Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-1540/2025 04.09.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 21599 ABŞ dolları 95 sent - bundan 9473 ABŞ dolları 95 sent əsas, 3688 ABŞ dolları 89 sent faiz, 7056 ABŞ dolları 39 sent cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli Plenum qərarına əsasən hesablanmış 1380 ABŞ dolları 72 sent faiz borcu və iş üzrə ödənilmiş 200 manat 16 qəpik dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Xırdalan filialı ilə Cavabdeh1 arasında bağlanmış ********* nömrəli, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə şəxsi istehlak məqsədi ilə 36 ay müddətinə, illik 30% dərəcəsi ilə 12.748 (on iki min yeddi yüz qırx səkkiz) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə bank arasında ZM-480001951 nömrəli, xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2017-ci il tarixli, 02 saylı Əlavə Sazişlərə əsasən borcalanın kreditor qarşısındakı borc öhdəliyi Restrukturizasiya edilmişdir. Restrukturizasiya edilmiş kreditin məbləği 15.563,47 (on beş min beş yüz altmış üç dollar, 47 sent) ABŞ dolları hesablanmışdır. Ödəniş qrafiki üzrə borcalan tərəfindən manatla ödənişlər kreditor tərəfindən (1 USD=1.40 AZN) məzənnəsi əsas götürülməklə qəbul edilirdi. Kreditin müddəti xx.xx.2022-ci il tarixinədək uzadılmışdır. Kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 8% ödənilməli idi. Müqavilənin müvafiq bəndinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən hissəhissə ödənişləri, faizləri, dəbbə pulunu ləğv prosesində olan banka ödəmək borcalanın vəzifələrindəndir. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbu ki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, nümayəndəsi Rəşad Tağızadə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilib iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbi barədə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarına əlavə edilmiş: xx.xx.2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC-i tərəfindən Cavabdeh1 şəxsi istehlak məqsədi ilə 36 ay müddətinə, illik 30% dərəcəsi ilə 12.748 (on iki min yeddi yüz qırx səkkiz) ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2014-cü il tarixli ZM-480001951 nömrəli zaminlik müqaviləsindən görünür ki, İddiaçı ASC-i ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmış, zamin Cavabdeh2 kredit alan Cavabdeh1 öhdəliyini icra etmədikdə (kredit və onun faizini, cəriməni və digər zərəri şərtləşdirilmiş müddət və qaydada ödəmədikdə) həmin öhdəliyin tam icra olunmasını üzərinə götürmüşdür. "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli 02 nömrəli əlavə sazişdən görünür ki, borcalanın kreditor qarşısındakı borcu restrukturizasiya edilmiş. Restrukturizasiya edilmiş kreditin qalıq məbləği 15563 ABŞ dolları 47 sent hesablanmış, restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək müəyyən edilmişdir. "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli 02 nömrəli əlavə sazişdən görünür ki, borcalanın kreditor qarşısındakı borcun restrukturizasiya edilməsinə zamin Cavabdeh2 razılıq vermiş, restrukturizasiya edilmiş kreditin qalıq məbləği 15563 ABŞ dolları 47 sent hesablanmış, restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 banka 9473 ABŞ dolları 95 sent əsas, 3688 ABŞ dolları 89 sent faiz, 7056 ABŞ dolları 39 sent cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli Plenum qərarına əsasən hesablanmış 1380 ABŞ dolları 72 sent faiz borcu olmaqla, cəmi 21599 ABŞ dolları 95 sent təşkil edir. xx.xx.2025-ci il tarixli bildirişin surətindən görünür ki, cavabdehlərə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınması barədə bildiriş göndərilmişdir. xx.xx.2025-ci il tarixli **********37 nömrəli ödəniş qəbzindən görünür ki, işə baxılması ilə əlaqədar dövlət rüsumu üçün 200 manat 16 qəpik məbləğində pul iddiaçı tərəfindən ödənilmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında mövcud olan mübahisəli hüquq münasibəti xx.xx.2014-cü il tarixdə kredit müqaviləsinin bağlanması ilə yarandığından bu münasibətlərə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2023-cü il oktyabrın 1-dək qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və MM-nin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə MM-in «Öhdəliklərin icra edilməməsi» adlanan 22-ci fəslində və «Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət» adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. ... Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 477.0.1, 477.0.2, 477.0.3, 477.0.4-cü maddələrinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda, əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə, kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında etibarlı kredit müqaviləsinin bağlanmasına baxmayaraq, borclu Cavabdeh1 kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirməmişdir. Əsas öhdəlik icra edilmədiyinə görə zamin Cavabdeh2 borclu Cavabdeh1 ilə yanaşı kreditor ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu qarşısında birgə məsuliyyət daşıması barədə məsuliyyəti üzərinə götürmüşdür. "xxxx" ASC ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli 02 nömrəli əlavə sazişə əsasən, borcalanın kreditor qarşısındakı borcu restrukturizasiya edilmiş, restrukturizasiya edilmiş kreditin qalıq məbləği 15563 ABŞ dolları 47 sent hesablanmış, kredit müddəti xx.xx.2022-ci il tarixədək müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, öhdəliyin təminatı kimi çıxış etmiş zamin Cavabdeh2 borclu Cavabdeh1 ilə birlikdə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu qarşısında eyni həcmdə məsuliyyət daşıdığından, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tələbini öz seçimi ilə zaminə qarşı və ya borcluya qarşı, yaxud onların hər ikisinə qarşı irəli sürmək hüququna malik olmuşdur. Hazırki iş üzrə xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə Cavabdeh2 zaminliyinə xitam verilməsinə qanuni əsaslar müəyyən olunmuşdur. Belə ki, xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə öhdəliyin icrası müddəti xx.xx.2017-ci il tarixli sazişə əsasən 5 il müəyyən edildiyi və kredit sazişinin xx.xx.2022-ci il bitmə tarixindən bir il ərzində kreditor zaminə qarşı iddia irəli sürmək hüququna malik olduğu halda, həmin müddət keçdikdən sonra iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh2 qarşı iddia irəli sürmüşdür. Halbuki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinin tələbi baxımından zaminliklə təmin edilmiş öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditor zaminə qarşı iddia irəli sürmək hüququna malikdir. Həmin müddət ərzində kreditorun zaminə qarşı iddiası irəli sürülmədiyindən məhkəmə hesab edir ki, zaminliyə xitam verilməlidir. Məhkəmə hesab edir ki, Cavabdeh1 qarşı iddianın əsas və faiz borcu tələbinə dair hissəsi əsaslı olduğundan təmin edilməlidir. Cavabdeh1 İddiaçı ASC-nə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə ödəməli olduğu borcu ödəməkdən yayınaraq gecikdirmişdir. İddiaçı cavabdehin qanunsuz sahibliyində olan və fəaliyyətində istifadə etdiyi pul vəsatinin ödənilməsini cavabdeh gecikdirdiyinə görə ondan gecikdirilmiş vaxt üçün illik 5 faizin ödənilməsini tələb edə bilər, cavabdeh də həmin pul məbləğinin ödənilməsini gecikdirdiyindən gecikdirilmiş vaxt üçün iddiaçıya illik 5 faiz, yəni 1380 ABŞ dolları 72 sent ödəməyə borcludur. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməlidir. Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur. Lakin məhkəmə, hesablanmış cərimə məbləğinin yüksək olmasını, həmçinin, tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, Cavabdeh1 iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq 473 ABŞ dolları müəyyən edilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 9473 ABŞ dolları 95 sent əsas, 3688 ABŞ dolları 89 sent faiz, 473 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli Plenum qərarına əsasən hesablanmış 1380 ABŞ dolları 72 sent faiz borcu və 200.16 (iki yüz manat on altı qəpik) məbləğində pul alınıb İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna verilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 200 manat 16 qəpik dövlət rüsumu Cavabdeh1 alınaraq İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməlidir. Nəticə: Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 9473.95 (doqquz min dörd yüz yetmiş üç) ABŞ dolları 95 (doxsan beş) sent əsas, 3688 (üç min altı yüz səksən səkkiz) ABŞ dolları 89 (səksən doqquz) sent faiz, 473 (dörd yüz yetmiş üç) ABŞ dolları cərimə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli plenum qərarına əsasən hesablanmış 1380 (bir min üç yüz səksən) ABŞ dolları 72 (yetmiş iki) sent faiz borcu olmaqla, ümumilikdə 15016 (on beş min on altı) ABŞ dolları 56 (əlli altı) sent məbləğində ödəniş gününə Azərbaycan Respublikası manatının məzənnəsi ilə hesablanaraq pul alınıb İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna verilsin. Dövlət rüsumu üçün ödənilmiş 200 (iki yüz) manat 16 (on altı) qəpik məbləğində pul Cavabdeh1 tutularaq İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna verilsin. İddia tələbi qalan hissədə və Cavabdeh2 aid hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №e-2(046)-1540/2025
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-1540/2025
04.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver