Məhkəmə qərarları › İş №e-2(046)-1429/2023

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-1429/2023

24.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-1429/2023 24.08.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi, İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı BOKT ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 kredit müqaviləsinə əsasən 4909 manat 72 qəpik məbləğində qalıq, ona hesablanmış 2085 manat 37 qəpik məbləğində faiz, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1504 manat məbləğində dəbbə pulu, cəmi 8499 manat 09 qəpik borcun və dövlət rüsumu kimi ödənilmiş 105 manat məbləğində pulun tutulmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, İddiaçı BOKT ASC ilə Cavabdeh2 arasında bağlanmış 03 fevral 2022-ci il tarixli, 2022/00001EG-3177 №-li kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 40% hesablanmaq şərti ilə 5000 manat məbləğində kredit verilmişdir. Kredit məbləğinin borcalanın hesabına köçürülməsinə dair köçürmə sifarişinin surətindən də göründüyü kimi, müqavilə ilə müəyyən edilən məbləğ cavabdehin bank hesabına köçürülmüşdür. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq İddiaçı BOKT ASC ilə cavabdehlər Cavabdeh4 , Cavabdeh1 və Cavabdeh3 arasında 03 fevral 2022-ci il tarixli, 2022/00001EG-Z3177 №li zaminlik müqavilələri bağlanmışdır. Ödəniş cədvəli, hesabdan çıxarış və borc haqqında arayışdan da göründüyü kimi, cavabdeh tərəfindən kredit üzrə ödənişlər mütəmadi olaraq pozulmuşdur. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan bəri onun tərəfindən kredit müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlərin ödənilməsində pozuntulara yol verilmişdir. İddiaçı BOKT ASC cavabdehə dəfələrlə müraciət edərək əsas kredit məbləği və ona hesablanmış faizlərin ödənilməsini xahiş etmişlər. Bu səbəbdən İddiaçı BOKT ASC tərəfindən cavabdehlərə poçt vasitəsilə yaranmış borcu ödəmədiyi təqdirdə “borcun qaytarılması” tələbi ilə məhkəməyə müraciət olunması barədə bildiriş məktubu göndərilmişdir. Məktubun çatdırılmasına dair qaimələrdən də göründüyü kimi, cavabdehlər sözügedən məktubu qəbul etmişlər. Lakin göstərilən kredit məbləği və ona hesablanmış faizlər bu günə kimi ödənilməmişdir. Bu isə müqavilə ilə cavabdehin öz üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməsi üçün cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunmasına baxmayaraq cavabdeh kredit borcu və ona hesablanmış faizləri qaytarmamışdır. xx.xx.2023-cü il tarixinə kreditin əsas borcu üzrə 4909 manat 72 qəpik məbləğində qalıq, ona hesablanmış 2085 manat 37 qəpik məbləğində faiz, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1504 manat məbləğində dəbbə pulu, cəmi 8499 manat 09 qəpik məbləğində borc yaranmışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş İddiaçı BOKT ASC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, nümayəndəsi Nümayəndə ərizə göndərərək işə onun iştirakı olmadan baxılaraq yekun məhkəmə aktının çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 məhkəməyə gəlməmişlər, gəlməmələrinin üzrlü səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı BOKT ASC ilə Cavabdeh2 arasında illik 40 faiz olmaqla 24 ay müddətinə 5000 manat məbləğində kredit verilməsi barədə müqavilə bağlanmışdır. İşə əlavə edilmiş xx.xx.2022-ci il tarixli zaminlik müqavilələrindən görünür ki, İddiaçı BOKT ASC ilə Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 arasında zaminlik müqavilələri bağlanmış, zaminlər kredit alan Cavabdeh2 öhdəliyini icra etmədikdə (kredit və onun faizini, cəriməni və digər zərəri şərtləşdirilmiş müddət və qaydada ödəmədikdə) həmin öhdəliyin tam icra olunmasını üzərlərinə götürmüşlər. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 İddiaçı BOKT ASC-nə 4909 manat 72 qəpik məbləğində əsas, 2085 manat 37 qəpik faiz, 1504 manat dəbbə pulu olmaqla, cəmi 8499 manat 09 qəpik borcu vardır. İşə əlavə edilmiş qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar dövlət rüsumu üçün 105 manat məbləğində pul iddiaçı tərəfindən ödənilmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür,digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhtəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərini və borclunun öhtəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İddiaçı BOKT ASC ilə Cavabdeh2 arasında 03 fevral 2022-ci il tarixli, 2022/00001EG-3177 №-li etibarlı kredit müqaviləsi bağlanmasına baxmayaraq borcalan cavabdeh krediti vaxtında qaytarmaq öhdəliyi yerinə yetirməmiş,borcverən İddiaçı BOKT ASC-i Cavabdeh2nın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsini müəyyən etdiyindən borcun dərhal qaytarılmasını tələb etməkdə haqlıdır. 03 fevral 2022-ci il tarixdə İddiaçı BOKT ASC ilə cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 arasında zaminlik müqaviləsi bağlanmış, zaminlər kredit alan Cavabdeh2 öhdəliyini icra etmədikdə (kredit və onun faizini, cəriməni və digər zərəri şərtləşdirilmiş müddət və qaydada ödəmədikdə) həmin öhdəliyin tam icra olunmasını üzərlərinə götürmüşlər. Cavabdeh2 kredit təşkilatı qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, borclu olduğu kredit borcunu müqavilə üzrə tərtib edilmiş ödəniş cədvəlində nəzərdə tutulduğu qaydada iddiaçıya qaytarmamışdır. Buna görə də iddiaçı kredit borcunu digər cavabdehlərdən də tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, iddianın əsas və faiz borcu tələbinə dair hissəsi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə işin faktiki hallarını nəzərə alıb belə bir nəticəyə gəlir ki, məhkəmə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bildiyindən, öhdəliyin vaxtında icra edilməməsinə görə 1504 manat məbləğində cərimə tənasübsüz surətdə yüksək dəbbə pulu hesab olunmalı, buna görə də tələb olunan cərimə 200 manat məbləğinədək azaldılmalı, iddia bu hissədə qismən təmin olunmalıdır. Məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, İddiaçı BOKT ASC ilə Cavabdeh2 arasında etibarlı kredit müqaviləsinin bağlanmasına baxmayaraq, cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən, Cavabdeh2 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə aldığı krediti İddiaçı BOKT ASC nə qaytarmalıdır. Digər cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 03 fevral 2022-ci il tarixli zaminlik müqavilələrinə görə borclu Cavabdeh2 ilə eyni həcmdə İddiaçı BOKT ASC qarşısında məsuliyyət daşıdığından, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə borcun qaytarılması cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 hesabına təmin edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia qismən təmin edildiyindən məhkəmə xərcləri cavabdehlərə aid edilməli, dövlət rüsumu üçün ödənilmiş 105 manat məbləğində pul cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 tutularaq İddiaçı BOKT ASC -nə verilməlidir. Beləliklə məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 4909 manat 72 qəpik əsas, 2085 manat 37 qəpik faiz, 200 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 7195 manat 09 qəpik pul alınıb İddiaçı BOKT ASC -nə verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Gecikdirilməyə görə hesablanmış 1504 manat məbləğində dəbbə pulu 200 manat məbləğinədək azaldılsın. Cavabdehlər cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 4909 manat 72 qəpik əsas, 2085 manat 37 qəpik faiz, 200 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 7195 manat 09 qəpik məbləğində pul alınıb İddiaçı BOKT ASC -nə verilsin. Dövlət rüsumu üçün ödənilmiş 105 manat məbləğində pul cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 tutularaq İddiaçı BOKT ASC -nə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar