Məhkəmə qərarları › İş №e-2(046)-1678/2022

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-1678/2022

01.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-1678/2022 01.09.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlu iddiaçı "xxxx" QBKT MMM-nin Cavabdeh qarşı borc tələbinə dair ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: "xxxx" QBKT MMM iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1979 manat əsas, 289.97 manat faiz borcu və 143.87 manat cərimə borcu olmaqla, cəmi 2412.84 manat kredit borcunun və 44.15 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı "xxxx" QBKT MMM tələbi belə əsaslandırmışdır ki, iddiaçı "FİNCA Azerbaijan” MMM QBKT ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün illik 28% faiz dərəcəsi olmaqla 18 ay müddətinə 1979 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 207 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği Kredit Alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində "Fincard" adı qeyd edilmiş, kredit kartında təqdim edilir. Kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən, Kredit Alan əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2022-ci il tarixinə olan Maliyyə arayışına əsasən Cavabdeh əsas borc üzrə 1979 manat, faiz borcuna görə 289.97 manat, cərimə borcuna görə 143.87 manat, cəmi 2412.84 manat təşkil edir. Bundan başqa bank ərizə ilə məhkəməyə müraciət edərkən 44.15 manat dövlət rüsumu ödəmişdir. Buna görə də məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının tələbinə dair əsaslandırılmış etirazın, ona dair dəlillərin və onları təsdiq edən sənədlərin təqdim olunması barədə cavabdehə bildiriş göndərilsə də, o, bununla bağlı məhkəməyə sübutlar təqdim etməmişdir. İş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş xx.xx.2021-cu il tarixli kredit müqaviləsindən görünür ki, "xxxx" QBKT MMM ilə Cavabdeh arasında 18 ay müddətinə illik 28 faiz olmaqla, 1979 manat kredit verilməsi barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh banka cəmi 2412.84 manat kredit borcu vardır. Cavabdeh bank qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, borclu olduğu pulu müqavilə üzrə tərtib edilmiş ödəniş cədvəlində nəzərdə tutulduğu qaydada iddiaçıya qaytarmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı kredit borcunu cavabdehdən tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" QBKT MMM-nin cavabdehdən müqavilə üzrə 143.87 manat məbləğində cərimə tələbi tənasübsüz surətdə yüksəkdir. Buna görə də məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq dəbbə pulunun tənasübsüz surətdə yüksək hesab edir və həmin dəbbə pulunun 3.87 manat məbləğində müəyyən edilməsini qanuna uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 44.15 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 44.15 manat dövlət rüsumunun, iddia təmin edilən həddə hesablanmaqla 42.72 manatın cavabdehdən alınaraq iddiaçı "xxxx" QBKT MMM-yə ödənilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh oğlundan 1979 manat əsas, 289.97 manat faiz borcu və 3.87 manat cərimə borcu olmaqla, cəmi 2272.84 manat kredit borcunun və 42.72 manat dövlət rüsumu tutularaq "xxxx" QBKT MMM-nə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 1979 manat əsas, 289.97 manat faiz borcu və 3.87 manat cərimə borcu olmaqla, cəmi 2272.84 manat kredit borcunun və 42.72 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" QBKT MMM-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar