Məhkəmə qərarları › İş №e-2(046)-1543/2024

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-1543/2024

29.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-1543/2024 29.08.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Gülnaz İntiqam qızı İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" ASC sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 213.04 manat əsas borcun, 12.81 manat faiz borcun və 30 manat dövlət rüsumunun, 0.40 (qırx) qəpik xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-i ilə Namətova Nərminə Ağarəhim qızı arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BPM**********02 saylı kredit müqaviləsi əsasən sonuncuya 24% olmaq şərti ilə 36 ay müddətinə 300 manat məmləğində kart kredit limiti verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Namətova Nərminə Ağarəhim qızı xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Bundan başqa Göyçay Rayon Notariat ofisinin xx.xx.2024-cü il tarixli 113 saylı məktubu ilə müəyyən edilmişdir ki, mərhum Namətova Nərminə Ağarəhim qızının adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsəsi olan Cavabdeh V-214/2023 saylı vərəsəlik işi üzrə, xx.xx.2023-cü il tarixli reyestrdə V-214/2023 № ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bankın Göyçay filialı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən mərhum Namətova Nərminə Ağarəhim qızının vəfat etdiyi tarixə Banka cəmi 225.85 manat borcu qalmışdır. Hazırda cavabdehin qanun üzrə vərəsəsi olan Cavabdeh müqavilə üzrə 225.85 manat borcu mövcuddur. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək qeyd edir ki, işdə olan sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur. Yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki "xxxx" ASC-i ilə Namətova Nərminə Ağarəhim qızı arasında bağlanmış xx.xx.2022ci il tarixli, BPM**********02 saylı kredit müqaviləsi əsasən sonuncuya 24% olmaq şərti ilə 36 ay müddətinə 300 manat kredit verilmişdir. xx.xx.2024-cü il tarixində cavabdehə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınması barədə bildiriş göndərilmişdir. xx.xx.2022-ci il tarixli, BPM**********02 saylı kredit müqaviləsi üzrə 213.04 manat əsas, 12.81 manat faiz olmaqla, cəmi 225.85 manat borcunun olmasına dair maliyyə arayışı tərtib olunmuşdur. Qanun üzrə vərəsəlik haqqında xx.xx.2023-cü il tarixli şəhadətnamənin surətinə əsasən mərhum Namətova Nərminə Ağarəhim qızından miras qalmış VAZ 21099 minik markalı ** BX *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən Cavabdeh tam hissədə pay almışdır. ********** saylı mədaxil qəbzinə əsasən iddia ərizəsinin verilməsi üçün xx.xx.2024 cü il tarixdə 30 manat dövlət rüsumu ödənilmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında mövcud olan mübahisəli hüquq münasibəti xx.xx.2022-ci il tarixdə kredit müqaviləsinin bağlanması ilə yarandığından bu münasibətlərə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2023-cü il oktyabrın 1-dək qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Məhkəmə hesab edir ki, iddiaçı ilə Namətova Nərminə Ağarəhim qızı arasında kredit müqaviləsi bağlanmaqla kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə öhdəliyini icra etməmişdir. Müqavilə üzrə borclu vəfat etmişdir. xx.xx.2023cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh miras əmlakından tam hissədə pay almışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC-i cavabdeh (vərəsə) Cavabdeh xx.xx.2022-ci il tarixli, BPM**********02 saylı kredit müqaviləsi üzrə 225.85 manat əsas borcun tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Göründüyü kimi cavabdeh Namətova Nərminə Ağarəhim qızı kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan Cavabdeh iddiaçının xeyrinə dəbbə pulunun tutulması üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat və 0.40 (qırx) qəpik xidmət haqqının cavabdehə aid edilməlidir. Nəticə: Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikasının MPM-nin 216- 220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, BPM**********02 saylı kredit müqaviləsi üzrə 225.85 (iki yüz iyirmi beş manat səksən beş qəpik) manat məbləğində pul alınıb iddiaçı "xxxx" ASCnə verilsin. Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat, 0.40 (qırx) qəpik xidmət haqqı alınaraq iddiaçı "xxxx" ASC-nə verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar