Məhkəmə qərarları › İş №e-2(046)-1483/2023

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-1483/2023

12.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-1483/2023 12.12.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Burcaliyeva Leyla Sahib qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit borcunun ödənilməsi,tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli GY-2818 saylı kredit müqaviləsinə əsasən cəmi 7636 manat 15 qəpik borcun, bundan 7630 manat 41 qəpik əsas, 5 manat 70 qəpik faiz borcunun, 4 qəpik cərimə borcunun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 96 manat 37 qəpik dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 45 manat dövlət rüsumunun Cavabdeh tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh («İpoteka qoyana») xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Göyçay şəhəri Atatürk küçəsi, ev 19, 1 nömrəli 62,3 kv.m yaşayış, 35,2 kv.m yardımçı, ümumi sahəsi 97,5 kv.m sahədən ibarət 4 otaqlı mənzilə yönəldilməsi, yuxarıdakı əmlakın ilkin satış (likvid) qiymətinin müəyyən edilməsi və həmin əmlakların açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra Cavabdeh əşyaları ilə birlikdə həmin mənzildən çıxarılması və mənzilin boşaldılaraq, ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 12 dekabr 2023-cü il tarixli qərardadı ilə iddianın ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra Cavabdeh əşyaları ilə birlikdə həmin mənzildən çıxarılması və mənzilin boşaldılaraq ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna təhvil verilməsi tələbinə dair hissəsinə xitam verilməsi qərara alınmışdır. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Göyçay filialı ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2019- cu il tarixli GY-2818 saylı kredit müqaviləsinə əsasən Cavabdeh xx.xx.2014-cü il tarixli, GYF-9996 saylı kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədilə 1(bir) il güzəşt müddəti tətbiq olunmaqla 5 (beş) il müddətinə illik 01 (bir) faiz dərəcəsi ilə 8985 manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh (İpoteka qoyana) xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Göyçay şəhəri Atatürk küçəsi, ev 19, 1 nömrəli mənzil ipotekaya qoyulmuşdur. Mənzilin ipotekaya qoyulması barədə bank ilə Cavabdeh arasında 28 dekabr 2019-cu il tarixli sonrakı ipoteka müqaviləsi bağlanılmışdır. Bu müqavilə notariat qaydada təsdiq edildikdən sonra mənzilin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Kredit müqaviləsinin 2.4.4-cü bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə xx.xx.2023-cü il tarixli **********625 saylı bildirişin göndərilməsinə baxmayaraq, cavabdeh banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2023-cü il tarixli maliyyə arayışından göründüyü kimi Cavabdeh xx.xx.2023-cü il tarixinə LPO İddiaçı ASC-yə kredit üzrə cəmi borcu 7636 manat 15 qəpik təşkil edir ki, bunun da 7630 manat 41 qəpik əsas, 5 manat 70 qəpik faiz, 4 qəpik cərimə borcu təşkil edir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi məhkəməyə gəlməmiş, ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 ərizə göndərərək işə onun iştirakı olmadan baxılaraq iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etmədi, izahat verərək bildirdi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Göyçay filialı ilə bağlanılmış xx.xx.2019-cu il tarixli GY-2818 saylı kredit müqaviləsinə əsasən ona xx.xx.2014-cü il tarixli, GYF-9996 saylı kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədilə 1 il güzəşt müddəti tətbiq olunmaqla 5 il müddətinə illik 01 faiz dərəcəsi ilə 8985 manat məbləğində kredit verilmişdir. Verilmiş kreditin təminatı kimi özünə məxsus olan Göyçay şəhəri Atatürk küçəsi, ev 19, 1 nömrəli mənzil ipotekaya qoyulmuşdur. Maddi imkanı olmadığından banka olan borcunu ödəməmişdir. İddiaçıya qalan kredit borcunu hissəhissə ödəyə bilər. Cavabdehin izahatını dinləyib, iş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş xx.xx.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixli, GYF-9996 №-li kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədi ilə 5 il müddətinə 1 il güzəşt müddəti olmaqla, illik 1 faiz dərəcəsi ilə 8985 manat məbləğində kredit verilməsi barədə müqavilə bağlanmışdır. İşə əlavə edilmiş xx.xx.2019-cu il tarixli sonrakı ipoteka müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında sonrakı ipoteka müqaviləsi bağlanmış, Cavabdeh mülkiyyət hüququ ilə ona məxsus olan Göyçay şəhəri Atatürk küçəsi, ev 19, 1 nömrəli 62,3 kv.m yaşayış, 35,2 kv.m yardımçı, ümumi sahəsi 97,5 kv.m sahədən ibarət 4 otaqlı mənzilini öhdəliyin icrasının təminatı kimi ipotekaya qoymuşdur. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh məxsus Göyçay şəhəri Atatürk küçəsi, ev 19, 1 nömrəli mənzilin ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 72 nömrəli vərəqində xx.xx.2023-cü ildə qeydiyyata alınmışdır. İşə əlavə edilmiş mənzilin qiymətləndirilməsi barədə "xxxx" MMC-nin 20.10. 2023-cü il tarixli rəyindən görünür ki, Cavabdeh məxsus Göyçay şəhəri Atatürk küçəsi, ev 19, 1 nömrəli mənzilin 20 oktyabr 2023-cü il tarixinə likvid dəyəri 39000 manat qiymətləndirilmişdir. İşə əlavə edilmiş 15 mart 2023-cü il tarixli bildirişdindən görünür ki, ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh bildiriş göndərilərək kredit müqaviləsi üzrə borcların ödənilməsinin təmin edilməsi xahiş edilmiş və əks təqdirdə tutmanın ipotekaya yönəldilməsi barədə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İşə əlavə edilmiş ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinə göndərilmiş ərizədən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında ipoteka qoyan Cavabdeh göndərilmiş 15 mart 2023-cü il tarixli bildiriş «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununa əsasən qeydiyyata alınması üçün 16 saylı Ərazi İdarəsinə göndərilmişdir. İşə əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna xx.xx.2023-cü il tarixinə 7630 manat 41 qəpik əsas, 5 manat 70 qəpik faiz, 4 qəpik cərimə olmaqla, cəmi 7636 manat 15 qəpik vardır. İşə əlavə edilmiş qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar dövlət rüsumu üçün 96 manat 37 qəpik məbləğində pul iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən ödənilmişdir. Tətbiq edilən hüquq normaları: Mübahisəli hüquq münasibətlərinin yarandığı zamanı qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür,digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləq borcluya qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci mddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardır. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli, GY-2818 №-li kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədi ilə 5 il müddətinə 1 il güzəşt müddəti olmaqla, illik 1 faiz dərəcəsi ilə 8985 manat məbləğində kredit verilməsi barədə müqavilə bağlanmışdır. 28 dekabr 2019-cu il tarixdə İddiaçı ASC ilə Cavabdeh arasında sonrakı ipoteka müqaviləsi bağlanmış, Cavabdeh öhdəliyin icrasının təminatı kimi Göyçay şəhəri Atatürk küçəsi, ev 19, mənzil 1 nömrəli 62,3 kv.m yaşayış, 35,2 kv.m yardımçı, ümumi sahəsi 97,5 kv.m sahədən ibarət 4 otaqlı mənzilini ipotekaya qoymuşdur. Cavabdeh bank qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, borclu olduğu kredit borcunu müqavilə üzrə tərtib edilmiş ödəniş cədvəlində nəzərdə tutulduğu qaydada iddiaçıya qaytarmamışdır. Buna görə də iddiaçı kredit borcunu cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh arasında etibarlı kredit müqaviləsinin bağlanmasına baxmayaraq, cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən, Cavabdeh xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə aldığı krediti iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qaytarmalıdır. Beləliklə məhkəmə göstərilənləri nəzərə alıb,hesab edir ki, Cavabdeh 27 fevral 2023-cü il tarixinə yaranmış 7630 manat 41 qəpik əsas borc, 5 manat 70 qəpik faiz borcu, 4 qəpik cərimə, cəmi 7636 manat 15 qəpik məbləğində pul alınaraq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməlidir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu pulun alınması barədə tələbi ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus Göyçay şəhəri Atatürk küçəsi, ev 19, 1 nömrəli 62,3 kv.m yaşayış, 35,2 kv.m yardımçı, ümumi sahəsi 97,5 kv.m sahədən ibarət 4 otaqlı mənzilə yönəldilməsi ilə ödənilməsini tələb etdiyindən, ipoteka predmeti açıq hərracda satılmalı, satışdan əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləği Cavabdeh tutulmalıdır. Məhkəmə hesab edir ki, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununa görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməli olduğundan,qiymətləndirici "xxxx" MMC-nin 20.10. 2023-cü il tarixli hesabatına görə Cavabdeh məxsus Göyçay şəhəri Atatürk küçəsi, ev 19, 1 nömrəli 62,3 kv.m yaşayış, 35,2 kv.m yardımçı, ümumi sahəsi 97,5 kv.m sahədən ibarət 4 otaqlı mənzilin ilkin satış qiyməti 39000 manat məbləğində müəyyən edilməlidir. İddia qismən təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməli, dövlət rüsumu üçün ödənilmiş 96 manat 37 qəpik və bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 45 manat pul Cavabdeh tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna verilməlidir. Cavabdeh əmlakın qiymətləndirilməsinin xidmət haqqı 250 manat alınaraq "xxxx" MMC-nə verilməlidir. Beləliklə məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 7630 manat 41 qəpik əsas borc, 5 manat 70 qəpik faiz borcu, 4 qəpik cərimə, cəmi 7636 manat 15 qəpik, dövlət rüsumu üçün ödənilmiş 96 manat 37 qəpik və bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna verilməli, tutma ipoteka ilə yüklü edilmiş tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus Göyçay şəhəri Atatürk küçəsi, ev 19, 1 nömrəli 62,3 kv.m yaşayış, 35,2 kv.m yardımçı, ümumi sahəsi 97,5 kv.m sahədən ibarət 4 otaqlı mənzilə yönəldilməklə, həmin əmlak açıq hərracda satılmalı, ipoteka predmetinin ilkin satış (likvid) qiyməti 39000 manat müəyyən edilməli, satışdan əldə olunmuş vəsait kredit borcuna yönəldilməli və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləği Cavabdeh tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 7630 manat 41 qəpik əsas borc, 5 manat 70 qəpik faiz borcu, 4 qəpik cərimə, cəmi 7636 manat 15 qəpik məbləğində pul tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna verilsin. Tutma ipoteka predmeti olan Cavabdeh məxsus Göyçay şəhəri Atatürk küçəsi, ev 19, 1 nömrəli 62,3 kv.m yaşayış, 35,2 kv.m yardımçı, ümumi sahəsi 97,5 kv.m sahədən ibarət 4 otaqlı mənzilə yönəldilməklə, həmin əmlak açıq hərracda satılsın. İpoteka predmeti olan Göyçay şəhəri Atatürk küçəsi, ev 19, 1 nömrəli mənzilin ilkin satış qiyməti 39000 manat məbləğində müəyyən edilsin. İpoteka predmetinin satışından əldə olunmuş vəsait kredit borcunun ödənilməsinə yönəldilsin. İpoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləği Cavabdeh tutulsun. Cavabdeh 96 manat 37 qəpik və bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat pul tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna verilsin. Cavabdeh əmlakın qiymətləndirilməsinin xidmət haqqı 250 manat alınaraq "xxxx" MMC-nə verilsin. Qalan hissədə iddiaya Göyçay Rayon Məhkəməsinin 12 dekabr 2023-cü il tarixli qərardadı ilə xitam verilməsi nəzərə alınsın. Qətnamədən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar