Məhkəmə qərarları › İş №e-2(046)-1669/2023

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-1669/2023

18.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-1669/2023 18.09.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi, İddiaçı BOKT ASC-nin nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı BOKT ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 İddiaçı BOKT ASC-nin xeyrinə kredit müqaviləsinə əsasən 4209 manat 30 qəpik məbləğində qalıq, ona hesablanmış 869 manat 99 qəpik məbləğində faiz, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 942 manat məbləğində dəbbə pulu və müqavilə müddəti bitdikdən sonra Mərkəzi Bankın uçot dərəcəsi əsasında hesablanan 30 manat 03 qəpik faiz olmaqla, cəmi 6021 manat 29 qəpik borcun və dövlət rüsumu kimi ödənilmiş 80 manat 222 qəpik məbləğində pulun tutulmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış 11 yanvar 2022-ci il tarixli, 2022/00001EG-3100 №-li kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 30 ay müddətinə illik 36% hesablanmaq şərti ilə 6000 manat məbləğində kredit verilmişdir. Kredit məbləğinin borcalanın hesabına köçürülməsinə dair köçürmə sifarişinin surətindən də göründüyü kimi, müqavilə ilə müəyyən edilən məbləğ cavabdehin bank hesabına köçürülmüşdür. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq İddiaçı BOKT ASC ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında 11 yanvar 2022-ci il tarixli, 2022/00001EG-Z3100 №-li zaminlik müqavilələri bağlanmışdır. Ödəniş cədvəli, hesabdan çıxarış və borc haqqında arayışdan da göründüyü kimi, cavabdeh tərəfindən kredit üzrə ödənişlər mütəmadi olaraq pozulmuşdur. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan bəri onun tərəfindən kredit müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlərin ödənilməsində pozuntulara yol verilmişdir. İddiaçı BOKT ASC cavabdehə dəfələrlə müraciət edərək əsas kredit məbləği və ona hesablanmış faizlərin ödənilməsini xahiş etmişlər. Bu səbəbdən İddiaçı BOKT ASC tərəfindən cavabdehlərə poçt vasitəsilə yaranmış borcu ödəmədiyi təqdirdə“ borcun qaytarılması” tələbi ilə məhkəməyə müraciət olunması barədə bildiriş məktubu göndərilmişdir. Məktubun çatdırılmasına dair qaimələrdən də göründüyü kimi, cavabdehlər sözügedən məktubu qəbul etmişlər. Bu isə müqavilə ilə cavabdehin öz üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməsi üçün cavabdehlərə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunmasına baxmayaraq cavabdeh kredit borcu və ona hesablanmış faizləri qaytarmamışdır. xx.xx.2023-cü il tarixinə kreditin əsas borcu üzrə 4209 manat 30 qəpik məbləğində qalıq, ona hesablanmış 869 manat 99 qəpik məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 942 manat məbləğində dəbbə pulu, cəmi 6021 manat 29 qəpik məbləğində borc yaranmışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı BOKT ASC-nin nümayəndəsi X2 iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı etiraf etmədi, izahat verərək bildirdi ki, İddiaçı BOKT ASC ilə aralarında illik 36 faiz olmaqla 30 ay müddətinə 6000 manat məbləğində kredit verilməsi barədə müqavilə bağlanmışdır. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqavilələri bağlanmışdır. Həmin kredit müqaviləsi üzrə ödənişlər edilmişdir. Sonradan maddi imkanı olmadığından kredit təşkilatına olan borcunu ödəyə bilməmişdir. İddiaçıya olan kredit borcunu hissə-hissə ödəyəcəkdir. Tələb edilən cərimə ilə razı deyil,cərimənin azaldılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Tərəflərin izahatlarını dinləyib, iş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında illik 36 faiz olmaqla 30 ay müddətinə 6000 manat məbləğində kredit verilməsi barədə müqavilə bağlanmışdır. İşə əlavə edilmiş xx.xx.2022-ci il tarixli zaminlik müqavilələrindən görünür ki, İddiaçı BOKT ASC ilə Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqavilələri bağlanmış, Cavabdeh2 və Cavabdeh3 kredit alan Cavabdeh1 öhdəliyini icra etmədikdə (kredit və onun faizini, cəriməni və digər zərəri şərtləşdirilmiş müddət və qaydada ödəmədikdə) həmin öhdəliyin tam icra olunmasını üzərlərinə götürmüşlər. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı BOKT ASC-nə 4209 manat 30 qəpik əsas, 869 manat 99 qəpik faiz, 942 manat dəbbə pulu olmaqla, ümumilikdə cəmi 6021 manat 29 qəpik borcu vardır. İşə əlavə edilmiş qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar dövlət rüsumu üçün 80 manat 22 qəpik məbləğində pul iddiaçı tərəfindən ödənilmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür,digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhtəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərini və borclunun öhtəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarına görə kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında 11 yanvar 2022-ci il tarixli, 2022/00001EG-3100 №-li etibarlı kredit müqaviləsi bağlanmasına baxmayaraq borcalan cavabdeh krediti vaxtında qaytarmaq öhdəliyi yerinə yetirməmiş, borcverən İddiaçı BOKT ASC-i Cavabdeh1 əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsini müəyyən etdiyindən borcun dərhal qaytarılmasını tələb etməkdə haqlıdır. 11 yanvar 2022-ci il tarixdə İddiaçı BOKT ASC ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqaviləsi bağlanmış, Cavabdeh2 və Cavabdeh3 kredit alan Cavabdeh1 öhdəliyini icra etmədikdə (kredit və onun faizini, cəriməni və digər zərəri şərtləşdirilmiş müddət və qaydada ödəmədikdə) həmin öhdəliyin tam icra olunmasını üzərilərinə götürmüşlər. Cavabdeh1 kredit təşkilatı qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, borclu olduğu kredit borcunu müqavilə üzrə tərtib edilmiş ödəniş cədvəlində nəzərdə tutulduğu qaydada iddiaçıya qaytarmamışdır. Buna görə də iddiaçı kredit borcunu əsas borclu Cavabdeh1 ilə yanaşı digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 da tələb etmək hüququna malikdir. Məhkəmə hesab edir ki, iddianın əsas və faiz borcu tələbinə dair hissəsi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə işin faktiki hallarını nəzərə alıb belə bir nəticəyə gəlir ki, məhkəmə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bildiyindən, öhdəliyin vaxtında icra edilməməsinə görə 942 manat məbləğində cərimə tənasübsüz surətdə yüksək dəbbə pulu hesab olunmalı, buna görə də tələb olunan cərimə 420 manat məbləğinədək azaldılmalı, iddia bu hissədə qismən təmin olunmalıdır. Məhkəmə tərəflər arasında bağlanılmış 11 yanvar 2022-ci il tarixli, 2022/00001EG- 3100 saylı kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün 30 ay müddətinin olmasını nəzərə alıb,hesab edir ki, kredit müqaviləsi ilə nəzərdə tutulmuş 30 ay 11 iyul 2024-cü ildə bitir.Buna baxmayaraq İddiaçı BOKT ASC kredit müqaviləsinin bitdiyi xx.xx.2024-cü il tarixdən sonrakı dövr üçün Mərkəzi Bankın uçot dərəcəsi əsasında hesablanan 20 manat 03 qəpik faiz borcunu tələb etmişdir. Halbuki kredit müqaviləsinin bitdiyi 11 iyul 2024-cü il tarixdən sonrakı dövrdə öhdəliyin icra edilib-edilməməsini,habelə Mərkəzi Bankın uçot dərəcəsinin həmin dövrdə nə qədər olmasını indidən müəyyən etmək mümkün deyildir. Bu baxımdan məhkəmə hesab edir ki,tərəflər arasında bağlanmış 11 yanvar 2022-ci il tarixli, 2022/00001EG-3100 saylı kredit müqaviləsi ilə nəzərdə tutulmuş müddətdən sonrakı dövr üçün puldan istifadəyə görə Mərkəzi Bankın uşot dərəcəsi əsasında hesablanan 20 manat 03 qəpik məbləğində pulun tələb edilməsi hissədə iddia təmin olunmamalıdır. Məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında etibarlı kredit müqaviləsinin bağlanmasına baxmayaraq, cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən, Cavabdeh1 11 yanvar 2022-ci il tarixli, 2022/00001EG-3100 saylı kredit müqaviləsi üzrə aldığı krediti İddiaçı BOKT ASC -nə qaytarmalıdır. Digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 11 yanvar 2022-ci il tarixli zaminlik müqavilələrinə görə borclu Cavabdeh1 ilə eyni həcmdə İddiaçı BOKT ASC qarşısında məsuliyyət daşıdığından, 11 yanvar 2022-ci il tarixli, 2022/00001EG-3100 saylı kredit müqaviləsi üzrə borcun qaytarılması cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 hesabına təmin edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia qismən təmin edildiyindən məhkəmə xərcləri cavabdehlərə aid edilməli, dövlət rüsumu üçün ödənilmiş 80 manat 22 qəpik məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq İddiaçı BOKT ASC-nə verilməlidir. Beləliklə məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 4209 manat 30 qəpik əsas, 869 manat 99 qəpik faiz, 420 manat dəbbə pulu olmaqla, cəmi 5499 manat 29 qəpik məbləğində pul alınıb İddiaçı BOKT ASC-nə verilməli, qalan hissədə iddia təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Gecikdirilməyə görə hesablanmış 942 manat məbləğində dəbbə pulu 420 manat məbləğinədək azaldılsın. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 4209 manat 30 qəpik əsas, 869 manat 99 qəpik faiz, 420 manat dəbbə pulu olmaqla, cəmi 5499 manat 29 qəpik məbləğində pul alınıb İddiaçı BOKT ASC -nə verilsin. Dövlət rüsumu üçün ödənilmiş 80 manat 22 qəpik məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq İddiaçı BOKT ASC -nə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar