikdə və ya vaxtında ödəmədikdə “borcverən" kreditin vaxtından əvvəl tam ödənilməsini tələb edə bilər. Hal-hazırda kredit müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə xx.xx.2025-ci il tarixə əsas borcu 452.31 manat təşkil edir ki, bu borcun da cavabdeh tərəfindən ödənilməsi təmin edilməlidir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehin həm qeydiyyat həm də faktiki ünvanına xx.xx.2024-cü il tarixli 2 sayda pretenziya (xəbərdarlıq) məktubları da göndərilmişdir. Lakin poçt şöbəsi tərəfindən “bu ünvanda yaşamır" qeydləri aparılmaqla xəbərdarlıq (pretenziya) məktublarının onlardan asılı olmayan səbəbdən cavabdehə çatdırılması mümkün olmamışdır. Göründüyü kimi cavadeh müqavilə şərtlərini pozmuş və vurduğu zərər nəticəsində Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətini müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, nümayəndə X1 məhkəməyə ərizə göndərərək, üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılaraq iddianın təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli 514-EMB-0862-23 saylı kredit müqaviləsindən görünür ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış, kredit təşkilatı tərəfindən Cavabdeh 19 ay müddətinə 612 manat kredit verilmişdir. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixə Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nə 452 manat 31 qəpik əsas borcu vardır. Cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi vaxtında icra etmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar məktubu göndərilmişdir. ********** saylı qəbzə əsasən işə baxılması ilə əlaqədar dövlət rüsumu üçün 30 manat və 0.40 qəpik xidmət haqqı iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC tərəfindən ödənilmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır. Belə olan halda məhkəmə Cavabdeh xx.xx.2023-cü il tarixli 514-EMB-0862-23 saylı kredit müqaviləsi üzrə iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyini, nəticədə cavabdehin iddiaçıya əsas borcunun yarandığını, iddiaçının isə həmin öhdəliyinin icra edilməsini – kredit müqaviləsi üzrə əsas borcun ödənilməsini - tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC Cavabdeh kredit müqaviləsi üzrə 452.31 (dörd yüz əlli iki manat otuz bir qəpik) əsas kredit borcunun tutulmasını tələb etməkdə haqlıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə əsas borca görə 452.31 (dörd yüz əlli iki manat otuz bir qəpik) məbləğində pul alınıb iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nə verilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu və 40 qəpik xidmət haqqı cavabdehdən alınaraq iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC -nə ödənilməlidir. Nəticə: Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli 514-EMB-0862-23 saylı müqavilə üzrə 452.31 (dörd yüz əlli iki manat otuz bir qəpik) məbləğində pul alınıb iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nə verilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu və 0.40 (qırx) qəpik xidmət haqqı alınaraq iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC -nə verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar